Üzvlük qaydaları
1. Ümumi müddəalar
1.1. Azərbaycan Mətbuat Şurasına (bundan sonra Şura) üzvlük qaydaları (bundan sonra qaydalar) Şuranın Nizamnaməsinə (bundan sonra Nizamnamə) uyğun olaraq hazırlanmışdır.
1.2. Qaydalar Şuranın sıralarında təmsil olunmaq istəyən media qurumlarının fəaliyyət formalarını müəyyənləşdirir.
1.3. Şuraya üzvlük Şuranın İdarə Heyətinin iclasının qərarı ilə təsdiqlənir.
2. Şuranın üzvləri
2.1. Şuraya üzv ola bilərlər:
2.1.2. Qəzetlər;
2.1.3. Jurnallar;
2.1.4. İnformasiya agentlikləri;
2.1.5. Onlayn media resursları;
2.1.6. Jurnalist təşkilatları, yayım firmaları və nəşriyyatlar
3. Şuraya üzvlük üçün şərtlər
3.1. Azərbaycan Respublikasında hüquqi şəxs kimi müvafiq qeydiyyatdan keçmək;
3.2. Azərbaycan Respublikasında vergi ödəyicisi kimi müvafiq qeydiyyatdan keçmək;
3.3. Azı 2 il fəaliyyət göstərmək;
3.4. Əməkdaşlarının sayı 3 nəfərdən az olmamaq;
3.5. Müraciət edən media qurumu barədə son 1 il müddətində Şuraya haqlı şikayət məktubunun ünvanlanmaması.
4. Şuraya üzvlük üçün məhdudiyyətlər
4.1. Peşə prinsiplərinin pozulmasına dair barələrində Şuranın qərarı olan media qurumları həmin qərarın qəbul edildiyi gündən sonrakı 1 ildən tez üzvlüyə qəbul olunmurlar;
4.2. Adları Şuranın peşə prinsiplərinə etinasız yanaşan, onları mütəmadi pozan kütləvi informasiya vasitələri üçün müəyyənləşdirilmiş «qara siyahı»sında yer alan media qurumları üzvlüyə qəbul olunmurlar;
4.3. Adları Şuranın peşə prinsiplərinə etinasız yanaşan, onları mütəmadi pozan kütləvi informasiya vasitələri üçün müəyyənləşdirilmiş «qara siyahı»sında olmuş media qurumlarının üzvlük
məsələsinə həmin siyahıdan çıxdıqdan 3 il sonra baxılır;
4.4. Fəaliyyəti davamlı şəkildə pozulan, qeyri-müntəzəm fəaliyyət göstərən media qurumları üzvlüyə qəbul edilmirlər;
4.5. Fərdi şəxslər Şuraya üzv qəbul edilmir;
4.6. Tirajları 1000-dən az olan qəzetlərin, habelə tirajları 500-dən az olan jurnalların Şuraya qəbulu məsələsinə baxılmır;
4.7. Materiallarının beynəlxalq sayğac sistemlərinə əsasən1 günlük izlənmə sayı (unikal İP) 1000-dən az olan informasiya agentlikləri və onlayn informasiya portalları üzvlüyə qəbul olunmurlar;
4.8. Yalnız reklam xarakterli materiallar yayan qəzetlər, jurnallar və onlayn vasitələr Şuraya üzv ola bilməzlər;
4.9. İllik fəaliyyət proqramı və hesabatlılığı olmayan, peşə prinsiplərinə etinasız yanaşan jurnalist təşkilatları, yayım firmaları və nəşriyyatlar Şuraya üzv ola bilməzlər.
5. Şuraya üzvlük üçün tələblər
5.1. Şuraya üzv olmaq istəyən media qurumu:
5.1.2. daxili iclas keçirərək Şuraya üzvlük məsələsini müzakirə etməli;
5.1.3. rəsmi blankında Şuranın sədrinin adına üzvlüklə bağlı müraciət hazırlanmalıdır.
5.2. Müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır:
5.2.1. Namizədin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət reyestrindən keçməsinə dair şəhadətnamənin surəti;
5.2.2. Namizədin Azərbaycan Respublikasında vergi ödəyəcisinin eyniləşdirmə nömrəsinin-VÖEN-in surəti;
5.2.3. Namizədin bank rekvizitləri;
5.2.4. Namizədin işçilərilə imzaladığı əmək müqavilələrinin surətləri;
5.2.4. Namizədin iclasının protokolundan Şuraya üzvlüklə bağlı çıxarış (möhürlə təsdiqlənməli);
5.2.5. Namizədin fəaliyyətini əks etdirən materiallar (qəzet və jurnallar - nüsxələr, informasiya agentlikləri və onlayn media resursları - linklər).
5.2.6. Namizəd onlayn informasiya resursudursa, beynəlxalq sayğac sistemlərindəki 6 aylıq reytinq göstəriciləri.
5.2.7. Namizəd qəzet və jurnaldırsa, 1 illik real satış göstəricilərinə dair rəsmi sənəd.
5.2.8. Namizəd jurnalist təşkilatı, yayım firması və nəşriyyatdırsa, illik fəaliyyət proqramını və hesabatlılıq sənədlərini.
6. Şuraya üzvlüyün rəsmiləşməsi
6.1. Şuraya üzvlük Şuranın İdarə Heyətinin iclasında çıxarılmış qərarla rəsmilədirilir.
6.2. Şuranın Katibliyi İdarə Heyətinin iclası barədə üzv olmaq üçün zəruri tələb və şərtlərə uyğun gələn media qurumunu məlumatlandırır.
6.3. Namizəd iclasda təmsilçi kimi iştirak edəcək nümayəndəsini müəyyənləşdirir.
6.3.1. Namizədin rəhbərliyində təmsil olunan şəxs təşkilatı nümayəndə kimi təmsil edə bilər.
6.3.2. Nümayəndə təşkilata bağlılığını təsdiqləyən rəsmi sənədi Şuranın Katibliyinə təqdim etməlidir;
6.3.3. Nümayəndə Şuranın İdarə Heyətinin üzvlərinin müvafiq suallarını cavablandırmalıdır;
6.4. Şuranın İdarə Heyətinin qərarından asılı olaraq Namizəd üzvlüyə qəbul oluna və ya müraciəti rədd edilə bilər.
7. Yekun müddəalar
7.1. Yeni qəbul olunan üzvə Şuranın müvafiq sertifikatı təqdim edilir.
7.2. Şura üzvü Şuranın Nizamnamə tələbindən irəli gələn illik üzvlük haqqını qabaqcadan ödəməlidir.
7.3. Şura üzvü «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na riayət edəcəyinə dair yazılı öhdəlik götürməlidirlər.
7.4. Şuraya üzvlük tələblərinin yerinə yetirilməməsi (üzvlük haqqını nəzərdə tutulduğu vaxtda ödəməmək, peşə prinsiplərinə etinasız yanaşmaq) Şura sıralarından xaric olunma üçün əsas sayıla bilər.
7.5. Şura üzvlüyündən xaric olunan media qurumunun təkrar üzvlüyünə yol verilmir.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin
20 fevral 2015-ci il tarixli iclasının qərarı ilə təsdiqlənib