Əməkdar jurnalist Musa Mərcanlının Dövlət mükafatına təqdim olunan kitabları müzakirə edilib

about1

Bu gün Azərbaycan Mətbuat Şurasında tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Musa Mərcanlının rəhbərliyi ilə işıq üzü görən və Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı 2026-cı il Dövlət mükafatına təqdim olunan “Azərbaycan. Yeni Era”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş Başlanğıc”, “Daşları toplamaq vaxtıdır”, “Qarabağ Yeni sətirdən”, “Şuşa. Zirvədən uca” kitablarının müzakirəsi keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid müzakirəsi keçirilən nəşrlərin əhəmiyyətindən söz açıb. O bildirib ki, kitablar, ümumən, Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı olsa da, onların hər biri ayrı-ayrı mövzulara diar böyük tarixi əhəmiyyətə malik nəfis tərtibatlı fundamental məxəzlərdir.

Tədbirdə çıxış edənlərdən Milli Məclisin deputatı Rizvan Nəbiyev, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, MŞ-nin sədr müavini, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, MŞ İdarə Heyətinin üzvləri - BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Bayraqdar Medianın baş redaktoru Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, əməkdar jurnalistlər - Elçin Alıoğlu, CASCFEN sədri Nadir Azəri, “Yeni Təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, Əntiqə Qonaq, “Tərəqqi” medallı veteran jurnalist Zərifə Bəşirqızı, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı və başqaları Musa Mərcanlının rəhbərliyi ilə nəşr olunan kitabların təkcə Azərbaycan mədəniyyətinin təbliğinə yönələn missiya yerinə yetirmədiyini, eyni zamanda, müstəsna ideoloji əhəmiyyət daşıdığını diqqətə çatdırıb, nəşrlərin 2026-cı il Dövlət mükafatına təqdim edilməsinin əhəmiyyətini əsaslandırıblar. Onlar M.Mərcanlının baş redaktoru olduğu “İrs” jurnalı ilə də Azərbaycanın beynəlxalq miqyasda təbliği istiqamətində indiyədək xeyli mühüm işlər gördüyünü də vurğulayıb, müəllifə uğurlar arzulayıblar.

Sonda çıxış edən əməkdar jurnalist Musa Mərcanlı xoş sözlərə və rəhbərliyi ilə çıxan kitablara verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.  

Qeyd edək ki, “Azərbaycan. Yeni Era”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş Başlanğıc”, “Daşları toplamaq vaxtıdır”, “Qarabağ Yeni sətirdən”, “Şuşa. Zirvədən uca” kitablarının 2026-cı il Dövlət mükafatına namizdəliyi Bakı Dövlət Universitetinin Böyük Elmi Şurası tərəfindən irəli sürüb.

28.04.2026