“Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda silsilə tədbirin birincisi Mətbuat Şurasında keçirilib

about1

Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda silsilə tədbirlər keçirilir. İlk belə tədbir Azərbaycan Mətbuat Şurasında baş tutub.

Toplantını açan MŞ sədri Rəşad Məcid göstərilmiş təşəbbüsə görə BDU-nun və jurnalistika fakültəsinin rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, Ulu öndər Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan şəxsiyyətlərdəndir. Şura sədri Heydər Əliyevin dövlət başçısı kimi imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanın ölkə mətbuatının inkişafında mühüm hadisə kimi qiymətləndirildiyinə diqqət çəkib. Məhz bu Fərmanla mətbuatda və digər KIV-lərdə Dovlət Sirlərini Mühafizə edən Baş İdarənin ləğv edildiyini vurğulayıb, bunu son dərəcə mühüm tarixi hadisə adlandırıb.

R.Məcid onu da bildirib ki, Ulu öndər mətbuata və mətbuat işçilərinə hər zaman diqqət və qayğı ilə yanaşıb. Buna görə də “Jurnalistlərin dostu” adına layiq görülüb. Sədr, həmçinin, 2003-cü ildə ölkə jurnalistlərinin birinci qurultayında Mətbuat Şurasının yaradılmasından bəhs edib. Heydər Əliyevin MŞ-nin formalaşmasına, ümumən, jurnalistikanın təşkilatlanmasına, cəmiyyətdə söz və ifadə azadlığının dərinləşməsinə, demokratik dövlət quruculuğu prosesində medianın roluna həssas yanaşdığını vurğulayıb.

BDU-nun jurnalistika fakültəsinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə mövzu ətrafında tələbələri maraqlandıran suallar da cavablandırılıb.

25.04.2023