Mətbuat Şurasının İdarə Heyətinin üzvləri AİPCE-nin illik toplantısına qatılıblar

about1

Monteneqronun Budva şəhərində Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) 26-cı illik toplantısı keçirilib. “Monteneqro  mediasının özünütənzimləmə Şurası”nın evsahibliyini etdiyi tədbirə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri - Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli və Yadigar Məmmədli qatılıb.

“Mətbuat şuralarının gələcəyi” devizi ilə keçirilmiş toplantı AİPCE-yə üzv təşkilatların illik hesabatlarının təqdimatı ilə başlayıb. Təşkilati məsələlərə baxılarkən, ilk  növbədə, növbəti bir il üçün AİPCE-nin fəaliyyətini koordinasiya edəcək katiblik formalaşdırılıb. Həmçinin, quruma “müşahidəçi üzv” statusu almaq üçün müraciət ünvanlamış yeni təşkilatlar ətrafında müzakirə aparılıb.

Tədbirdə “Rəqəmsal dövrdə mətbuat şuralarının rolu”, “Müharibə şəraitində və təzyiqlər dövründə  medianın özünütənzimləmə prinsipləri”, “Yeni şərtlər Etika Kodeksinin dəyişməsini tələb edirmi?”, “Etik kodekslə  hüquqi tələblərin toqquşduğu şəraitdə şikayətlərin baxılması qaydası” mövzuları müzakirəyə çıxarılıb.

Bununla yanaşı, toplantı çərçivəsində müasir media tendensiyalarına da xüsusi diqqət yetirilib. Bu baxımdan “Media sektorunda son trendlər”, “Süni intellektin  jurnalistikaya təsirləri”,  “ChatGPT, DeepSeek, Google Search və müəllif hüquqları” kimi mövzular üzrə panel sessiyalar təşkil edilib.

Qeyd edək ki, Avropa Müstəqil Mətbuat Şuraları Alyansı (AİPCE) Avropa dövlətlərində fəaliyyət göstərən mətbuat şuralarının koordinasiyasını həyata keçirən beynəlxalq təşkilatdır. 2024-cü ildən etibarən başqa qitələrdə fəaliyyət göstərən mətbuat şuralarının da AİPCE-də müşahidəçi üzv statusunda iştirakına qərar verilib. Azərbaycan Mətbuat Şurası isə uzun illərdir AİPCE-nin tam hüquqlu üzvüdür və onunla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

01.10.2025