Sədr

                         Vüqar Zifəroğlu (Əliyev),
       Azərbaycan Mətbuat Şurasının sədri

1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 190 nömrəli orta məktəbi bitirib. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetində beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr, 1999-2001-ci illərdə magistr təhsili alıb. Müxtəlif media orqanlarında çalışıb.

2001-ci ildən BDU-nun Jurnalistika fakültəsində çalışır. 2001-2004-cü illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında, 2004-2006-cı illərdə isə beynəlxalq jurnalistika kafedrasında baş laborant vəzifəsində çalışıb. 2006-cı ildən Beynəlxalq jurnalistika kafedrasının müəllimi (0,5 ştat), 2011-ci ildən dosentidir (0,5 ştat). 2010-2017-ci illərdə BDU «Jurnalistika» Elmi Tədqiqat Laboratoriyasının müdiri, aparıcı elmi işçi vəzifəsində çalışıb. 2017-ci ilin may ayından BDU Jurnalistika fakültəsinin dekanıdır.

2005-ci ildə “Beybəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı” mövzusunda namizədlik, 2017-ci ildə “Müasir dövrdə xarici KİV-də informasiya ilə manipulyasiya və onun Azərbaycan internet mediasına təsiri” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib, filologiya elmləri doktorudur.

Dörd kitabın («Ön və Orta Asiya Türklərinin tarixinə dair dörd anonim mənbə» (Bakı, 2003); «X əsr yəhudi-xəzər yazışması» (Bakı, 2009); «Sirr» (Bakı, 2013), “Azərbaycan hökmdarları: Səfəvilər” (Bakı, 2016)), iki monoqrafiyanın («Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı» (Bakı, 2006); «Media imperiyası» (Bakı, 2012)) və üç dərs vəsaitinin («İnformasiya müharibəsi: nəzəri əsasları və manipulyasiya problemi» (Bakı, 2019), "Jurnalist etikası" (Bakı, 2021), "İctimaiyyətlə əlaqələrin əsasları" (Bakı, 2025)) müəllifi və həmmüəlifi, unudulmaz müəllim və ustal jurnalist Nəsir İmanquiyevin 100 illik yubileyinə həsr edilmiş Biblioqrafiyasının həmtərtibçisidir. İxtisasla bağlı əlliyədək elmi məqalənin, 4 metodiki vəsaitin və dörd tədris proqramının müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görө Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı, 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsis edilmiş "BDU-100", 2025-ci ildə "Azərbaycan mətbuatı 150" yubiley medalları ilə təltif edilib.

Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci ildə keçirilmiş 8-ci qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, İH ilk iclasında Mətbuat Şurasının sədr müavini vəzifəsinə seçilib. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin olunub.

Yerli mediada dövlətin media siyasətini dəstəkləyən yüzlərlə məqalə, müsahibə və açıqlamalarla mütəmadi olaraq çıxış edib, Dövlət təşkilatlarında media sahəsilə əlaqədar təşkil edilən müsabiqələrdə münsif olaraq təmsil olunub, bir sıra dövlət qurumları əməkdaşları üçün media kommunikasiya sahəsinə aid təlimlər və seminarlar verib.

Azərbaycan jurnalistlərinin 2026-cı il oktyabrın 16-da keçirilmiş IX qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.

Ailəlidir, 2 övladı var.