Mətbuat Şurasının tövsiyələri - “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfransın yekunu
Mətbuat Şurası “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda 2024-cü il oktyabrın 11-də keçirdiyi konfransının nəticəsi alaraq aşağıdakıları tövsiyə edir:
Ümumi müddəalar
- Jurnalistlər məzmun yaradıcılığında hansı vasitələrdən istifadə edilməsinə fərq qoymadan, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əsaslanmalı, ilk növbədə, dəqiq, qərəzsiz və tərəfsiz olmalı, ayrı-seçkiliyə yol verməməli, informasiya mənbələrinin məxfiliyini qorumalı, şəxsi həyatın toxunulmazlığına, müəllif hüquqlarına hörmətlə yanaşmalıdırlar. Bu cəhətlər informasiya istehsalçısı missiyasına sadiqlikdir, eyni zamanda, operativ şəkildə düzgün məlumatların yayılması dezinformasiyaya qarşı ən effektiv vasitədir;
- Yeni medianın operativlik, sərhədsizlik, interaktivlik və s. kimi üstünlüklərini nəzərə alaraq, informasiya istehsalının daha da gücləndirilməsinə təkan verilməsi günümüzün aktual tələbidir. Dezinformasiyaya qarşı mübarizə, etibarlı məlumatın təmin edilməsi üçün məlumatların yoxlanılmasına ciddi fikir verilməlidir. Yanlış və yalan məlumatlandırma, süni sensasiya yaratmaq meylləri, birtərəfli təqdimatlar və digər jurnalist etikasına zidd hallar yolverilməzdir;
- Dünyada gedən müasir texnoloji inkişafa uyğunlaşmaq və beynəlxalq jurnalistikada xüsusilə, Qərb jurnalistikasındakı yeni trend və tendensiyaların (araşdırma, elmi və vətəndaş jurnalistikası, multimedia, konvergensiya, hipermətn və s.) mənimsənilməsi mütləqdir. Daha çox qısa xəbər yayımına köklənən onlayn media subyektlərində müsahibə, reportaj, analitika, publisistika, araşdırma, ümumən klassik janrlara marağın (multimedia nümunələri əlavə etməklə) artırılması təmin edilməlidir;
- Dövlətin və cəmiyyətin maraq və mənafelərindən irəli gələn, onların uzlaşdırılmasına xidmət edən materialların sayının çoxaldılması və keyfiyyətinin yüksəldilməsi təmin olunmalıdır;
- Azərbaycan dövlət dilinin normalarına əməl edilməsi, əsasən proqramlar vasitəsi ilə hazırlanan tərcümə materiallarının keyfiyyətinə diqqətin artırılması şərtdir.
Xüsusi müddəalar
- Sosial şəbəkələrdə yayımlanan materialların həqiqətə uyğunluğu, səhihliyi ciddi şəkildə yoxlanılmalıdır. Nəzərə alınmalıdır ki, süni intellekt vasitəsilə istənilən foto və video məlumat, səs yazısı təhrif edilə bilər. Media nümayəndələri sosial şəbəkə istifadəçisindən fərqli olaraq, bu kimi hallarla qarşılaşdıqda dəqiqləşdirmə aparmalı və məlumatları yoxlamadan yaymamalıdırlar. Onlar yeni texnologiyaların, süni intellekt sistemlərinin dezinformasiya yayımında vasitə olduğunu unutmamalıdırlar. Xarici qüvvələrin sosial mediada yaratdığı təxribat və manipulyasiyalara qarşı effektiv şəkildə mübarizə aparılmalı, Azərbaycan cəmiyyətində milli maraqları qoruyan ictimai rəy formalaşdirilmalıdır;
- Jurnalist cəmiyyətin etimadlı xəbər əldə etməsində vasitəçidir. Buna görə də məzmun yaradıcılığında yeni texnologiyalardan, o cümlədən, süni intellekt proqramlarından asılı duruma düşməməli, onlara vəzifəsinin icrasında yardımçı vasitə kimi yanaşmalıdır;
- Azərbaycan mediası milli maraqların qorunması üçün ölkədə vahid və güclü ictimai rəy formalaşdırmalıdır. Milli maraqların əhəmiyyəti barədə məlumatlandırma və maarifləndirmə aparılmalı, həmçinin ölkənin suverenliyini təbliğ edən proqramlar, xəbərlər və məqalələr yayılmalıdır;
- Azərbaycan mediası beynəlxalq mediada daha fəal iştirak etməli və ölkə ilə bağlı məsələlərə doğru və obyektiv prizmadan yanaşmalıdır. Beynəlxalq media qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycanın mövqelərini müdafiə edən məqalələrin və reportajların hazırlanması vacibdir;
- Azərbaycan mediası regional və beynəlxalq səviyyədə digər dost ölkələrin media orqanları ilə əməkdaşlıq etməli, informasiya müharibəsi şəraitində təcrübə mübadiləsi həyata keçirməlidir.