Azərbaycan Mətbuat Şurasına üzvlük qaydaları
1. Ümumi müddəalar
1.1. Azərbaycan Mətbuat Şurasına (bundan sonra Şura) üzvlük qaydaları (bundan sonra qaydalar) Şuranın Nizamnaməsinə (bundan sonra Nizamnamə) uyğun olaraq hazırlanmışdır.
1.2. Qaydalar Şuranın sıralarında təmsil olunmaq istəyən media subyektlərinin (bundan sonra namizəd) fəaliyyət formalarını müəyyənləşdirir.
1.3. Şuraya üzvlük Şuranın İdarə Heyətinin iclasının qərarı ilə təsdiqlənir.
2. Şuranın üzvləri
2.1. Şuraya üzv ola bilərlər:
2.1.2. Qəzetlər;
2.1.3. Jurnallar;
2.1.4. İnformasiya agentlikləri;
2.1.5. Onlayn media resursları;
2.1.6. Jurnalist təşkilatları, yayım firmaları və nəşriyyatlar.
3. Şuraya üzv olma şərtləri
3.1. Namizədin Azərbaycan Respublikasında hüquqi şəxs kimi müvafiq qeydiyyatdan keçməsi;
3.2. Namizədin Azərbaycan Respublikasında vergiödəyicisi kimi müvafiq qeydiyyatdan keçməsi;
3.3. Azı 2 il fəaliyyət göstərməsi;
3.4. Əməkdaşlarının sayının 3-dən az olmaması;
3.5. Namizəd barədə son 1 ildə Şuraya əsaslı şikayət məktubunun ünvanlanmaması;
3.6. Namizədin “Media Reyestri”ndən keçməsi.
4. Şuraya üzvlük üçün məhdudiyyətlər
4.1. Barəsində Şuranın “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın pozulmasına dair qərarı olan media subyekti həmin qərarın qəbul edildiyi gündən azı 1 il keçdikdən sonra üzvlüyə qəbul edilə bilər;
4.2. Dövriliyi davamlı şəkildə pozulan, qeyri-müntəzəm fəaliyyət göstərən media
qurumu üzvlüyə qəbul edilmir;
4.5. Fərdi şəxslər Şuraya üzv ola bilməzlər;
4.6. “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nı mütəmadi pozan media subyektləri üzvlüyə qəbul edilmirlər;
4.7. Materiallarının, beynəlxalq sayğac sistemlərinə əsasən, 1 günlük izlənmə sayı (unikal İP) 1000-dən az olan informasiya agentliyi və onlayn informasiya portalı üzvlüyə qəbul olunmur;
4.8. Yalnız reklam xarakterli materiallar yayan media subyektləri Şuraya üzv ola bilməzlər;
4.9. İllik fəaliyyət proqramı və hesabatlılığı olmayan namizədlər Şuraya üzv ola bilməzlər.
5. Şuraya üzvlük üçün tələblər
5.1. Şuraya üzv olmaq istəyənlər:
5.1.2. daxili iclas keçirərək Şuraya üzvlük məsələsini müzakirə etməli;
5.1.3. rəsmi blankında Şura sədrinin adına üzvlüklə bağlı müraciət hazırlamalı;
5.2. Müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır:
5.2.1. Namizədin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət reyestrindən keçməsinə dair şəhadətnamənin surəti;
5.2.2. Namizədin Azərbaycan Respublikasında vergi ödəyəcisinin eyniləşdirmə nömrəsinin (VÖEN-in) surəti;
5.2.3. Namizədin “Media Reystri”ndən keçməsini təsdiqləyən sənədin surəti;
5.2.4. Namizədin bank rekvizitləri;
5.2.5. Namizədin işçiləri ilə imzaladığı əmək müqavilələrinin surətləri;
5.2.6. Namizədin Şuraya üzvlüklə bağlı iclasının protokolundan möhürlə təsdiqlənmiş çıxarış;
5.2.7. Namizədin fəaliyyətini əks etdirən materiallar (qəzet və jurnalların nüsxələri, informasiya agentliklərinin və onlayn media resurslarının linkləri);
5.2.8. Namizəd onlayn informasiya resursudursa, beynəlxalq sayğac sistemlərindəki 6 aylıq reytinq göstəriciləri;
5.2.9. Namizəd qəzet və jurnaldırsa, 1 illik real satış göstəricilərinə dair rəsmi sənəd;
5.2.10. Namizəd jurnalist təşkilatı, yayım firması və ya nəşriyyatdırsa, illik fəaliyyət proqramı və hesabatlılıq sənədləri.
6. Şuraya üzvlüyün rəsmiləşdirilməsi
6.1. Şuraya üzvlük Şuranın İdarə Heyətinin iclasında çıxarılmış qərarla rəsmiləşdirilir.
6.2. Şuranın Katibliyi İdarə Heyətinin iclası barədə üzv olmaq üçün zəruri tələb və şərtlərə uyğun gələn media qurumunu məlumatlandırır.
6.3. Namizəd iclasda təmsilçi kimi iştirak edəcək nümayəndəsini müəyyənləşdirir.
6.4. Namizədin rəhbərliyində təmsil olunan şəxs təşkilatı nümayəndə kimi təmsil edə bilər.
6.5. Nümayəndə təşkilata bağlılığını təsdiqləyən rəsmi sənədi Şuranın Katibliyinə təqdim etməlidir.
6.6. Nümayəndə Şuranın İdarə Heyətinin üzvlərinin müvafiq suallarını cavablandırmalıdır;
6.7. Şuranın İdarə Heyətinin qərarından asılı olaraq Namizədin üzvlüyə qəbulla bağlı müraciəti bəyənilə, yaxud rədd edilə bilər.
7. Yekun müddəalar
7.1. Yeni qəbul olunmuş üzvün adı Şuranın “presscouncil.az” rəsmi internet səhifəsində yerləşdirilir.
7.2. Yeni qəbul olunmuş üzvə Şuranın üzvlüyün təsdiqlənməsinə dair rəsmi məktubu ünvanlanır.
7.2. Şura üzvü Şuranın Nizamnamə tələbindən irəli gələn illik üzvlük haqqını qabaqcadan ödəməlidir.
7.3. Şura üzvü “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”na riayət edəcəyinə dair yazılı öhdəlik götürməlidir.
7.4. Şuraya üzvlük tələblərinin yerinə yetirilməməsi (üzvlük haqqının nəzərdə tutulduğu vaxtda ödənilməməsi, peşə prinsiplərinə etinasız yanaşılması və s.) Şura sıralarından xaric olunmaq üçün əsas sayıla bilər.
7.5. Şura üzvlüyündən xaric edilmə Şuranın İdarə Heyətinin qərarı ilə təsdiqlənir.
7.6. Şura üzvlüyündən xaric olunmuş media qurumunun təkrar üzvlüyünə yol verilmir.