Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

about1

Azərbaycan Mətbuat Şurasının komissiya sədri tədbirdə iştirak edib

Norveçin paytaxtı Osloda Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) 27-ci illik toplantısı və Baş Assambleyası keçirilib. Tədbirə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, qurumun Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli qatılıb.

Toplantı AİPCE-yə üzv təşkilatların illik hesabatlarının təqdimatı ilə başlayıb. Bu mərhələdə  təşkilati məsələlərə də baxılıb, növbəti bir il üçün AİPCE-nin fəaliyyətini koordinasiya edəcək Katiblik formalaşdırılıb. Həmçinin, quruma  üzvlük müraciətləri ünvanlamış yeni təşkilatların məsələlərinə baxılıb.

Sonra mətbuat şuralarının fəaliyyəti və gələcəyi ilə bağlı müzakirələr keçirilib. Bu çərçivədə  ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinin müşaviri Deniz Vaqnerin “Medianın özünütənzimlənməsinin gələcəyi” mövzusunda məruzəsi dinlənilib. Rəqəmsal transformasiya dövrürünün tələbləri nəzərə alınaraq, mətbuat şuralarının AI-nin Rəqəmsal Xidmətlər Aktının (DSA) 21-ci maddəsini nəzərdən keçirmələrinin vacibliyi vurğulanıb. Sessiya çərçivəsində “Özünütənzimləmənin  cəmiyyət və media üçün vacibliyi”, “Mətbuat və media şuralarının maliyyələşdiriliməsinin yeni variantları” mövzuları da müzakirə edilib.

Tədbirin ikinci günündə hazırkı media tendensiyaları ətrafında müzakirə aparılıb. Media sektorundakı son trendlər, xüsusilə, “Sosial şəbəkələrin və süni intellekt sistemlərinin peşəkar jurnalistikaya təsirləri”,  “ChatGPT, DeepSeek, Google Search və müəllif hüquqları”, “Mətbuat azadlığı, dezinformasiyaya qarşı mübarizə və özünütənzimləmənin əhəmiyyəti” kimi mövzular üzrə panel sessiyalar təşkil edilib. Qeyd olunub ki, rəqəmsal transformasiya medianın tipini dəyişir. Bu baxımdan rəqəmsal dövrdə mətbuat şuralarının roluna dair yeni çağırışlar da ortaya çıxır, habelə qurumların fəaliyyəti ilə bağlı yeni strategiyaların hazırlanması zərurətə çevrilir. Mövcud istiqamətdə təkliflərin hazırlanması üçün koordinasiya komitəsinə tapşırıq verilib.

Qeyd edək ki, Avropa Müstəqil Mətbuat Şuraları Alyansı (AİPCE) Avropa dövlətlərində fəaliyyət göstərən mətbuat şuralarının koordinasiyasını həyata keçirən beynəlxalq təşkilatdır. 2024-cü ildən etibarən başqa qitələrdə fəaliyyət göstərən mətbuat şuralarının da AİPCE-də müşahidəçi üzv statusunda iştirakına qərar verilib. Azərbaycan Mətbuat Şurası AİPCE-nin tam hüquqlu üzvüdür və onunla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

12.10.2026