Mətbuat Şurasının İdarə Heyətinin üzvü beynəlxalq tədbirdə iştirak edib
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət aprelin 22-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş beynəlxalq jurnalist mükafatının təqdimat mərasimində iştirak edib.
Dünyanın ən böyük maliyyə fonduna malik olan və Fetisov Jurnalistika Ödülləri adı ilə artıq 4-cü dəfə təqdim edilən mükafat 4 istiqaməti əhatə edir. Araşdırma, sülhə xidmət, vətəndaş hüquqları və ətraf mühit mövsuzunda yazan jurnalistlər bu müsabiqədə iştirak ediblər.
Qeyd edilən istiqamətlər üzrə ilk yeri tutan jurnalistlərin hər birinə 100 min İsveçrə frankı (192 min manat) məbləğində pul mükafatı verilib. 2-ci yerə 20 min, 3-cü yerə isə 10 min frank mükafat verilib.
Qaliblər dünyanın 81 ölkəsindən göndərilmiş 350 yazının müəllifləri arasından seçilib. İlkin mərhələdə yazıları Azər Həsrətin də daxil olduğu beynəlxalq ekspertlər şurası nəzərdən keçirib, müvafiq rəy verib. Daha sonra münsiflər heyəti növbəti mərhələyə keçən 37 yazı arasından qalibləri seçib.
Azər Həsrət səfər çərçivəsində beynəlxalq platformalarda özünəməxsus yeri olan media peşəkarları ilə görüşüb, müzakirələr aparıb. Eyni zamanda o, mükafatın təşəbbüskarı, iş adamı, filantrop, prodüser Gleb Fetisovla görüşərək fikir mübadiləsi aparıb. Qeyd edək ki, Azər Həsrət artıq ikinci ildir ki, bu mükafat üzrə ekspert şurasında təmsil olunur.