Sosial Komissiyanın Əsasnaməsi
1. MƏQSƏD VƏ VƏZİFƏLƏR
1.1. Azərbaycan Mətbuat Şurası tərkibində fəaliyyət göstərən Sosial Komissiya (Bundan sonra Komissiya) Azərbaycanda KİV işçilərinin sosial müdafiəsini peşəkarcasına həyata keçirmək, jurnalistlərin sosial qayğılarının öyrənilərək aradan qaldırılmasına yardım etmək, bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbirlər barədə təkliflər hazırlayıb Mətbuat Şurası (Bundan sonra MŞ) rəhbərliyinə, o cümlədən, müvafiq dövlət və KİV qurumlarına təqdim etmək, onların icra edilməsinə çalışmaq, bu yolla ölkədə söz azadlığının inkişafına təkan vermək məqsədilə yaradılır.
1.2. Komissiya Azərbaycanda sosial sahədə cərəyan edən prosesləri, baş verən hadisələri izləyir və dəyərləndirir, jurnalistlər arasında sorğular, müsahibələr təşkil etməklə onların ümdə problemlərini araşdırır, jurnalistlərin sosial problemlərlə bağlı müraciətlərini qəbul edir, dəyirmi masalar, digər yönlü tədbirlər keçirərək sosial qayğıları ictimailəşdirir və onların aradan qaldırılmasına çalışır. Həmçinin, mövcud problemlərin həlli üçün Mətbuat Şurasının nüfuz və imkanlarından istifadə edir.
1.3. Mətbuat Şurasının sosial sahədə proqramlarını icra edir.
2. KOMİSSİYANIN TƏRKİBİ, İDARƏ EDİLMƏSİ VƏ FƏALİYYƏT İSTİQAMƏTİLƏRİ
2.1. Komissiyanın tərkibi Mətbuat Şurası İdarə Heyətinin seçdiyi şəxs-Sədr (Bundan sonra Komissiyanın Sədri ) tərəfindən formalaşdırılır və MŞ Sədrinin təsdiq etməsindən sonra səlahiyyətli sayılır.
2.2. Komissiyanın Sədri:
- Mətbuat Şurasının Sədrinin təqdimatı ilə MŞ İdarə Heyəti tərəfindən seçilir və ya vəzifəsindən geri çağırılır;
- Komissiyanın işinə ümumi rəhbərliyi həyata keçirir;
- Komissiyanın Əsasnaməsindən irəli gələn gündəlik işin icra edilməsini təmin edir;
- MŞ Sədrinin razılığı ilə Komissiya adından bəyanatlar, açıqlamalar yayır, görüşlər keçirir, müxtəlif tədbirlərdə Komissiyanı təmsil edir;
- Komissiyanın iclaslarının gününü təyin edir, gündəliyini müəyyənləşdirir və iclası təşkil edir.
2.3. Komissiyada üzvlük könüllüdür. Komissiyanın məqsəd və fəaliyyət istiqamətlərini qəbul edən, Komissiya Sədri tərəfindən təklif alan şəxs Komissiya üzvü olur. Üzvlər, KİV işçilərinin sosial qayğılarının yönünə və dərəcəsinə uyğun olaraq müəyyən edilib Komissiyaya cəlb olunurlar. Komissiyanın tərkibi ilkin olaraq 7 nəfərdən (sədr, 4 nəfər müxtəlif KİV-də çalışan jurnalist, 2 nəfər mütəxəssis) ibarət müəyyən olunur. Zərurət yarananda, Komissiya Sədrinin təklifi, MŞ sədrinin təsdiqi ilə Komissiya üzvlərinin sayı artırıla bilər.
2.4. Komissiya üzvü üzürsüz səbəbdən 2 dəfə iclaslara qatılmazsa, o, üzvlükdən azad edilmiş sayılır.
2.5. Komissiyanın İclasları:
- ayda iki dəfədən gec olmayaraq keçirilir və cari fəaliyyəti müəyyən edir. İclaslarda Komissiyanın gündəlik işi, verdiyi açıqlamalar, təklif və təşəbbüslər müzakirə edilir, qiymətləndirmə aparılır;
- Gələcək fəaliyyət proqramları müzakirə olunaraq qəbul edilir;
- Komissiyanın məqsəd və vəzifələrindən irəli gələn digər məsələlər həll edilir.
2.6. Komissiyanın qərarları, təkliv və rəyləri, bəyanatları üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir və MŞ sədrinin təsdiqindən sonra rəsmi sayılır.
3. KOMİSSİYANIN BÜDCƏSİ
3.1. Komissiyanın büdcəsi MŞ İdarə Heyətinin təsdiqi ilə müəyyən olunan mənbədən formalaşır.
3.2. Komissiya xərclədiyi maliyyə vəsaiti barədə MŞ Sədrinə hesabat verilir.
4. DİGƏR ŞƏRTLƏR
4.1. Bu Əsasnamə, o cümlədən, Əsasnaməyə dəyişikliklər və düzəlişlər MŞ İdarə Heyəti üzvlərinin yekdil qərarı ilə qəbul edilir.