Jurnalist və publisist Yaqut Bahadurun 65 illik yubileyi qeyd edilib
Bu gün Azərbaycan Mətbuat Şurasında jurnalist və publisist, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurun 65 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə MŞ sədrinin müavini Səadət Məmmədova açaraq, yubilyarın zəngin yaradıcılıq yolu keçdiyini bildirib. O, təmsil olunduğu qurumun belə qələm sahiblərinin həyat yoluna dəyər ənənəsinin mövcudluğunu vurğulayıb və toplantının da bu məqsədlə təşkil edildiyini diqqət çatdırıb. S.Məmmədova Mətbuat Şurası tərəfindən Y.Bahadurun diplomla təltif olunduğunu deyib və diplomu yubilyara təqdim edib.
Çıxış edənlərdən “Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli, texnika elmləri doktoru Turan İbrahimov, şair və yazar Şahnaz Şahin, əməkdar jurnalist Ətrabə Rzayeva, Vətən müharibəsi şəhidi Cəmil Həşimlinin anası Simuzər Bağıyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Coşğun İbrahimov və Nərmin Dadaşova, padaqoq və şair Səyyarə Valeh, şair Sevinc Arzulu, padaqoqlar Mehriban Hacıyeva, Aybəniz Musayeva və Dilşad Yaqubova, iş adamı Gündüz Əliyev və başqaları Y.Bahadur yaradıcılığının spesifik məqamlarından söz açıb, xatirərlərini bölüşüb, təbriklərini çatdırıb və yubilyara uğurlar arzulayıblar.
Qeyd edək ki, Yaqut Bahadur qızı Əşrəfova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini, Bakı Sosial İdaraetmə və Politologiya institutunu bitirib. Müxtəlif illərdə Kürdəmir rayonunda məsul vəzifələrdə çalışıb. Hazırda Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional Filialının müdiridir.
Yubilyar “Həsrət”, “Vurğunam nəğməyə, saza”, “Qoca Şirvanın balasıyam mən”, “Mən Muradlar övladıyam”, “Aşıq Əhmədin yaradıcılığı”, “Hay ver mənə, cənab leytenant”, 39 kürdəmirli şəhid haqqında oçerklərdən ibarət “Ölümü ömür seçənlər” kitablarının, onlarla elmi, publisistik məqalə və oçerkin müəllifi, AJB və AYB-nin üzvüdür.