“Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı müsabiqənin qalibləri mükafatlandırılıb
Azərbaycan Mətbuat Şurasının “Veysəloğlu” Şirkətlər Qrupu və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə media subyektləri (qəzet, jurnal, informasiya agentliyi, internet resursları, televiziya və radio) arasında elan olunmuş “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mərasimdə çıxış edən “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin baş katibi Araz İmanov bildirib ki, pərakəndə ticarət şəbəkələri ölkə iqtisadiyyatının mühüm tərkib hissəsidir və bu sahənin strateji əhəmiyyəti günü-gündən artır. Onun sözlərinə görə, hazırda Azərbaycanda pərakəndə ticarət sahəsində şəbəkələrin bazar payı təxminən 30–32 faiz təşkil edir. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 90–95 faizə qədər yüksəlir və bu, iqtisadi inkişafın əsas indikatorlarından biri sayılır.
A.İmanov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən ticarət şəbəkələrində təxminən 100 min nəfər çalışır, bu da 100 min ailənin dolanışıq mənbəyi deməkdir. Həmçinin bu şəbəkələr minlərlə hüquqi və fiziki şəxslə əməkdaşlıq edir, onların biznes fəaliyyətlərinə töhfə verir. Bu əməkdaşlıq nəticəsində kiçik sahibkarlar orta sahibkarlığa, orta sahibkarlar isə iri sahibkarlıq səviyyəsinə yüksəlirlər. Pərakəndə ticarət şəbəkələri sahibkarlıq strukturunda lokomotiv rolunu oynayaraq xidmət keyfiyyətinin yüksəldilməsi və dövlət standartlarının tətbiqi sahəsində də mühüm rol oynayır.
Tədbirdə çıxış edən layihə rəhbəri Məhəmmədəli Qəribli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də pərakəndə sektorun ölkə iqtisadiyyatındakı strateji rolunu vurğulayıblar. Onlar qeyd ediblər ki, bu sektor təkcə satış və xidmətlə məhdudlaşmır, eyni zamanda, sahibkarlığın inkişafı, məşğulluğun artırılması, regionların sosial-iqtisadi dirçəlişi və yerli istehsalın təşviqi baxımından da əhəmiyyətlidir.
Çıxışlarda o da bildirilib ki, bu kimi media müsabiqələri jurnalist və ictimaiyyətin diqqətini pərakəndə ticarət sektorunun real potensialına yönəltmək, bu sahənin iqtisadi sistemdəki yerini daha dərindən analiz etmək və ictimaiyyətə obyektiv informasiya təqdim etmək baxımından əhəmiyyətlidir.
Tədbir zamanı mövzuya dair videoçarx da nümayiş etdirilib.
Müsabiqə qalibləri aşağıdakılardır:
I yer
APA – Şükran Məmmədov
Baku.ws saytı – Orxan Hüseynov
“Təzadlar” qəzeti – Asif Mərzili
II yer
Bizim.media – Surxay Atakişiyev
Müstəqil İnformasiya Agentliyi Mia.az – Zülfiyyə Mustafayeva
Trend İA – Fərid Zöhrablı
III yer
“Yeni Azərbaycan” qəzeti – Elbrus Cəfərov
Report İA – Elgün Mənsimov
“Yeniavaz.com” saytı – Allahverdi Cəfərov
Həvəsləndirici mükafatlar
- “525-ci qəzet” – Sevinc Cəfərova
- “Sitat.info” saytı – Nərgiz Salmanova
- “Təzadlar” qəzeti – Yasəmən Məmmədova
- AFN.az saytı – Həbibə Abdulla
- Azpolitiko.info – İsmayıl İsmayılov
- Report İA – İlahə Məmmədli
- AZƏRTAC – Suvar İbadov
- Səs İA – Lalə Mehralı
- AZƏRTAC – Təhminə Verdiyeva
- Müsavat.com – Aytən Novruzova