Şikayət etmək qaydaları

Şikayəti necə etmək olar?

Kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzuna zərər gətirildiyini, jurnalistlər tərəfindən peşə etikasının prinsiplərinin pozulduğunu iddia edən vətəndaşlar, hüquqi və fiziki şəxslər şikayət ərizəsi ilə Azərbaycan Mətbuat Şurasına müraciət edə bilərlər.

Ərizəyə şikayətə səbəb olan yazı(lar)nın (illüstrasiyanın) dərc edildiyi dövri nəşrin nüsxəsi (kəsilmiş hissə) əlavə olunmalıdır.

Ərizələr şəxsən çatdırıla, poçt vasitəsilə (AZ 1108, Bakı şəhəri, İbrahimpaşa Dadaşov 60) göndərilə bilər. Şikayət barədə MŞ-nin məlumatlandırılması üçün müvafiq anket formasını doldurmağınız tövsiyyə olunur.

Anket formasındakı tələblərə riayət edilməsi məsələnin obyektiv araşdırılmasına və yaranmış problemin aradan qaldırılmasına kömək baxımından əhəmiyyət daşıyır.


Şikayətlərə baxılması

I mərhələ

Azərbaycan Mətbuat Şurasına ünvanlanan şikayətlər Şuranın Katibliyinə daxil olur. Katiblik sənədlərdə göstərilən motivlərin araşdırılmasının Mətbuat Şurasının səlahiyyətində olub-olmadığını müəyyənləşdirir. Əgər şikayət MŞ-nin səlahiyyətinə uyğun deyilsə, aidiyyatı üzrə göndərilir və bu barədə müraciət müəllifinə yazılı məlumat verilir.

Şikayət MŞ-nin səlahiyyətinə aiddirsə, Katiblik iddiaçı tərəflə əlaqə saxlayır və müraciətin motivlərini dəqiqləşdirir. Növbəti mərhələdə cavabdehə Şura adından məktub göndərilir və ona şikayətə yazılı şəkildə münasibət bildirməsi tövsiyyə olunur. MŞ-nin Nizamnaməsinə uyğun olaraq cavabdeh mövqeyini açıqlamadan imtina etdiyi halda belə şikayətə baxıla bilər.

Katiblik şikayətçi və cavabdeh tərəfi Şuraya dəvət edir, onlar arasında kompromiss variantların əldə edilməsi üçün öz təkliflərini verir. Tərəflər arasında barışıq əldə edilərsə, məsələ qapanmış sayılır və bu barədə şikayətçiyə rəsmi məlumat verilir. Katiblik məsələ ilə bağlı Şuranın İdarə Heyətinə müvafiq məlumat verir.

Şuranın Katibliyi konkret məsələ ilə bağlı onun motivlərindən asılı olaraq rəy verə bilər.


II mərhələ

İddiaçı və cavabdeh tərəfin mövqeləri uzlaşmadığı təqdirdə Katiblik şikayət üzrə toplanmış materialları baxılmaq üçün Şikayətlər üzrə Komissiyanın iclasına çıxarır. İclasın keçirilmə yeri və vaxtı barədə tərəflərə məlumat verilir. Onlar iclasa dəvət edilirlər.

Məsələnin obyektiv araşdırılması üçün iddiaçı və cavabdeh tərəfin komissiyanın iclasında iştirakı zəruridir. İddiaçının ya özü, ya da səlahiyyətli nümayəndəsi iclasda iştirak etmirsə, məsələ gündəlikdən çıxarılır. Cavabdeh məlumatlandırıldığından, komissiya onun ya özünün və ya səlahiyyətli nümayəndəsinin iclasda iştirakı olmadan belə məsələyə baxa bilər.

Şikayətlər üzrə Komissiya iddiaçı və cavabdeh tərəfin konkret məsələ ilə bağlı mövqeyini öyrənir, problemin aradan qaldırılması üçün təkliflərini verir və həmin təkliflər komissiyanın rəyində əksini tapır. Komissiyanın rəyi tövsiyyə xarakterlidir və sənəddə nəzərdə tutulan məsuliyyət növü ictimai qınağa əsaslanır. Komissiyanın irəli sürdüyü təkliflər şikayətçi və cavabdeh tərəfindən məqbul qiymətləndirilərsə məsələ yalnız rəyin çıxarılması ilə yekunlaşır və Şuranın İdarə Heyətinə təqdim edilmir.

Komissiya şikayətin Şuranın digər komissiyalarının da araşdırma predmetinə çevrilə bilmə imkanlarını müəyyənləşdirir.

Komissiyanın iclaslarında müzakirə edilən məsələlər barədə ictimaiyyətə məlumat verilir.


III mərhələ

Bu mərəhələ Katiblik Şikayətlər üzrə Komissiyanın konkret şikayət üzrə çıxardığı rəyi Şuranın İdarə Heyətinə təqdim edir. İdarə Heyəti rəyi və məsələ ilə bağlı toplanmış materialları araşdıraraq müvafiq qərar qəbul edir.

Şuranın qərarları tövsiyyə xarakteri daşıyır və orada nəzərdə tutulan məsuliyyt növü ictimai qınağa əsaslanır.

İdarə Heyətinin iclaslarında müzakirə edilən məsələlərlə bağlı ictimaiyyətə məlumat verilir.

Zəruri qeyd: Azərbaycan Mətbuat Şurasına daxil olan şikayətlər «Mətbuat Şurasına şikayətlərin verilməsi və onlara baxılma qaydaları»na əsasən araşdırılır. Şura qərar və ya rəy çıxararkən «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın prinsiplərini rəhbər tutur.