“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi”

about1

MEDİA və Mətbuat Şurası bu mövzuda konfrans keçirdi

Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda konfrans keçirilib.

Toplantıda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov konfransın ideyasının noyabrın 3-də Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyanın Rəyasət Heyətinin üzvləri ilə görüşündə səsləndirdiyi fikirlərdən qaynaqlandığını vurğulayıb. O bildirib ki, dövlətimizin başçısı ədəbi dilin qorunmasının mühüm əhəmiyyət daşıdığını dilə gətirmişdi və bu aktual mövzunun media fəaliyyəti ilə birbaşa əlaqəsi var. Çünki medianın dilimizə düzgün yanaşması strateji əhəmiyyət daşımaqdadır.

Azərbaycan dilinin informasiya məkanında təbliği və inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran K.Həsənov deyib ki, efir məkanında, çap mediası və rəqəmsal media platformalarında ədəbi dil normalarına əməl olunması milli-mədəni dəyərlərin qorunması və dilin saflığının təmin edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Konfransın “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə keçirilən ilk panel sessiyasında “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzusu müzakirə olunub. Azərbaycan Televiziyasının veteran diktoru, jurnalist Gülşən Əkbərova televiziya mütəxəssisi kimi müxtəlif kanalları daim izlədiyini vurğulayaraq bildirib: “Təbii ki, efirdə müəyyən qüsurlar da müşahidə olunur. Aparıcıların və çıxış edən qonaqların nitqində heca vurğusuna, fonetik, leksik və qrammatik normalara bəzən kifayət qədər diqqət yetirilmir. Halbuki efir dili cəmiyyətə nümunə olmalıdır, çünki milyonlarla tamaşaçı onu eşidir, ondan öyrənir. Dövlətimizin başçısı İlham Əliyev də AMEA-da çıxışı zamanı bu məsələyə xüsusi diqqət yetirdi. Doğurdan da əgər bir sözün bizdə qarşılığı varsa, xarici sözlər işlədilməməlidir”.

G.Əkbərova gənc diktorlara, aparıcı və jurnalistlərə vurğu lüğətlərindən daha çox istifadə etməyi məsləhət görərək deyib: “Çünki düzgün vurğu, aydın tələffüz və ədəbi dilə sadiqlik efir mədəniyyətinin ayrılmaz hissəsidir. Ana dilimiz bizim milli sərvətimizdir. Onu qorumaqla biz öz kökümüzü, tariximizi və gələcəyimizi qoruyuruq”.

Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova qeyd edib ki, hazırda, belə demək mümkünsə, internet dilində danışan bir nəsillə üz-üzəyik. Sosial media dili ilə efir dili arasında sərhədlər, demək olar, tamamilə itib. İstəsək də, istəməsək də sosial mediada formalaşan üslub danışıq mədəniyyətimizə ciddi təsir göstərir və biz bu dilin təsiri altına düşmüşük. Onun sözlərinə görə, klassik efir dilində, düzgün Azərbaycan dilində danışanda bu günün gənc nəsli, tamaşaçı bunu köhnəlmiş üslub kimi qəbul edir. Onlara elə gəlir ki, kitab dilində danışırıq və bunu süni qəbul edirlər. Dil məsuliyyəti itib. Bir vaxtlar efirə çıxmaq üçün dil imtahanı mövcud idi. O deyib ki, bu gün jurnalistika fakültəsində nitq mədəniyyəti ayrıca fənn kimi tədris olunur. Səadət Məmmədova əlavə edib ki, ana dilində təhsil almaq başqa dillərdə təhsil almağın kölgəsində qalıb. Dil pozuntuları da məhz dilə sevgisizliyin fonunda yaranır. Onun fikrincə, bu pozuntular artıq cəmiyyət üçün ciddi siqnaldır.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli isə hazırda Dilçilik İnstitutunda mühüm işlər görüldüyünə diqqət çəkib: “Orfoqrafiya və orfoepiya lüğətləri hazırlanır, dil korpusu üzərində sistemli iş aparılır. Bütün bu layihələr Azərbaycan dilinin saflığını, sabitliyini və inkişafını təmin etmək məqsədi daşıyır”.

O qeyd edib ki, müasir dövrdə beynəlxalq leksikondan istifadə qaçılmazdır. Qloballaşma prosesi informasiya mühitinə də təsir edir. Lakin burada müəyyən sədlər olmalıdır. “Əgər bir anlayışın Azərbaycan dilində qarşılığı varsa, onun yerinə yad söz işlətmək nə ədəbi, nə də mədəni baxımdan doğru deyil. Dilimiz kifayət qədər zəngin, ifadə gücü yüksək bir dildir və bu potensialdan istifadə etmək bizim borcumuzdur. Media nümayəndələrinin bu sahədə məsuliyyəti isə daha böyükdür. Efir dili xalqın dili ilə birbaşa təmasdadır. Ona görə aparıcılar, jurnalistlər və diktorlar sadə, aydın və anlaşılan şəkildə danışmalıdırlar. Bu, publisistikanın əsas tələblərindən biridir. Eyni zamanda, vurğu məsələsi də çox önəmlidir. Bəzən elə düşünürlər ki, vurğu sadə bir texniki məsələdir. Halbuki vurğu dili canlı edən, mənanı düzgün çatdıran ən vacib fonetik vasitədir. Düzgün vurğu nitqin ahəngini, ifadəliliyini və peşəkarlığını təmin edir”, - deyə N.Məmmədli bildirib.

Konfransda nitq mədəniyyəti, media nümayəndələrinin peşəkar məsuliyyəti, efir etikasının tələbləri barədə müzakirələr aparılıb. Diqqətə çatdırılıb ki, audiovizual media məkanında dil keyfiyyəti yalnız media peşəkarlığının göstəricisi deyil, eyni zamanda cəmiyyətin mədəni səviyyəsini və intellektual potensialını formalaşdıran əsas amillərdəndir. Bildirilib ki, efirdə ədəbi dil normalarına riayət olunması və düzgün tələffüz dilin saflığının qorunmasına, həmçinin gənc nəsildə sağlam ünsiyyət mədəniyyətinin təşəkkülünə mühüm təsir göstərir.

Konfransın daha bir paneli “Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzusunda təşkil olunub və Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədlinin moderatorluğu ilə keçirilib. Natiq Məmmədli bildirib ki, Azərbaycan dilinin saflığının qorunub saxlanılmasında medianın mühüm rolu var: “Azərbaycan dilinin istifadə edildiyi əsas sahələrdən biri məhz mediadır. Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı səylər hiss olunur. Biz bu müzakirədə onlayn mediada Azərbaycan dilinin hazırda işlənmə səviyyəsini və hansı məqamların təkminləşdirilməsinin zəruri olduğunu müzakirə etməliyik”.

Panel sessiyada çıxış edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı bildirib ki, operativ xəbər yayarkən, orfoqrafik səhvlər qaçılmazdır: “Bəzi onlayn media subyektlərində bu səhvlər daha çox, bəzilərində isə daha az müşahidə edilir. Bu səhvlərin olmaması qeyri-mümkündür. Çünki onlayn media resurslarında əsas məsələ operativlik və sürətdir. Məhz bu səbəbdən bədii kitabda, qəzetdə olduğu kimi ifadələri tam düzgün seçmək, bədii təsvirlərə diqqət yetirmək qeyri-mümkündür”.

V.Mahirqızı üslub səhvlərinin daha böyük problem olduğuna diqqət çəkib: “Mediamızda məni əsas narahat edən üslubla bağlı səhvlərin artıq normaya çevrilməsidir. Məsələn, “ölmək” felimiz var, amma Azərbaycan mediasında bu sözü yazmaq həqarət kimi qəbul olunur. Halbuki “həlak olmaq” və “vəfat etmək” ifadələrinin mənaları tam fərqlidir. Eləcə də “girov” və “əsir” sözləri media tərəfindən tez-tez qarışdırılır. Yaxud “19 yaşlı gənc” ifadəsi — 19 yaşlı qoca olmur, bu da məntiqi səhvdir. Bu cür ifadə səhvlərini kifayət qədər artırmaq olar".

V.Mahirqızı deyib ki, bu gün hələ də xalq arasında Sovet dövründə çəkilən filmlərimizdən sitatlar istifadə edilir. “Z” nəsli daha çox müxtəlif komediya proqramlarında, meyxana, estrada musiqilərindən təsirlənir. Çox təəssüf ki, milyonlarla dinlənməsi, baxışı olan bu podkastlarda, meyxanalarda Azərbaycan dilinin normaları qorunmur, xüsusilə rusdilli ifadələrə və arqolara daha çox yer verilir. Və getdikcə bu sözlər ümumiişləkləşir. Artıq sosial verilişlərdən, meyxana və bayağı mahnılardan sitatlar xalq arasında ümumişləkləşir. Çünki sosial şəbəkə trendlərini bu tip məhsullar doldurur", - deyən MŞ İdarə Heyətinin üzvü dilin canlı orqanizm olduğunu bildirib və fikrini belə əsaslandırıb: "O, özü özünü mütəmadi yeniləyir, ümumişlək söz fondu "tələb-təklif prinsipi" ilə mütəmadi dəyişir. Dildə süni söz yaradıcılığı effektli deyil".

Agentlik rəhbəri eyni zamanda süni intellektin dilə təsiri barədə fikirlərini bölüşüb: “Jurnalistika fakültəsində bizə bir cümlədə eyni sözləri təkrarlamamağı öyrədirdilər. Amma indi google bizdən bir abzasda eyni ifadəni bir neçə dəfə istifadə etməyimizi tələb edir. Hazırda məlumatın axtarışda önə çıxması üçün bir neçə yerdə eyni ad və abreviatura yox, ifadəni açıq şəkildə yazmağa məcburuq. Əks halda, nəinki google sistemi, hətta “OpenAI” kimi alətlər də məlumatı düzgün tanımır. Bu reallıqlar dilimizə, həmçinin medianın üslubuna da öz təsirini göstərməyə başlayıb”.

Vüsalə Mahirqızı mətbuatda ana dilinin saflığının qorunması istiqamətində bir sıra təkliflərlə çıxış edib: “Təklifim ondan ibarətdir ki, Medianın İnkişafı Agentliyi mediada dil normalarının qorunması ilə bağlı monitorinqlər təşkil edə bilər. Həmçinin, MEDİA təşkil etdiyi təlimlər sırasına ədəbi dil normalarından düzgün istifadə ilə bağlı təlimlər də əlavə edə bilər.

“Google Translate” sistemində Azərbaycan dilinin dəstəklənməsi artırılmalıdır. Azərbaycan dilində olan bir çox sözlər orada səhv tələffüz və tərcümə olunur. Biz bu sistemlərdə dilimizi təlmilləşdirməliyik, çünki gənclər onlayn alətlərdən istifadə edirlər. Azərbaycan dili üçün süni intellekt vasitəsilə imla və üslub səhvlərini yoxlayan sistem yaradılmalıdır. Bu alətlərdən istifadə məcburi hala gətirilməli və onların tətbiqi mükəmməlləşdirilməlidir".

Vüsalə Mahirqızı xatırladıb ki, dil normalarının pozulması ilə bağlı bir çox ölkələrdə ciddi cərimələr tətbiq olunur: "Azərbaycan dilinin normalarının pozulması hallarında da qanunun bu maddələri tətbiq edilməlidir".

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ədəbi dilin formalaşmasının təkcə yazıçıların və alimlərin deyil, həm də jurnalistlərin əməyinin nəticəsi olduğunu deyib. O bildirib ki, qəzet və jurnalların, radionun və televiziyanın dili, müasir informasiya saytları xalqın danışıq və yazı üslubuna təsir göstərən əsas vasitələrdir.

“525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli Azərbaycan dilinin işlənməsi və düşüncə tərzinin formalaşması məsələsində nəsillərarası fərqin artıq daha qabarıq şəkildə hiss olunduğunu söyləyib. O, gənclərə müraciət edərək dilə münasibətin, onu hiss etməyin vacib olduğunu vurğulayıb.

Panel sessiya müzakirələrlə davam edib. Müzakirələr zamanı vurğulanıb ki, qloballaşma, rəqəmsal kommunikasiya, sosial media trendləri və sürətlə dəyişən informasiya mühiti fonunda Azərbaycan dilinin ədəbi normalarının qorunması strateji əhəmiyyət daşıyır. Bu səbəbdən media nümayəndələrinin müvafiq istiqamətdə məsuliyyətinin artırılması, metodoloji yanaşmaların təkmilləşdirilməsi, dil monitorinq mexanizmlərinin genişləndirilməsi, təlim və maarifləndirmə təşəbbüslərinin gücləndirilməsi olduqca vacibdir.

07.11.2025