I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası

 

I və II QARABAĞ MÜHARİBƏSİ ZAMANI ŞƏHİD OLMUŞ, 
FİZİKİ  XƏSARƏTİ ALMIŞ 
AZƏRBAYCAN JURNALİSTLƏRİ və KİV İŞÇİLƏRİ  

 

I və II Qarabağ müharibəsi zamanı döyüş bölgəsində fəliyyət gösərmiş, cəbhə xəttinə ezam edilmiş 11 nəfər azərbaycanlı KİV işçisi Şəhid olmuş, 8 nəfər ağır fiziki xəsarətlər almışdır.

Tədqiqat materialları Müşfiq Ələsgərlinin təşəbbüsü və müəllifliyi ilə hazırlanmışdır. Tədqiqat  Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Ermənistanın təcavüzkar siyasətindən  zərər çəkmiş Azərbaycan jurnalistləri  və KİV redaksiyaları” adlı layihə çərçivəsində  icra edilmişdir. Layihəyə  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə yardımı göstərib. Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin  (MİTDİB) sədri və qeyd edilən layihənin müəllifi  Müşfiq Ələsgərlidir.   

 

Şəhid olmuş jurnalistlər və KİV işçiləri 

Salatın Əziz qızı  Əsgərova (1961-1991):  Jurnalist, “Молодежь Азербайджана” qəzetinin müxbiri.  

I Qarabağ Müharibəsi dövründə qaynar nöqtələrdən reportajlar, rəsmi görüşlərdən müsahibələr hazırlamışdır. 1991-ci il yanvar ayının  9-da Laçın rayonundan Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, içində olduğu maşın atəşə tutulmuşdur. Nəticədə  jurnalist  Salatın Əsgərova qətlə yetirilmişdir. 

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakı şəhərində, Şəhidlər xiyabanında dəfn edilmişdir.  

 

Alı Mustafa oğlu  Mustafayev (1952-1991): Telejurnalist, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin əməkdaşı.  Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur (1989-1990). 1991-ci ildə uğurlu fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülmüşdür.

I Qarabağ Müharibəsi dövründə o zamankı  Dağlıq Qarabağın  qaynar nöqtələrdən reportajlar, eləcə də rəsmi görüşlərdən müsahibələr hazırlamışdır. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu ərazisində,  Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun erməni silahlıları tərəfindən vurulması nəticəsində Şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adna layiq görülüb. Bakı şəhərində, Şəhidlər xiyabanında dəfn edilmişdir.  

 

Osman Mirzəhüseyn oğlu Mirzəyev (1937-1991): Jurnalis,  "Molodyoj Azerbaydjana" qəzeti,  "Vışka" qəzeti , daha sonra Azərbaycan Televiziya və Radio Verilişləri Şirkəti ilə əməkdaşlıq etmişdir. İctimai-siyasi məzmunlu  “Dalğa” verilişinin yaradıcılarından biri olub. "Azərbaycan SSR-in Əməkdar jurnalisti" adına layiq görülüb. 1990-cı ilin sentyabr ayında  Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Apparatına təyinat alıb, Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibi  olub. 

I Qarabağ Müharibəsi dövründə,  20 noyabr  1991-ci ildə Xocavənd rayonu yaxınlığında, Qarakənd kəndində vertolyotun erməni silahlıları tərəfindən vurulması nəticəsində Şəhid olmuşdur. Fəxri Xiyabanda  dəfn edilmişdir

 

Fəxrəddin İbrahim oğlu Şahbazov (1950- 1991): Operator,  Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin əməkdaşı.  1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır. 1988-ci ildən etibarən ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ, eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla çıxarıldığını görən  Fəxrəddin Şahbazova bu hadisələri lentə köçürməyə qərar vermişdir. O, cəbhə bölgələrinə gedərək döyüş meydanlarından reportajlar hazırlamış, həm yerli kanallara, həm də xarici telekanallara çatdırmışdır.  

I Qarabağ Müharibəsi dövründə o zamankı  Dağlıq Qarabağ Muxtar Vilayətinin  qaynar nöqtələrdən reportajlar, eləcə də rəsmi görüşlərdən müsahibələr hazırlamışdır. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu ərazisində,  Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun erməni silahlıları tərəfindən vurulması nəticəsində Şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adna layiq görülüb. Bakı şəhərində, Şəhidlər xiyabanında dəfn edilmişdir.    

 

Arif İsmayıl oğlu Hüseynzadə  (1970- 1991):  Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin işıqçı vəzifəsində çalışmışdır. 

I Qarabağ Müharibəsi dövründə  qaynar nöqtələrdən müsahibə və  reportajlar hazırlayan televiziya heyətlərini müşaiyət etmişdir. 

1991-ci ilin 20 noyabrda Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun erməni silahlıları tərəfindən vurulması ilə Şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bakı şəhərində, Fəxri Xiyabanda dəfn edilmişdir.  

 

Çingiz Fuad oğlu  Mustafayev (1960-1992): Telejurnalist, "215 kl" Tv kanalın  qurucusu.  İxtisasca həkim olsa da, jurnalistikaya böyük həvəs göstərmişdir. Telejurnalist kimi ilk məşhur işlərindən biri 1990-cı il 20 Yanvar hadisələri zamanı Sovet ordusunun Bakıda törətdiyi qırğınları  lentə alması olub. Bundan sonra  öz  həyatını bütövlükdə peşəkar  jurnalistikaya bağlamışdır. 

Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında yayımlanan reportajları informasiya blokadasında olan Azərbaycan üçün mühüm əhəmiyyət daşımışdır. Onun hazırladığı reportajlar Amerika və Avropanın aparıcı agentliklərinə və televiziyalarına yol tapmışdır. Xocalı haqda çəkdiyi filmlə Ermənistanın imicini  bütün dünyada ciddi sarsıntıya məruz qoymuşdur. 

1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bakı şəhərində, Fəxri Xiyabanda dəfn edilmişdir.  

 

Kazımağa Möhsün oğlu Kərimov  (1951-1992): Jurnalist, “Azərbaycan məktəbi” jurnalında, “Azərbaycan müəllimi” qəzetində çalışmışdır. 

I Qarabağ Müharibəsi dövründə  çəbhə bölgəsinə yollanmış, hərbçi kimi  bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas,Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq edib. Komandanlıq etdiyi batalyon o dövrdə Şaumyankənd rayonu adlanan ərazilərin  azad olunmasında iştirak edib. 1992-ci ilin 12-13 iyun tarixlərində əməliyyatlar zamanı ağır yaralanıb. 15 iyun 1992-ci ildə vəfat edib. 

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bakı şəhərində, Fəxri Xiyabanda dəfn edilmişdir.  

 

Məhərrəm Əli oğlu İbrahimov (1982–2021). Jurnalist, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri. 20 il müddətində media sahəsində fəaliyyət göstərib,  hərbi jurnalist kimi ixtisaslaşıb,  cəbhəboyu zonalarda ezamiyyətlərdə olub. 

2016-cı ilin “Aprel döyüşləri”, 2020-ci ilin “Tovuz döyüşləri” zamanı qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayıb. 

II Qarabağ müharibəsi və onun nəticələrini əks etdirən çoxsaylı reportajların hazırlanmasında iştirak edib. 2021-ci il iyun ayının 4-də vəzifəsini icra edərkən, Kəlbəcər rayonuun Susuzluq kəndi yaxınlığında mina partlayışı nəticəsində Şəhid olmuş, Müşfiqabad qəsəbə qəbristanlığında dəfn edilmişdir. 

Azərbaycan Respublikası  Prezidenti İlham Əliyevin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. 

 

Sirac Abış oğlu Abışov (1989- 2021).  Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin operatoru .

II Qarabağ müharibəsi və onun nəticələrini əks etdirən çoxsaylı reportajların hazırlanmasında iştirak edib.  2021-ci il iyun ayının 4-də vəzifəsini icra edərkən, Kəlbəcər rayonuun Susuzluq kəndi yaxınlığında mina partlayışı nəticəsində Şəhid olmuş, Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir. 

Azərbaycan Respublikası  Prezidenti İlham Əliyevin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

 

Şöhrət Usub oğlu Həsənov (1944-1992), Xocalıda ərazi icra nümayəndəliyində çalışıb. 1990-cı ildən etbarən müxtəlif KİV-lərlə əməkdaşlıq edib. 1991-ci ildən “Xocalının səsi” qəzetinin  əməkdaşı olub. Xocalı şəhərinin  (rayonun) erməni silahlı birləşmələri tərəfindən blokadaya alındığı, hücuma məruz qaldığı günlərdə ərazidən xəbərlər, reportajlar hazılayıb, həm “Xicalının səsi” qəzetində, həm də digər KİV-lərdə  dərc etdirib. 

 Xocalı  rayonu işğala məruz qalan zaman müdafiə  döyüşlərinə qatılıb,  Şəhid olub.  Bakıda, Şəhidlər xiyabanında dəfn edilib.  "İgidliyə görə" medalı ilə təltif edilib. 

 

Davud Taryel oğlu Qurbanov (1996 – 2020). Azad Azərbaycan TV-də montajçı vəzifəsində çalışıb. 

2020-ci il sentyabrın 27-də başlayan II Qarabağ müharibəsində hərbçi qismində iştirak edib. Ermənistanın işğalı altında olmuş  Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərkən, Şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Davud Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Həmçinin,  29.12.2020-ci il tarixli Prezident Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. 

 

Yaralanmış, fiziki xəsarətlər almış KİV işçiləri 

-        Seyidağa Mövsümlü: Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin əməkdaşı olub. Sonradan Müdafiə Nazirliyində hərbi operator kimi çalışıb. 1991-92-ci illərdə Laçın rayonu ərazisində reportaj hazırlayarkən ağır yaralanıb, boğaz nahiyyəsindən ciddi xəsarətlər alıb.  

-        Salman Babayev: “Qarabağ” qəzetinin əməkdaşı olub. 1992-ci il mart ayında Füzuli rayonunda gedən döyüşlər barədə reportaj hazırlayarkən, olduğu ərazi mərmi partlayışlarına məruz qalıb. Nəticədə ağır bədən xəsarəti alıb. Xəsarətin nəticələri bu gün də özünü göstərir 

-        Ədil Arifoğlu: Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin əməkdaşı olub.  1991-92-ci illərdə Kəlbəcər rayonu ərazisində reportaj hazırlayarkən ağır yaralanıb.  

-        Elcan Hüseynov: “Qarabağ” qəzetinin əməkdaşı olub. 1992-ci ildə Xocalı şəhərinin  mühasirəsi zamanı  şəhərdən reportaj hazırlayarkən atəşə məruz qalıb,  ağır yaralanıb. 

-        Allahverdi Əsədov: Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin əməkdaşı olub.  Şirkətin  Qarabağ bölgəsi üzrə xüsusi müxbiri kimi çalışıb. Ağdərə istiqamətində reportaj hazırlayarkən atəşə məruz qalıb, ağır yaralanıb.  

-        Anar Şuşalı (Anar  Həsənli): Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşı qismində cəbhə bölgəsinə (Ağdam rayonu) ezam edilmişdir. Oktayabr 2020-ci ildə ayaq nahiyəsindən iki qəlpə yarası alıb.