"Şərq" - 30

about1

Azərbaycan Mətbuat Şurasının nəşrə yubiley təbriki

Azərbaycanın müstəqillik dövrü mətbuatının formalaşması və inkişafında özünəməxsus yeri olan nəşrlərdən biri də “Şərq” qəzetidir. Ötən 30 il ərzində qəzet ölkənin ictimai-siyasi və sosial həyatının işıqlandırılmasında, fərqli fikir və mövqelərin ifadəsində, oxucuların informasiya ehtiyaclarının qarşılanmasında fəal iştirak edib. Mövzu rəngarəngliyi, ictimai məsələlərə həssas yanaşması və peşəkar jurnalistika prinsiplərinə sadiqliyi “Şərq”ə ölkə mediasında özünəməxsus mövqe qazandırıb.

Qəzetin fəaliyyətində baş redaktor Akif Aşırlının milli mətbuat tarixinin araşdırılması və təbliği istiqamətindəki xidmətləri də xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsü və fəaliyyəti nəticəsində “Şərq” qəzetinin nəzdində Azərbaycan Mətbuat Tarixi Muzeyinin yaradılması bu sahədə mühüm təşəbbüslərdən biridir. Muzey milli jurnalistika irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli rol oynayır.

Bu gün “Şərq” qəzeti formalaşdığı dövrdən etibarən qoruyub saxladığı əsas prinsiplərə sadiq qalaraq, dəyişən media mühitinin tələblərinə uyğun fəaliyyətini davam etdirir. Nəşrin 30 illik fəaliyyəti həm də müxtəlif nəsillərdən olan jurnalistlərin yetişməsi, peşəkar təcrübə qazanması və ölkənin media həyatında öz sözünü deməsi baxımından əlamətdardır. Qəzetin bu illər ərzində formalaşdırdığı jurnalistika ənənələri onun əsas nailiyyətlərindən biridir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti “Şərq” qəzetinin kollektivini və baş redaktor Akif Aşırlını nəşrin 30 illik yubileyi münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayır.

01.11.2026