Rauf Arifoğlu - 60

about1

Bu gün Azərbaycan Mətbuat Şurasında Şuranın İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun 60 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, R.Arifoğlu Azərbaycan cəmiyyətinin nəzərində ömrünü jurnalistikaya, ictimai-siyasi fəaliyyətə həsr etmiş həmkar, qayğıkeş rəhbər və bacarıqlı media idarəçisidir. R.Arifoğlu, eyni zamanda, jurnalistika naminə hər cür fədakarlığa qatlaşmağın, azad sözün imkanlarını cəmiyyətin inkişafı naminə səfərbər etməyin nümunəsidir.

Fikirlərini davam etdirən R.Məcid, eyni zamanda, deyib ki, R.Arifoğlunun ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində vüsət almış milli azadlıq hərəkatı və müstəqillik yolunda oynadığı rolu xarakterizə edən cəhətlərdən biri də mücadiləyə informasiya dəstəyini qazandırması olub. Bu mənada “Yeni Müsavat” yubilyarın şah əsəri, Azərbaycanın ictimai həyatına verdiyi töhfədir.

“Yeni Müsavat” müasir Azərbaycanda azad sözün ilk qaranquşlarından olmaqla yanaşı, ümumən, ölkənin o dövrkü həyatının fikir katalizatoruna çevrilməyi bacardı. Belə bir yüksək status nəşrin inkişaf yolunu, taleyini müəyyənləşdirdi. O yol ki, R.Arifoğlunun 60 illik yubileyinin mükafatıdır. O yol ki, hazırda “Yeni Müsavat”ı ölkənin ən populyar media orqanına çevirib və bu media orqanı müasir dövrün tələb və çağırışlarına adekvat fəaliyyət göstərməklə, təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da populyardır.

R.Məcid onu da bildirib ki, R.Arifoğlunun fəaliyyət missiyası Azərbaycanın maraq və mənafelərinin media müstəvisində qorunmasına yönəlib. 37 il əvvəl də belə olub, yenə də belədir. Buna görə də onun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, əməkdar jurnalist fəxri adına layiq görülüb. Dünən Prezident İlham Əliyevin Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltifi isə R.Arifoğlunun keçdiyi yola yüksək dəyərin növbəti təcəssümü, 60 illik yubileyinə ali dərəcəli hədiyyədir. Bu münasibətlə MŞ İdarə Heyəti üzvlərinin təbriklərini çatdıran R.Məcid yubilyara Mətbuat Şurasının diplomunu təqdim edib. O, həmçinin, İH üzvlərinin dövlət başçısına təşəkkür etdiklərini də diqqətə çatdırıb.

Toplantıda çıxış edənlərdən Milli Məclisin deputatları – Tənzilə Rüstəmxanlı, Arzu Nağıyev, Elçin Mirzəbəyli (MŞ İdarə Heyətinin üzvü) və Elman Nəsirov, həmçinin, MŞ sədrinin müavini Vüqar Zifəroğlu, MŞ İdarə Heyətinin üzvləri - “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli, eləcə də MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Elşən Ağayev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Quliyeva, “Cumhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov, Ağ Partiyasının sədri Tural Abbaslı, jurnalistlər Aygün Muradxanlı və Tural Səfərov, “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri Xanoğlan Əhmədov, “Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı və başqaları R.Arifoğlunu dar günün dostu, gözəl ailə başçısı kimi səciyyələndirib, onun çağdaş mətbuatımızın yaranmasında böyük xidmətləri ilə seçildiyini, mürəkkəb sınaqlardan çıxmağı bacardığını, mübarizə ənənələrinə və sağlam rəqabət prinsiplərinə sadiq qaldığını, daim jurnalistikanın nüfuzunu qoruduğunu, peşə təmsilçilərinin təşkilatlanmasına müstəsna əmək sərf etdiyini, gənclərə dəstək göstərdiyini deyiblər.

Çıxış edənlər, habelə, 35 ildən artıqdır fəaliyyət göstərən “Yeni Müsavat” qəzetinin azad sözün bənzərsiz tribunasına çevrildiyini, əqidə və düşüncə adamlarını vahid mərkəzdə birləşdirdiyini, jurnalistika məktəbinə çevrildiyini bildirib, bütün bunların yubilyarın ziyalı keyfiyyətlərindən qaynaqlandığını, yorulmaz fəaliyyətinin nəticəsi olduğunu vurğulayıblar. Onlar R.Arifoğlunun Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltifini Azərbaycan dövlətinin həm də mediaya həssas münasibətinin nəticəsi olaraq qiymətləndirib, ən xoş arzu və diləklərini ifadə edib, təbriklərini çatdırıblar.

Sonda çıxış edən R.Arifoğlu şəxsinə qədirbilənliklə ünvanlanmış xoş sözlərin yaradıcılığına böyük stimul verdiyini deyib, əməyinə, keçdiyi ömür yoluna verilən yüksək dəyərə görə ölkə rəhbərliyinə və toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, toplantıda Milli Məclisin əməkdaşı Əkbər Qoşalı qurumun Mədəniyyət Komitəsinin sədri Fazil Mustafanın yubilyara ünvanladığı təbrik məktubunu səsləndirib. 

23.07.2026