Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Komissiya sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verərək bildirib ki, müzakirəyə çıxarılmış altı məsələ ilə əlaqədar MŞ-nin Katibliyi tərəfindən həm şikayətçi ilə, həm də qarşı tərəflə müvafiq söhbətlər aparılıb. Şuranın icraçı katibi Əvəz Rüstəmov aparılmış söhbətlərin nəticələri barədə məlumat verib.
Müzakirəyə çıxarılan şikayətlərdə cavabdeh media orqanının qarşı tərəfin fikrinə önəm verməməsi, konkret şəxsin bir neçə media orqanı tərəfindən hədəfə götürülməsi, eyni media orqanının bir tənqid hədəfi barədə davamlı materiallar yayımlaması motivləri diqqət çəkib. Komissiya üzvləri – Hacıbəy Heydərli, Ceyhun Musaoğlu və Bəhruz Məmmədzadə çıxışlarında mövcud xüsuslar üzrə “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın hansı prinsiplərinin pozulduğunu müəyyənləşdiriblər.
İclasda mövcud istiqamətdə şikayətçilərin və cavabdehlərin müvafiq qaydada məlumatlandırılmasının vacibliyi vurğulanıb. MŞ-nin Katibliyinə bununla əlaqədar tapşırıqlar verilib. İclasda, eyni zamanda, media fəaliyyəti ilə bağlı olmayan, bir qayda olaraq, mediadan sui-istifadə meyillərinin əksini tapdığı şikayətlərə də baxış keçirilib. Bildirilib ki, bu sayaq halların araşdırılması, bilavasitə, Mətbuat Şurasının səlahiyyətinə aid olmasa da, onların cəmiyyətdə doğurduğu reaksiya, mediamız adına mənfi təəssürat, xoşagəlməz mənzərə formalaşdırmaqdadır. Buna görə də Mətbuat Şurası şikayət müəlliflərini zəruri qaydada məlumatlandırmalı, onların şikayətlərinin aidiyyatı üzrə göndərilməsini təmin etməklə, müvafiq instansiyalarda həmin məsələlərlə bağlı görülmüş işləri diqqətdə saxlamalıdır. İclasda Şuranın Katibliyinə bununla əlaqədar da müvafiq tapşırıqlar verilib.