Mətbuat Şurası “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirib

about1

Oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirilib. Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşən toplantıda əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib. Sonra ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş Vətən övladlarının, şəhid olmuş və və dünyasını dəyişmiş jurnalistlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin, Medianın İnkişafı Agentliyinin rəhbərliyinin, media subyeklərinin baş redaktorların qatıldıqları konfransda MŞ sədri Rəşad Məcid, Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov açılış nitqləri ilə çıxış edib, müzakirəyə çıxarılan mövzu ilə bağlı fikirlərini bölüşərək Azərbaycan dövlətinin və cəmiyyətinin media ilə bağlı gözləntilərindəki ayrı-ayrı məqamları dilə gətiriblər. Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin bəzi beynəlxalq dairələrin ölkəmizə qarşı informasiya savaşı və ideoloji müharibə apardıqlarına dair fikirlərindəki ayrı-ayrı məqamlar üzərində dayanılıb və bildirilib ki, ölkə mediasının və jurnalistlərin bu kimi qlobal çağırışlara, ölkəmizdəki sabitliyi və əminamanlığı pozmağa hesablanmış informasiya diversiyalarına adekvat yanaşması, hər zaman peşəkarlığı və həssaslığı əsas tutaraq çevik fəaliyyət göstərməsi son dərəcə vacibdir, günün təxirəsalınmaz tələbidir.  

Toplantıda əsas məruzəçi MŞ sədrinin müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub. V.Zifəroğlu siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan infor­ma­siya müharibəsi və cəmiyyətin informasiya təhlü­kəsiz­li­yi­nin təmin edilməsində medianın rolu mövzusunda çıxış edib.

Sonra MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər, inzibati və hüquqi modellər barədə söz açıb. MŞ İdarə Heyətinin üzvləri - Technote Media Şirkətinin rəhbəri Fərid Pərdəşünas Azərbaycan mediasının rəqəmsal transformasiyası şəraitindəki üstünlüklər və çatışmazlıqlar, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli isə sosial media ilə rəqabətdə mediadan gözləntilər mövzusunda fikirlərini səsləndiriblər.

Tədbirdə, həmçinin, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin doktorantları Nurşərəf Tağıyevanın və Sünbül Zalovanın ölkə mediasında beynəlxalq jurnalistika trendlərinin tətbiqi problemləri mövzusunda birgə təqdimatları olub. 

Toplantıda sadalanan mövzular ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin yekununda Azərbaycan Mətbuat Şurasının media subyektlərinə tövsiyələri açıqlanıb. Tövsiyələrdə məzmun yaradıcılığında hansı vasitələrdən istifadə edilməsinə fərq qoyulmadan “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na riayət edilməsinin, yeni medianın operativlik, sərhədsizlik, interaktivlik və s. kimi üstünlüklərinin nə­zə­rə alınaraq, infor­ma­siya istehsalının daha da gücləndirilməsinə təkan verilməsinin, dünyada gedən müasir texnoloji inkişafa uyğun­laşmağın və beynəlxalq jurnalistikadakı xü­susilə, Qərb jurnalistikasındakı yeni trend və tendensiyaların mənimsənilməsinin, dövlətin və cəmiyyətin maraq və mənafelərindən irəli gələn, onların uzlaş­dırıl­ma­sına xidmət edən materialların sayının çoxaldılmasının və keyfiy­yə­tinin yüksəl­dil­məsinin, Azərbaycan dövlət dilinin normalarına əməl edilməsinin, əsasən proqramlar vasi­tə­si ilə hazırlanan tərcümə materiallarının keyfiyyətinə diqqətin artırılmasının vacibliyi vurğulanıb.

Tövisyələrdə, həmçinin, sosial şəbəkələrdə yayımlanan materialların həqiqətə uyğunluğunun, səhihliyinin ciddi şəkildə yoxlanılmasının, jurnalistlərin mövcud sahədəki manipulyasiyalara həssas yanaşmalarının, xüsusən, yeni texnologiyaların, süni intellekt sistemlərinin dezinformasiya yayı­mın­da vasitə olduğunun nəzərə alınmasının zəruriliyi üzərində dayanılıb və bildirilib ki, media təmsilçiləri məzmun yaradıcılığında yeni texnologiyalardan, o cümlədən, süni intellekt proqramlarından asılı duruma düşməməli, milli maraqların qorunması üçün ölkədə vahid və güclü ictimai rəy formalaşdırmalı, beynəlxalq media ilə əməkdaşlığa can atmalı, Azərbaycanın möv­qe­lərini müdafiə edən məqalələrin və reportajların hazırlanmasına səy göstərməli, dünyada gedən aşkar informasiya müharibəsi şəraitində təcrübə mübadiləsinə üstünlük verməlidirlər.

Mətbuat Şurası “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda 2024-cü il oktyabrın 11-də keçirdiyi konfransının nəticəsi alaraq aşağıdakıları tövsiyə edir:

Ümumi müddəalar

  1. Jurnalistlər məzmun yaradıcılığında hansı vasitələrdən istifadə edilməsinə fərq qoymadan, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əsas­lan­ma­lı, ilk növbədə, dəqiq, qərəzsiz və tərəfsiz olmalı, ayrı-seçkiliyə yol ver­mə­mə­li, informasiya mənbələrinin məxfiliyini qorumalı, şəxsi həyatın toxu­nul­maz­lı­ğı­na, müəllif hüquqlarına hörmətlə yanaşmalıdırlar. Bu cəhətlər informasiya istehsalçısı missiyasına sadiqlikdir, eyni zamanda, operativ şəkildə düzgün məlumatların yayılması dezinformasiyaya qarşı ən effektiv vasitədir;
  2. Yeni medianın operativlik, sərhədsizlik, interaktivlik və s. kimi üstünlüklərini nə­zə­rə alaraq, infor­ma­siya istehsalının daha da gücləndirilməsinə təkan verilməsi günü­müzün aktual tələbidir. Dezinformasiyaya qarşı mübarizə, etibarlı mə­lumatın təmin edilməsi üçün məlumatların yoxlanılmasına ciddi fikir verilməlidir. Yanlış və yalan məlumatlandırma, süni sensasiya yaratmaq meylləri, birtərəfli təqdimatlar və digər jurnalist etikasına zidd hallar yolverilməzdir;
  3. Dünyada gedən müasir texnoloji inkişafa uyğun­laşmaq və beynəlxalq jurnalistikada xü­susilə, Qərb jurnalistikasındakı yeni trend və tendensiyaların (araşdırma, elmi və vətəndaş jurnalistikası, multimedia, konvergensiya, hiper­mətn və s.) mənimsənilməsi müt­ləqdir. Daha çox qısa xəbər yayımına  kök­lə­nən onlayn media subyektlərində müsahibə, reportaj, analitika, pub­lisis­ti­ka, araş­dırma, ümumən klassik janrlara marağın (multimedia nümu­nə­ləri əlavə etməklə) artırılması təmin edilməlidir;  
  4. Dövlətin və cəmiyyətin maraq və mənafelərindən irəli gələn, onların uzlaş­dırıl­ma­sına xidmət edən materialların sayının çoxaldılması və keyfiy­yə­tinin yüksəl­dil­məsi təmin olunmalıdır;
  5. Azərbaycan dövlət dilinin normalarına əməl edilməsi, əsasən proqramlar vasi­tə­si ilə hazırlanan tərcümə materiallarının keyfiyyətinə diqqətin artırılması şərtdir.

Xüsusi müddəalar

  1. Sosial şəbəkələrdə yayımlanan materialların həqiqətə uyğunluğu, səhihliyi ciddi şəkildə yoxlanılmalıdır. Nəzərə alınmalıdır ki, süni intellekt vasitəsilə istə­ni­lən foto və video məlumat, səs yazısı təhrif edilə bilər. Media nümayəndələri so­sial şəbəkə istifadəçisindən fərqli olaraq, bu kimi hallarla qarşılaşdıqda dəqiq­ləşdirmə aparmalı və məlumatları yoxlamadan yaymamalıdırlar. On­lar yeni texnologiyaların, süni intellekt sistemlərinin dezinformasiya yayı­mın­da vasitə olduğunu unutmamalıdırlar. Xarici qüvvələrin sosial mediada yarat­dığı təxribat və manipulyasiyalara qarşı effektiv şəkildə mübarizə aparılmalı, Azər­baycan cəmiyyətində milli maraqları qoruyan ictimai rəy forma­laş­diril­ma­lıdır;
  2. Jurnalist cəmiyyətin etimadlı xəbər əldə etməsində vasitəçidir. Buna görə də məzmun yaradıcılığında yeni texnologiyalardan, o cümlədən, süni intellekt proqramlarından asılı duruma düşməməli, onlara vəzifəsinin icrasında yardımçı vasitə kimi yanaşmalıdır;
  3. Azərbaycan mediası milli maraqların qorunması üçün ölkədə vahid və güclü ictimai rəy formalaşdırmalıdır. Milli maraqların əhəmiyyəti barədə məlu­mat­landırma və maarifləndirmə aparılmalı, həmçinin ölkənin suverenliyini təbliğ edən proqramlar, xəbərlər və məqalələr yayılmalıdır;
  4. Azərbaycan mediası beynəlxalq mediada daha fəal iştirak etməli və ölkə ilə bağlı məsələlərə doğru və obyektiv prizmadan yanaşmalıdır. Beynəlxalq media qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycanın möv­qe­lərini müdafiə edən məqalələrin və reportajların hazırlanması vacibdir;
  5. Azərbaycan mediası regional və beynəlxalq səviyyədə digər dost ölkələrin media orqanları ilə əməkdaşlıq etməli, informasiya müharibəsi şəraitində təcrübə mübadiləsi həyata keçirməlidir.

 

11.10.2024