Kütləvi aksiyalar zamanı jurnalistlərin davranış qaydaları


(Azərbaycan Mətbuat Şurasının tövsiyələri)

Ölkə qanunvericiliyində jurnalistin mitinq və nümayişlərdə, digər ictimai-siyasi, sosial-mədəni əhəmiyyətli hadisələrin baş verdiyi ünvanlarda olmaq və informasiya toplamaq hüququ təsbit edilib. Buna baxmayaraq bir sıra hallarda KİV əməkdaşı «qaynar nöqtə»lərə aid edilən həmin aksiyalarda anlaşılmazlıqla, maneələrlə üzləşir. Müşahidə və təhlillər göstərir ki, media təmsilçisinin ümumən insidentlərdən qorunmaları üçün bilgi və təcrübələri yetərincə olmur. Mətbuat Şurasının «Kütləvi aksiyalar zamanı jurnalistlərin davranış qaydaları» adlı tövsiyyələri ilə tanışlıq bu baxımdan KİV təmsilçilərinə fayda verə bilər.

1. Aksiyalarda xidməti vəzifələrini yerinə yetirən KİV əməkdaşı üzərində “PRESS” yazılmış xüsusi geyimlərdə olmalıdır. Bu, onu mitinq iştirakçılarından fərqləndirər, təhlükəsizliyinə zəmanət verər. KİV rəhbəri əməkdaşını icazəli (icazəsiz) aksiyadan material hazırlamağa göndərərkən, onun  “PRESS” gödəkçədə olmasına mütləq diqqət yetirməlidir. Yalnız jurnalist vəsiqəsi ilə ekstremal mahiyyət daşıyan hadisə yerində olmaq tam təhlükəsizliyə zəmanət vermir;

2. KİV əməkdaşının aksiya zamanı münasib yerlərdə peşə vəzifəsini yerinə yetirməsi daha təhlükəsizdir. Hüquq-mühafizə orqanları əməkdaşları ilə aksiya iştirakçıları arasında hadisələrin gərginləşdiyi məqamda jurnalist elə mövqe tutmalıdır ki, o, canlı qoruyucu zolağına çevrilməsin. Dünya təcrübəsi də göstərir ki, jurnalist adətən belə hallarda daha çox xoşagəlməz durumla üzləşir;

3. Jurnalist yadda saxlamalıdır ki, aksiyanın iştirakçısı yox, müşahidəçisidir. Yalnız tərəfsizlik KİV əməkdaşına peşə borcunu yerinə yetirməyə, təhlükəsizliyini qorumağa və iş yerinə rahat qayıtmağa imkan yaradar;

4. Jurnalist peşə borcunu yerinə yetirərkən bayraq və transporant götürməməli, şüar və çağırışlar səsləndirməməlidir;

5. Jurnalist aksiyada informasiya toplayarkən, polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisəyə girməməlidir, çünki onlar da peşə borclarını yerinə yetirirlər;

7. Jurnalist aksiyalar zamanı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılmışsa, o kimliyi, hansı KİV-in tapşırığını yerinə yetirdiyi barədə məlumat verməlidir. Əsəbi davranış yolverilməzdir;

8. Jurnalist peşə borcunu yerinə yetirməyə maneçilik baş verdiyi halda, təcili surətdə bu barədə MŞ-nin Monitorinq qrupuna məlumat verməlidir;

9. Jurnalist aksiya zamanı müvafiq KİV-in verdiyi vəsiqəni və şəxsiyyət vəsiqəsini özü ilə götürməlidir;

10. Jurnalist rastlaşdığı ekstremal hallarda həmişə peşə davranışı qaydalarına əməl etməlidir.

 

Qaydalar Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin
10dekabr 2004-cü il tarixli iclasında qəbul edilib.