Ahıl Jurnalistlər Məclisi
Şanlı ənənələrə malik Azərbaycan jurnalistikasında keçmişimizi tarixi yaşantıya çevirən önəmli simalar hər zaman olub və onların vətən, xalq və millət qarşısındakı xidmətləri barədə söz açmaq, bu adamları yada salmaq qarşımızda duran mühüm vəzifələrdəndir. Azərbaycan Mətbuat Şurası fəaliyyət göstərdiyi müddətdə belə insanları cəmiyyətə təqdim etmək istiqamətində işlər görüb, onların yaradıcılığının örnək mahiyyət daşıyan istiqamətləri ilə əlaqədar «dəyirmi masa» və konfranslar, yubiley və anım mərasimləri təşkil edib. Kütləvi informasiya vasitələri rəhbərlərinin, ictimai-siyasi xadimlərin iştirakı ilə baş tutmuş həmin mərasimlər artıq xoş ənənə halını alıb. Bu işin sistemləşdirilməsi üçün Şuranın tərkibində Ahıl Jurnalistlər Məclisi də formalaşdırılıb.
2013-cü ildən fəaliyyət göstərən Məclis iş qabiliyyətini itirmiş, yaxud ağır xəstəliklərin əsirinə çevrilmiş veteran jurnalistlərə dayaq olmağı özünün başlıca vəzifəsinə çevirib. Məclis eyni zamanda dünyasını dəyişmiş görkəmli jurnalistlərimizin anım günlərini keçirməklə onların mətbuat sahəsindəki xidmətlərini və yaradıcılığını müasirlərimizə tanıtdırmaq kimi məsul missiya yerinə yetirməkdədir. Ümumən məclisin fəaliyyətini aşağıdakı kimi xarakterizə etmək mümkündür:
- Ahıl jurnalistlərin problemlərini müəyyənləşdirmək, onları yaşadıqları mənzillərdə ziyarət etmək;
- Ahıl jurnalistlərin gənc nəslin nümayəndələri ilə görüşlərini təşkil etmək;
- Ahıl jurnalistlərin müəllifləri olduqları kitabların təqdimatını reallaşdırmaq;
- Ahıl jurnalistlərin yubiley tədbirlərini gerçəkləşdirmək;
- Dünyasını dəyişmiş jurnalistlərlə bağlı anım mərasimlərini təşkil etmək.