Azərbaycan mediasında gender bərabərliyinin mövcud durumu

Azərbaycan Respublikasının media subyektlərində və jurnalist təşkilatlarında gender bərabərliyinin durumu barədə növbəti tədqiqat  Azərbaycan Mətbuat Şurası tərəfindən (AMŞ) 15 iyun-15 sentyabr 2024-cü il tarixində həyata keçirilib. Tədqiqat AMŞ tərəfindən icra olunan “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” adlı layihə  çərçivəsində aparılıb. Layihənin maliyyə yardımçısı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Azərbaycan Jurnalistlərinin Həmkar İttifaqı (JuHİ) “gender statistikası tədqiqatı”nın aparılmasına və yekun hesabatın hazırlanmasına texniki-metodoloji dəstək verib. 

Tədqiqat audiovizual, çap, onlayn media subyektləri və informasiya agentlikləri daxil olmaqla, 154 redaksiyanı, o cümlədən, 26  jurnalist təşkilatını əhatə edib. Ümumilikdə 180 qurum tədqiqata cəlb edilib. Araşdırma aparılan redaksiyaların Media Reyestrində qeydiyyatının və digər rekvizitlərinin olması nəzərə alınıb.

Tədqiqat Azərbaycanın “İnzibati ərazi bölgüsü təsnifatı”na istinadla Azərbaycan Respublikasının bütün ərazilərini əhatə edib. Sorğu keçirilən media subyektlərinin 130-u Bakı, Sumqayıt şəhərləri və  Abşeron rayonundan, digər 24-ü isə Azərbaycanın regionlarından seçilmişdir. Həmçinin, 26  jurnalist təşkilatının 22-si Bakı, digər 4-ü isə regionlardan cəlb edilmişdir.

Məlumatların təhlili

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən media subyektlərində çalışanların gender göstəriciləri inkişaf etmiş ölkələrin təcrübəsinə yaxındır. Media sahəsində çalışanların 43 faizi qadınlardan, 57 faizi kişilərdən ibarətdir. Ortadakı məsafə qısadır və qadın çalışanların fəaliyyəti üçün münbit şəraitin olduğunu göstərir.   

Bununla yanaşı, gender bərabərliyi ilə bağlı problemlər cəmiyyətin digər zümrələri kimi, jurnalistika üçün də keçərlidir. Belə ki, media subyektlərində çalışanların gender təsnifatındakı müsbət dinamika (43% qadınlar, 57 % kişilər ) KİV idarəçiliyi müstəvisində kəskin şəkildə dəyişir. Tədqiqat nəticəsində müəyyən edilib ki, media subyektlərində idarəçi / qərarverici şəxslərin yalnız 21%-i qadınlardır. 79 %-i isə kişilərdən ibarətdir.  Media təşkilatları (jurnalist təşkilatları) sahəsində də bənzər vəziyyət mövcuddur. Burada rəhbər / qərarverici şəxslərin 20%-i qadınlardır. Digər 80% isə kişilərdən ibarətdir.

Mətbuat Şurasının təmsilçiləri tədqiqat zamanı qadın jurnalistlərin KİV idarəçiliyi və rəhbərliyində az təmsil olunmasının səbəblərini də araşdırıblar. Bunun üçün müxtəlif müsahibələr götürülüb, aparıcı şəxslərin fikirləri öyrənilib, qanunvericiliyin təhlili aparılıb.    Müəyyən edilib ki, problemin mənşəyi qanuvericiliklə, yaxud, media sahəsindəki iş mühiti ilə yox, cəmiyyətmizdəki ənənəvi mental prinsiplərlə bağlıdır. Stereotiplər  jurnalistikada çalışın qadınların sonadək önə çəkilməsi,  məşhurlaşması yolunda ləngimələr yaradır.

Qadın jurnalistlər adlarının hansısa skandallı informasiyalarda hallanmasından ehtiyat edirlər. Onların əksəriyyəti mübahisəli, sübutu çətin olan, ictimai diqqəti cəlb edəcək informasiyaları hazırlamaqdan yayınırlar.

Xarici ezamiyələrə, yaşayış yerindən uzaqda keçirilən təlimlərə, kurslara “təkbaşına getmək”  jurnalist xanımlar üçün təkbaşına veriləcək qərar deyil. “Ailəm icazə vermir” kultu cəmiyyətin əksər sferaları üçün hələ də keçərlidir. Bu cür hallarla qarşılaşmamaq üçün  qadınlar KİV idarəçiliyi və rəhbərlikdə təmsil olunmaqdan yayınır, incə mövzulardan, məsələn, “incəsənətdən yazan jurnalist” kimi qalmağa üstünlük verirlər.

Digər tərəfdən ailəyə diqqət, uşaq böyütmək, tərbiyələndirmək məsələsində qadının önəmli roluna inam vardır. Azərbaycanda ailə modeli, ailə kultu yüksəkdir və bu kulta inam cəmiyyətin bir parçası olan jurnalist qadınlar üçün də önəmlidir. “Ailə, yoxsa karyera dilemması” qarşısında qalarkən, əksəriyyət intuitiv olaraq birinciyə üstünlük verir. Karyera pillələrində yüksəlmək, rəhbərlikdə təmsil olunmaq üçün “Ailə-məişət kultu” mövzusunda ümumi rasional baxışların formalaşması vacibdir.

Tövsiyə və təkliflər

Yanlış stereotiplərdən qurtulmaq üçün cəmiyyətdə təşəbbüskarlıq yüksək olmalıdır. Bu, ilk növbədə, təhsillə gəlməlidir. Təhsil, tədris  proqramlarında gender bərabərliyi mövzusuna yer verilməlidir. Mövzu üzrə maarifləndirmə işi fasiləsiz aparılmalı, qadın jurnalistlərlə yanaşı, ailələrdə də stereotiplər dəyişdirilməlidir.

Rəhbər qadınların uğur hekayələrinin təşviq edilməsi gender stereotiplərin sındırılması üçün yaxşı vasitə ola bilər. Jurnalistikada gender stereotiplərini qıra bilmiş, rəhbərlikdə çalışan, uğurlu hekayəsi olan qadın jurnalistlər vardır. Azərbaycanın KİV qurumları sırasında öndə gedən, nüfuzu ilə fərqlənən, ictimai rəydə birmənalı şəkildə qəbul edilən rəhbər qadınların nümunəsinin  qabardılması, xüsusi kampaniyalar vasitəsilə vurğulanması prosesə müsbət təsir edə bilər.

Qadın jurnalistlər üçün   özünümüdafiə təlimləri keçirlməli, onlarda özünəinam aşılanmalı, gender əsaslı təzyiqlərlə üzləşdikləri halda müdafiə olunmaq bacarıqları formalaşdırılmalıdır.

Qadın və kişi reportyorlar, habelə, subredaktorlar, redaktorlar, proqram aparıcıları üçün gender həssaslığına dair təlimlər keçirmək faydalı olardı. Bu, xəbərlər təqdimatında, məzmun yaradıcılığında gender  stereotiplərin aradan qaldırılması üçün zəruridir.