Jurnalist təhlükəsizliyi, cəmiyyətin informasiya əldə etmək hüququ və etik prinsiplər

about1

“Yasamaldakı 225 saylı məktəbdə jurnalistlərə qarşı baş vermiş hadisə təkcə media nümayəndələrinin təhlükəsizliyi deyil, həm də cəmiyyətin informasiya əldə etmək hüququ baxımından ciddi narahatlıq doğurur. Məsələ obyektiv şəkildə araşdırılmalıdır”. Bunu Mətbuat Şurasının İdarə heyətinin üzvü Qalib İbrahimoğlu “Avtosfer.az” saytına açıqlamasında deyib.

Q.İbrahimoğlu bildirib ki, peşə fəaliyyətlərini həyata keçirən jurnalistlərin təzyiq və fiziki müdaxilə ilə üzləşmələri yolverilməzdir. Onun sözlərinə görə, mübahisələr qanunun tələbləri çərçivəsində həllini tapmalı, heç bir halda zorakılığa çevrilməməlidir: “Mətbuat Şurası hadisə ilə bağlı mövqeyini açıqlayıb. Şura jurnalistə qarşı bu cür davranışı arzuolunmaz hesab edərək, hadisənin araşdırılmasını tələb edib”.

MŞ İdarə Heyətinin üzvü, eyni zamanda, media fəaliyyətində uşaqların mənafeyi, şəxsi həyatlarının toxunulmazlığı ilə bağlı peşə etikasının tələbləri diqqətdə saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, ictimai maraqla şəxsi hüquqlar arasında tarazlığın qorunması medianın məsuliyyətinin mühüm göstəricisidir.

Q.İbrahimoğlu onu da bildirib ki, peşə etikasına riayət xüsusundakı iradlar jurnalistlərə qarşı zorakılığa haqq qazandıra bilməz. Onun fikrincə, belə durumlarda əsas məsələ hadisənin bütün iştirakçılarının hərəkətlərinə faktlar əsasında hüquqi qiymətin verilməsi, qanun pozuntusuna yol verənlərin məsuliyyətə cəlb olunmalarıdır: ”Azad və təhlükəsiz jurnalist fəaliyyəti şəffaf cəmiyyətin əsas şərtlərindən biridir. Bu səbəbdən hadisə hərtərəfli araşdırılmalı, həm jurnalistlərin hüquqları, həm də uşaqların və ailələrin qanuni maraqları etibarlı şəkildə qorunmalıdır''.

30.10.2026