Ümumdünya Mətbuat Şuraları Asossiasiyasının üzvləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılıb
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının üzvlərinin diqqətinə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı durum, münaqişə ilə bağlı dünyanın müxtəlif media orqanlarının yanaşması sahəsindəki tendensiyalar çatdırılıb. Bununla əlaqədar keçirilmiş onlayn konfransda Assosiasiyanın rəhbərliyi və 20-dək ölkədən nümayəndələr qatılıblar. Azərbaycan tərəfdən tədbirdə Şura sədri Əflatun Amaşovla yanaşı qurumun sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, İdarə Heyətinin üzvləri - “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı iştirak ediblər.
Mətbuat Şurasının sədri Ə.Amaşov öncə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nizamlama prosesinə zidd fəaliyyətindən söz açıb. O bildirib ki, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra yeni baxışlar irəli sürdü. O baxışlar ki, 30 ilə yaxın davam edən danışıqlardan uzaqdır. Bu, Ermənistanın 1992-1993-cü illərdə işğal etdiyi Azərbaycan torpaqlarının sülh yolu ilə qaytarmağa razı olmaması demək idi. Üstəlik Ermənistan hakimiyyəti yeni ərazilər işğal etmək fikrinə düşdü. Azərbaycan Ordusu buna görə əks-hücum əməliyyatlına keçdi. Ölkəmizin əks-hücum əməliyyatı həm yeni işğalların qarşısını almaq, həm də illərdir davam edən işğala son qoymaq məqsədi daşıyır.
“Dağlıq Qarabağ həqiqətləti ilə bağlı dünya mediasında xoşagəlməz, qeyri-obyektiv fikirlər yayılır. Azərbaycan 1991-ci ildə müstəqillliyini əldə edib. Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi beynəlxalq münasibətlərdə təsbit olunub. Ermənistan ərazilərimizin 20 fazini işğal edib. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azəbaycan torpaqlarının azad olunması ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, buna əhəmiyyətsiz yanaşılıb. Hərbi əməliyyatlar bunun nəticəsidir. Azərbaycan xalqı torpaqlarının işğalda qalmasına göz yuma bilməz”, - deyən Ə.Amaşov Dağlıq Qarabağ münaqişəsinə dünya mediasının böyük diqqət göstərdiyini vurğulayıb. Ancaq təəssüf ki, bu diqqət əksər hallarda qərəz tonları ilə özünü göstərməkdədir. Bəzən elə təəssürat yaranır ki, müəyyən qüvvələr özləri qəsdən münaqişənin tarixinə, obyektiv reallıqlara diqqət yetirmək istəmirlər.
MŞ sədri həmçinin bildirib ki, işğalçı Ermənistan tərəfindən Azərbaycan jurnalistlərinin fəaliyyətinə maneçilik halları baş verməkdədir. “Dörd halda Azərbaycan jurnalistlərinin xidməti avtomobili atəşə tutulub, jurnalistlər xəsarət alıblar. Bununla bağlı biz beynəlxalq təşkilatları məlumatlandırmışıq. Onu da bildirmək istərdim ki, Dağlıq Qarabağ ərazisi hüquqi cəhətdən Azərbaycan ərazisi kimi tanındığından bölgəyə jurnalist səfərləri Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməlidir. Bunun yolu isə Azərbaycan Xarici İşlər Nazirliyində qeydiyyatdır. Lakin Müxtəlif xarici media orqanları məsələyə önəm vermirlər. Onlar Ermənistandan keçərək bölgəyə qeyri-qanuni gəlirlər. Bu zaman təhlükəzislik üçün təminat olmur. Ermənistan dairələri bəzən özləri qəsdən jurnalistləri tam təhlükəli nöqtələrə aparırlar. Çalışırlar ki, jurnalistlər ölüm təhlükəsi ilə üzləşsinlər və bunu Azərbaycan hərbçilərinin günahı kimi göstərsinlər”, - deyə Ə.Amaşov vurğulayıb.
Ə.Amaşov eyni zamanda məlumat verib ki, Azərbaycanda fəaliyyət göstərən Fransanın TF1 telekanalı cəbhə bölgəsindən hazırladığı reportaja görə Fransadakı erməni lobbisi tərəfindən təzyiqlə üzləşib. Hətta telekanalın əməkdaşı ölümlə hədələnib, təhqirə məruz qalıb: “İstərdik ki, bu məsələyə də sizin reaksiyanız olsun. Təbii, hadisə söz və ifadə azadlığına təhdiddir. Azərbaycan jurnalistikası olaraq biz faktı pislədik və beynəlxalq təşkilatlara müraciət ünvanladıq. Biz istəmirik ki, müharibə bölgəsində fəaliyyət göstərən jurnalistlər hücuma məruz qalsınlar. İstəmirik ki, cəbhə bölgəsində fəaliyyət göstərən və obyektiv həqiqətləri dünyaya çatdıran jurnalistlər təzyiqlə üzləşsinlər”.
Qeyd edək ki, onlayn konfrasda MŞ təmsilçiləri tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.