"Süni intellekt dövründə media monitorinqi və analitika: Mediatrends imkanları"

about1

Bu gün Azərbaycan Mətbuat Şurasının Sosial media ilə əlaqələr komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə “Süni intellekt dövründə media monitorinqi və analitika: Mediatrends imkanları” mövzusunda toplantı keçirilib.

Tədbiri girişi sözü ilə açan komissiya sədri Hacıbəy Heydərli bildirib ki, rəhbərlik etdiyi qurum sosial şəbəkələrdə dezinformasiya və “fake news”larla mübarizə, eləcə də sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsi istiqamətində ardıcıl iş aparmaqdadır. Son dövrlər isə süni intellekt və media ilə bağlı məsələlər də komissiyanın diqqətindədir və bu, Mətbuat Şurasının ümumi yanaşmasından qaynaqlanır.

H.Heydərli, həmçinin, deyib ki, hazırda xüsusilə “deepfake” texnologiyaları, sosial şəbəkələrdə saxta məlumatların yayılması və onların aşkarlanması, dezinformasiyaya qarşı mübarizə əsas istiqamətlərdən biridir. O, bu baxımdan müzakirəsi aparılan mövzunun əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Mediatrends (mediatrends.ai) platformasının süni intellektin media monitorinqi və analitikası sahəsində yaratdığı yeni imkanlar neqativ halların aradan qaldırılmasına dəstək ola bilər.

Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz çıxışında müasir media məkanında informasiya axınının izlənilməsinin və təhlilinin, media gündəminin operativ monitorinqinin əhəmiyyətindən söz açıb. O, bu baxımdan Mediatrends (mediatrends.ai) platformasının funksional imkanları barədə geniş təqdimat edib.

Tədbirdə bir çox məsələlərlə yanaşı, Mediatrends (mediatrends.ai) platformasının jurnalist yaradıcılığına faydaları üzərində dayanılıb, müxtəlif misallar çəkilib. MŞ İdarə Heyətinin üzvləri – Azər Həsrətin və Aqil Ələsgərin çıxışlarında bildirilib ki, media nümayəndələri ictimai missiya yerinə yetirirlər və onlar gördükləri işin daha geniş təbəqələrə, qaldırdıqları vacib məsələlərin, o cümlədən, problemlərin aidiyyatı dairələrə operativ surətdə çatmasında maraqlıdırlar. Maraq cəmiyyətin mənafelərinin qorunmasından irəli gəlir. Bu baxımdan media və sosial media monitorinqi, AI analitikası və erkən xəbərdarlıq platforması kimi fəaliyyət göstərən Mediatrends mühüm və çoxşaxəli missiya yerinə yetirməkdədir.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş tədbirdə iştirakçıların suallarını cavablandıran O.Gündüz gələcəkdə Mediatrends platformasının hazırkı imkanlarının daha da təkmilləşdirilməsinin mümkünlüyünü vurğulayıb, beynəlxalq təcrübə ilə paralellər aparıb.

23.09.2026