KİV nümayəndələrinə sarı kartların verilməsi və geri alınması

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq mətbuat sahəsində fəaliyyət göstərən yerli və xarici jurnalistlərə Azərbaycan Mətbuat Şurası (bundan sonra «Şura») tərəfindən Sarı Kartın verilməsi və onun geri alınması sahəsində münasibətləri tənzimləyir.

1.2. Bu Qaydalar Şuranın Nizamnaməsinə  istinadən hazırlanmışdır.


2. Sarı Kartın növləri

2.1. Jurnalistlərin mətbuat orqanında hansı statusla çalışmasından asılı olaraq onlara Daimi və ya Müvəqqəti Sarı Kartlar verilir.

2.2. Daimi və ya Müvəqqəti Sarı Kartların forması və ölçüləri Şuranın qərarı ilə müəyyən edilir.

2.3. Daimi Sarı Kart mətbuat orqanında fərdi əmək müqaviləsi əsasında çalışan və fəaliyyəti üçün mətbuat orqanı tərəfindən Dövlət Sosial Müdafiə Fonduna sosial ödənişlər edilən jurnalistlərə verilir.

2.4. Daimi Sarı Kart 2 (iki) il müddətinə verilir.

2.5. Müvəqqəti Sarı Kart mətbuat orqanında fərdi əmək müqaviləsi əsasında çalışmayan və fəaliyyəti üçün mətbuat orqanı tərəfindən Dövlət Sosial Müdafiə Fonduna sosial ödənişlər edilməyən jurnalistlərə verilir.

2.6. Müvəqqəti Sarı Kart 6 (altı) ay müddətinə verilir.

2.7.Hər bir mətbuat orqanı üçün verilən Müvəqqəti Sarı Kartın sayı həmin mətbuat orqanına verilən Daimi Sarı Kartın sayından 2 dəfədən çox ola bilməz.

2.8. Hər bir Daimi və ya Müvəqqəti Sarı Kart üçün Şuranın hesabına ______ manat məbləğində vəsait köçürülür.

2.9. Jurnalistlərə Daimi və ya Müvəqqəti Sarı Kartlar çalışdıqları mətbuat orqanının təqdimatı əsasında verilir.

2.10. Sarı Kartların alınması üçün Şuraya müraciət edən mətbuat orqanının rəhbəri təqdimatda aşağıdakı məlumatları əks etdirməlidir:

  • mətbuat orqanının adı;
  • Daimi və ya Müvəqqəti Sarı Kart alması zəruri hesab edilən jurnalistlərin adları və sayı.

2.11.Təqdimata əlavə edilməlidir:

2.11.1. hər bir jurnalist üçün:

  • şəxsiyyət vəsiqəsinin surəti;
  • 2 ədəd 4x6 fotoşəkil;
  • əmək fəaliyyətini əks etdirən tərcümeyi-hal;
  • təqdimatda göstərilən hər bir jurnalist üçün Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin edildiyi barədə arayış;
  • təqdimatda göstərilən hər bir jurnalist üçün ________ manat vəsaitin Şuranın hesabına ödənildiyi barədə sənəd.

2.12. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbi jurnalistlərə yalnız Müvəqqəti Sarı Kart verilir.

2.13. Əcnəbi jurnalistlərə Müvəqqəti Sarı Kartların verilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • mətbuat orqanı tərəfindən hər bir əcnəbi jurnalist üçün ayrıca tərtib edilmiş təqdimat;
  • jurnalistin şəxsiyyət vəsiqəsinin surəti;
  • 2 ədəd 4x6 fotoşəkil;
  • əcnəbi jurnalistin ölkədə qalacağı müddəti təsdiq edən sənədin surəti;
  • hər bir əcnəbi jurnalist üçün ________ manat vəsaitin Şuranın hesabına ödənildiyi barədə sənəd.

2.14. Sarı Kartların verilməsi üçün Şuranın hesabına köçürülən  pul vəsaitləri və Şuranın tətbiq edəcəyi cərimələr yalnız xüsusi məqsədlərə (Sarı Kartların hazırlanması, jurnalistlərin müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, ekspertlərin dəvət olunması və s.) sərf edilə bilər.

2.15. Belə tədbirlərin maliyyələşdirilməsi Şuranın üzvləri tərəfindən xüsusi Qərarla müəyyən edilir.


3. Sarı Kartların verilməsi proseduru

3.1. Daimi və Müvəqqəti Sarı Kartların verilməsi barədə təqdimatlar və onlara əlavə olunmuş sənədlər Şuraya təqdim edilir.

3.2. Təqdimat daxil olduqdan sonra 10 (on) gün ərzində Şuranın hüquq komissiyası təqdimatı araşdıraraq Sarı Kartların verilib-verilməməsi barədə rəy hazırlayır.

3.3. Şuranın təqdimat daxil olduqdan sonrakı iclasında təqdimat barəsində hüquq komissiyasının sədri məlumat verir.

3.4. Əsaslı dəlillərin olmadığı halda Şura Sarı Kartların verilməsindən imtina edə bilməz.

3.5. Aşağıdakı hallarda Sarı Kartların verilməsindən imtina edilə bilər:

3.5.1. Təqdimatda və ya sənədlərdə həqiqətə uyğun olmayani məlumatlar olduqda;

3.5.2. Təqdimatı vermiş mətbuat orqanı və ya barəsində təqdimat verilmiş jurnalist haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü olduqda;

3.5.3. Bu Qaydaların 2.10.1. bəndində göstərilən zəruri sənədlərdən hər hansı biri çatışmadıqda.

3.6. Sarı Kartlar Şuranın iclası bu barədə müvafiq qərar qəbul etdikdən sonra ən geci 10 (on) gün ərzində verilir.


4. Yekun müddəalar

4.1. Sarı Kartların verilməsi üçün mətbuat orqanının qəsdən yalnış məlumat verdiyi sonradan məlum olarsa Şura həmin mətbuat orqanının cərimə edilməsi barədə qərar çıxarmaq hüququna malikdir.

4.2. Cərimənin ən yüksək miqdarı mətbuat orqanının 1 aylıq əmək haqqı fondundan çox ola bilməz.

4.3. Cərimə edilmiş mətbuat orqanı cəriməni ödəməkdən imtina etdiyi hallarda Şura həmin mətbuat orqanına verilmiş Sarı Kartların geri alınması barədə qərar çıxarmaq hüququna malikdir.

4.4. Sarı Kartın itirildiyi hallarda mətbuat orqanı Sarı Kartın yenidən hazırlanması

üçün Şuranın hesabına _____ manat məbləğində vəsait ödəyir.

4.5. Sarı Kart jurnalist tərəfindən təkrarən itirildikdə Sarı Kartın yenidən

hazırlanması üçün bu Qaydaların 4.4. bəndində nəzərdə tutulan vəsaitdən 3 (üç) dəfə artıq məbləğində vəsaiti  Şuranın hesabına ödəyir.

4.6. Mətbuat orqanları işdən çıxan və ya işləmək üçün digər mətbuat orqanına keçən jurnalistlərin Sarı Kartlarını Şuraya qaytarmağa borcludurlar.