Mətbuat Şurasında veteran jurnalistin 80 illiyi ilə bağlı görüş keçirilib

about1

Azərbaycan Mətbuat Şurasında ölkə jurnalistikasının, ədəbi mühitinin tanınmış nümayəndələrindən biri, respublikanın əməkdar jurnalisti, şair və publisist,  “Tərəqqi” medallı Tofiq Hüseynlə görüş keçirilib. MŞ sədri Rəşad Məcid veteran jurnalistə Şuranın diplomunu təqdim edib, ona 80 illik yubileyi ilə bağlı ən xoş arzularını çatdırıb, qələm sahibinin uzun illərə söykənmiş mətbu fəaliyyətinin örnək məqamlarından söz açıb.

Toplantıda çıxış edənlərdən “Xalq qəzeti” baş redaktorunun birinci müavini Hümbət Musayev, veteran jurnalistlər Salman Alıoğlu və Nurəddin Ədiloğlu T.Hüseyn yaradıcılığının jurnalistikanın, publisistikanın və şeiriyyətin sintezi olduğunu əsaslandırıb, yubilyarın əsl dost, qayğıkeş həmkar obrazını canlandıran xüsusiyyətlərə diqqət çəkiblər.  

Sonda çıxş edən T.Hüseyn keçdiyi ömür yoluna verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Tofiq Hüseyn 1946-cı ildə Masallı rayonunun Məmmədxanlı kəndində anadan olub. 1967-ci ildə Bakı Dövlət Universtitetini bitirəndən sonra təyinatla Şirvan şəhərinə göndərilib, burada “İşıq” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb, daha sonra nəşrdə şöbə müdiri, məsul katib vəzifələrində işləyib.

T.Hüseyn 1991-cı ildə yeni yaradılan Hacıqabul rayonunda eyni adlı qəzetin ilk baş redaktoru olub. 1993-cı ildə “Həyat”qəzetinin cənub bölgəsi üzrə müxbiri işləyib. 1997-cı ildən başlayaraq uzun müddət “Respublika” qəzetinin Muğan-Şirvan bölgəsində xüsusi müxbiri kimi çalışıb.

Paralel olaraq ədəbi yaradıcılıq yolu keçmiş yubilyar şeirlərdən, publisistik məqalələrdən ibarət kitablar, sənədli povest müəllifidir.

09.06.2026