Yadigar Məmmədli - 65

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri, Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədlinin 65 yaşı tamam olur.
Yubilyar müasir Azərbaycan jurnalistikasının inkişafında xidmətləri ilə seçilən həmkarlarımızdandır. O, ölkədə söz və ifadə azadlığının dərinləşməsinə, bu ali dəyərlərin cəmiyyətdə və media məkanında möhkəmlənməsinə müstəsna töhfələr verib. Yazdığı çoxsaylı məqalələr, müəllifi olduğu kitablar və dərs vəsaitləri həm praktik nöqteyi-nəzərdən, həm də sahənin nəzəri spesifikasının vurğulanması baxımından xüsusi əhəmiyyət daşıyıb.
Y.Məmmədli jurnalistikanın təşkilatlanmasına, medianın özünütənzimləmə modeli kimi Mətbuat Şurasının formalaşmasına və inkişafına böyük əmək sərf edib. O, Şuranın İdarə Heyətinin üzvü olaraq qurumun üzərinə düşən missiyasını yerinə yetirməsi, həmçinin, beynəlxalq müstəvidə tanınması istiqamətində məqsədyönlü fəaliyyət göstərib və işini səmərəli şəkildə davam etdirməkdədir.
Prinsipiallığı, işgüzarlığı və səmimiyyəti ilə həmkarlarının, ümumən, media cameəsinin hörmətini qazanmış Y.Məmmədlini 65 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti