Ali Media Mükafatının Əsasnaməsi

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Ali Media Mükafatının (bundan sonra Mükafat) Əsasnaməsi (bundan sonra Əsasnamə):

1.2. Ali Media Mükafatının müəyyənləşdirilməsi üzrə Mükafat Komissiyanın (bundan Komissiya) fəaliyyətini tənzimləyir;

1.3. mükafatın laureatlarını (bundan sonra Laureat), onların adlarının cəmiyyətə çatdırılması prinsiplərini müəyyənləşdirir.


2. MÜKAFATIN MƏQSƏDİ VƏ PREDMETİ

2.1. Mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsini təmin etməklə onların əməyinin medianın və bütövlükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan istiqamətlərini ictimaiyyətə çatdırmaqdan, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.

2.2. Mükafatın predmeti ölkədə jurnalistikanın inkişafı sahəsində yüksək xidmətləri olan şəxslərdir.


3. MÜKAFAT KOMİSSİYASI

3.1. Komissiya Azərbaycan Mətbuat Şurası (bundan sonra Şura) tərəfindən formalaşdırılır və onun tərkibində fəaliyyət göstərir.

3.2. Komissiyanın tərkibi:

3.2.1. Şuranın İdarə Heyətinin 15 üzvü;

3.2.2. komissiyanın tərkibi Şuranın İdarə Heyətinin 4 ehtiyat üzvünün iştirakı ilə dəyişdirilə və yenidən formalaşdırıla bilər;

3.2.3. komissyiyanın tərkibinin dəyişdirilməsi və yenidən formalaşdırılması məsələləri Şuranın İdarə Heyətinin qərarı ilə tənzimlənir;

3.2.4. komissiya üzvləri bərabər hüquqlara malikdir.

3.3. Komissiya:

3.3.1. mükafatın məqsəd və məramlarını cəmiyyətə açıqlayır;

3.3.2. laureatların adlarını müəyyənləşdirir;

3.3.3. laureatlar barədə Şuranın İdarə Heyətinə müvafiq təqdimat verir;

3.4. Komissiya üzvlərinə aid tələblər:

3.4.1. yalnız öz şəxsi rəylərinə əsaslanmaq, qərarlarına hər hansı kənar müdaxilənin olmasına yol verməmək;.

3.4.2. komissiya iclaslarında müzakirə edilən məsələlərlə bağlı heç bir açıqlama verməmək, ictimai müzakirələr aparmamaq, iclasların daxili qaydalarına əməl etmək. Tələblərə sayğısızlıq komissiya üzvünün üzvlükdən çıxarılması ilə nəticələnir. Bu, komissiya sədrinin Şuranın İdarə Heyətinə müvafiq təqdimatı əsasında baş tuta bilər.

3.5. Laureatların adları Şuranın İdarə Heyətinin müvafiq qərarı ilə təsdiqləndikdən sonra açıqlana bilər.


4. LAUREATLARIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

4.1. Laureat:

4.1.2. Ölkədə jurnalistikanın inkişafı sahəsində çoxillik, səmərəli fəaliyyət göstərməlidir.

4.2. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dəqiq, qərəzsiz və tərəfsiz çatdıran, fəaliyyətində peşə prinsiplərinə riayyət etməsi ilə fərqlənən jurnalistlər də laureat ola bilərlər.

4.3. Mükafatın dərəcələri:

4.3.1. I dərəcəli 

4.3.1.2. II dərəcəli

4.3.1.3. III dərəcəli

4.3.2. Birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 3, üçüncü dərəcə üzrə 5 laureat müəyyənləşdirilə bilər.

4.4. Laureatlar Şuranın Katibliyinin təqdim etdiyi şəxslərin içərisindən Komissiya üzvlərinin səsverməsi əsasında müəyyənləşdirilir.

4.5. Namizədlərin səsləri bərabər olduqda yekun rəy komissiya sədri tərəfindən verilir.

4.6. Mükafatlar hər il 22 iyul Milli Mətbuat Günü ərəfəsində təqdim edilir.

4.7. Mükafat eyni nominasiya üzrə hər şəxsə yalnız bir dəfə verilə bilər.


5. MÜKAFAT FONDU

5.1. Mükafat fondunun məbləği Şuranın İdarə Heyəti tərəfindən müəyyənləşdirilir.

5.2. Laureatlar Şuranın diplomu və İdarə Heyətinin nominasiyalar üçün müəyyənləşdirdiyi pul mükafatları ilə təltif olunurlar.