Veteran jurnalist Hidayət Elvüsalın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib
Azərbaycan Mətbuat Şurasında veteran jurnalist Hidayət Elvüsalın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid yubilyarın ömür yolu barədə məlumat verərək bildirib ki, 1949-cu il iyununun 25-də Kəlbəcərdə anadan olmuş H.Elvüsal Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. O, rayonda çıxan “Yenilik” qəzetində, yerli radio verilişləri redaksiyasında çalışıb, həmçinin Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib. Müxtəlif illərdə “Azərbaycan gəncləri”, “Xalq qəzeti” (o zamankı “Kommunist”), “Ədalət” qəzetlərində işləyib.
Yubilyarın ötən əsrin 90-cı illərinin əvvəllərində böyük populyarlıq qazanmış “Səhər” qəzetinin yaradıcılarından biri olduğunu, nəşrdə baş redaktorun müavini kimi fəaliyyət göstərdiyini deyən R.Məcid onun “Belə-belə işlər” və “Kriminal” qəzetlərinə də rəhbərlik etdiyini, dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə tanındığını vurğulayıb.
MŞ sədri onu da bildirib ki, H.Elvüsalın xüsusən “Belə-belə işlər” rubrikası ilə dərc edilmiş saysız-hesabsız yazıları cəmiyyətin ruhundan xəbər verib. Bu cəhət müəllifə nüfuz və hörmət qazandırıb. R.Məcid yubilyarın eyni zamanda mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanındığını deyib. MŞ sədri rəhbəri olduğu qurumun diplomunu H.Elvüsala təqdim edib.
Toplantıda çıxış edənlərdən “Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, yubilyarın sənət dostlarından, tələbəlik və iş yoldaşlarından əməkdar jurnalist Rəhim Hüseynzadə, İsrəfil Qurbanov, Əli Şamil, Akif Cabbarlı, “Xalq qəzeti”nin şöbə müdiri İmran Bədirxanlı, şair Adil Cəmil və başqaları H.Elvüsalın yaradıcılığındakı ayrı-ayrı məqamlardan söz açıblar. Onlar bildiriblər ki, yubilyar jurnalistikaya xüsusi ahəng gətirən ifadə tərzi, milli mətbuatımızın ənənələrinə sadiqlik ruhu, hadisə və proseslərə peşəkar yanaşması ilə seçilib. Jurnalistikada olduğu kimi, publisistikada da özünəxas dəst-xətti onu hər zaman oxucuların sevimlisi edib.
Sonda çıxış edən H.Elvüsal əməyinə verilən qiymətə, haqqında söylənilən xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.