Mətbuat Şurasında Gürcüstanın Azərbaycan dilli media orqanları ilə bağlı müzakirə aparılıb
Bu gün Azərbaycan Mətbuat Şurasında Gürcüstanın Azərbaycan dilli media orqanlarının vəziyyətinə dair müzakirə aparılıb. “Borçalı” İctimai Birliyinin təşəbbüsü və Şuranın dəstəyi ilə təşkil olunmuş toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, dost ölkə olan Gürcüstanda fəaliyyət göstərən mətbuat orqanları həmişə özlərinin yaradıcılıq dəst-xətti ilə seçiliblər. Onlar Azərbaycan və Gürcüstan arasında körpü rolunu oynamaqla, hər iki ölkə xalqlarının tarixi yaxınlıq tellərinin vurğulanmasına, mədəni dəyərlərin təbliğinə müstəsna töhfə veriblər.
R.Məcid onu da bildirib ki, Azərbaycanın milli mətbuatının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi, Prezident İlham Əliyevin bununla əlaqədar Sərəncam imzalaması Gürcüstandakı Azərbaycan dilli mətbuatın fəaliyyət dairəsinə də diqqət yetirmək üçün yaxşı imkanlar yaradır və məsələyə həssas yanaşmaq lazımdır. O, toplantıda bu həssaslığı nəzərə alan fikirlərin səslənəcəyinə ümidvar olduğunu vurğulayıb.
Jurnalist, şair və publisist Dəyanət Osmanlı çıxışında Gürcüstanın Azərbaycan dilli mətbuatı ilə bağlı şəxslərin bir araya gəlməsinin vacibliyini vurğulayan cəhətlərə diqqət çəkib. “Borçalı” İctimai Birliyinin sədr müavini, “Əqli mülkiyyət” jurnalının ədəbi redaktoru Şərif Kərimli isə deyib ki, milli mətbuatımızın 150 illik yubileyi və bununla bağlı Prezident Sərəncamı yubiley toplantılarının birinin Gürcüstanda təşkili zərurətini doğurur. Ş.Kərimli çıxışında, həmçinin, qonşu ölkədə Azərbaycan dilli mətbuatın yaranması və inkişaf yoluna dair fikirlərini də bölüşüb.
Toplantıda çıxış edənlərdən filologiya üzrə fəlsəfə doktoru Razi Məmmədli və başqaları Azərbaycan ədəbi və mətbu irsinin formalaşmasında Tiflis mühitinin önəmindən söz açıb, qlobal transformasiya dövründə Gürcüstandakı Azərbaycan dilli media orqanlarının üzləşdikləri çətinlikləri sadalayıb, bir sıra maraqlı tendensiyalara diqqət çəkiblər.