Mətbuat Şurası “CBC Sport”u fəaliyyətinin 10 illiyi ilə bağlı təbrik edib

about1

Bu gün “CBC Sport” telekanalının 10 illiyidir. Telekanal ötən müddətdə Azərbaycanın efir məkanına rəngarənglik gətirdi, onun ayrı-ayrı proqram və verilişləri, ümumən məxsusi yaradıcılıq tərzi cəmiyyətimizdə nəinki idmanı daha da populyarlaşdırdı, eyni zamanda, sahənin təqdimatına tamlıq və dolğunluq qazandırdı. Buna görə “CBC Sport”un fəaliyyəti jurnalistikamızın ixtisaslaşmasına, idman jurnalistikasının inkişafına xidmət nümunəsidir.

Neçə-neçə beynəlxalq və yerli əhəmiyyətli mötəbər turnirlərin yayımını yüksək səviyyədə təşkil etmiş “CBC Sport”da çalışan yaradıcı heyətin əzmkarlığı, bacarığı və səriştəsi sayəsində telekanalın inkişafının davamlı xarakter daşıyacağı birmənalıdır. Bu günün inkişaf göstəriciləri isə yeni müvəffəqiyyətlər üçün təminatdır. Əminik ki, media orqanı gələcək uğurları ilə də idman ictimaiyyətini və bütövlükdə cəmiyyətimizi sevindirəcək.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri əməksevər “CBC Sport” ailəsini  telekanalın fəaliyyətinin 10 illiyi münasibəti ilə təbrik edir, bu ailənin hər bir üzvünə möhkəm cansağlığı, yüksək yaradıcılıq şövqü diləyir, ən xoş arzularını çatdırmaqdan məmnunluq duyurlar.

01.11.2025