Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantını açan MŞ sədri Rəşad Məcid gündəliyi elan edib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda müzakirə edilən ilk məsələ MŞ sədrinin İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı məlumatı olub. R.Məcid bildirib ki, rəhbərlik etdiyi qurum ötən müddətdə media nümayəndələrinin milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı təltif edilmələri istiqamətində aparılan fəaliyyətə yaxından dəstək oldu, öz namizədlərini müəyyənləşdirərək ölkə rəhbərliyinə təqdim etdi.
Mətbuat Şurası iyulun 24-də Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanladı. Məktubda dövlətimizin başçısına həm “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamına, həm “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsinə dair Fərmanına, həm də “Media nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncamına, ümumən, mediaya, jurnalistlərə daim həssas münasibətinə, yüksək dəyərinə və qədirbilənliyinə görə minnətdarlıq ifadə olundu.
R.Məcid onu da deyib ki, MŞ “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına namizədlərini də müəyyənləşdirdi və Medianın İnkişafı Agentliyinə təqdim etdi. Hesabat dövründə Şurada araşdırmaçı-jurnalist Elxan Salahovun “Başlıbel: yaranışdan işğaladək”, mina terrorunun qurbanı olmuş, şəhid jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimova həsr olunmuş “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitablarının, Rusiyada yaşayan jurnalist, yazıçı və publisist Ulduz Qasımın 4 kitabının təqdimatı, habelə yazıçı-publisist Salman Alıoğlunun 70, “Ədalət” qəzetinin 35 illiyi ilə bağlı yubiley tədbiri keçirildi. Şura ayrı-ayrı media orqanlarının yubileyləri ilə bağlı 4 təbrik mətni yaydı.
Bundan başqa, MŞ Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakın Qəzzada peşə vəzifəsini yerinə yetirərkən həyatını itirməsinə dair mövqeyini açıqladı. Bununla bağlı məlumatda ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinin problemli məqamlarına toxunuldu, qardaş ölkənin media təmsilçiləri ilə həmrəylik ifadə olundu, başsağlığı diləkləri çatdırıldı.
Sentyabrın 30-da Bakıda Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən “Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun iştirakçısı olan Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov Azərbaycan Mətbuat Şurasında oldu, onunla ətraflı fikir mübadiləsi aparıldı.
Mətbuat Şurası avqustun 20-də “Azərpoçt” MMC ilə birlikdə “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda jurnalistlər üçün müsabiqə elanı verdi. Müsabiqəyə yazı qəbulu sentyabrın 20-də yekunlaşdı və tezliklə qaliblər mükafatlandırılacaqlar.
R.Məcid məlumatında eyni zamanda bidirdi ki, Şura fəaliyyətində media müstəvisində, ümumən informasiya yayıcılığı prosesində nəzərə çarpan mənfi tendensiyalara da münasibətini açıqlayır. Qurum ötən müddətdə informasiyanın, jurnalist təqdimatının cəmiyyətdə bölücülük yaratmamalı olduğuna dair tövsiyə mətni yayıb.
***
MŞ-nin icraçı katibi Əvəz Rüstəmov quruma müraciətlərlə bağlı məlumat verdi. O, ümumilikdə 6 şikayət üzrə Şura Katibliyinin həyata keçirdiyi işlərdən söz açdı və bildirdi ki, həmin şikayətlərdən biri Şikayətlər üzrə Komissiyanın müzakirəsinə təqdim olunacaq. Digər beş məsələ üzrə isə şikayətçilərlə cavabdehlər arasında anlaşma əldə olunub.
***
İclasda məlumat verildi ki, Mətbuat Şurası ölkə Prezidentinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncama uyğun olaraq iki təşəbbüs irəli sürmüşdü. Bunlardan birincisi “Əkinçidən 50 il sonra”, ikincisi “Mətbuatnamə. 150 ilin xronikası” kitabının hazırlanması və çapı idi. Birinci kitabın müəllifi araşdırmaçı jurnalist Müsəllim Həsənov, ikincisinin müəllifi isə MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıdır. İclasda A.Aşırlının müəllifi olduğu kitabla bağlı ətraflı məlumatı dinlənildi. O bildirdi ki, nəşrdə ötən müddətdə Azərbaycanda işıq üzü görmüş mətbuat orqanları ilə bağlı məlumatlar toplanılıb.
***
Toplantıda MŞ-nin Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərlinin İdarə Heyətinin üzvü Yadigar Məmmədli ilə birgə qatıldığı Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) illik toplantısı ilə bağlı bağlı məlumatı da dinlənildi. Komissiya sədri diqqətə çatdırdı ki, Monteneqronun Budva şəhərində təşkil olunmuş tədbirdə AİPCE-yə üzv təşkilatların illik hesabatları, “Rəqəmsal dövrdə mətbuat şuralarının rolu”, “Müharibə şəraitində və təzyiqlər dövründə medianın özünütənzimləmə prinsipləri”, “Yeni şərtlər Etika Kodeksinin dəyişməsini tələb edirmi?”, “Etik kodekslə hüquqi tələblərin toqquşduğu şəraitdə şikayətlərin baxılması qaydası” mövzuları ətrafında müzakirələr aparıldı.
***
İclasda baxılan sonuncu məsələ isə MŞ-yə yeni üzvlərin qəbulu oldu. Müzakirələrdən sonra “Sport Time” jurnalı, “Citypost.az”, “Oxu24.com”, “İqtisadiyyat.az” və “Crossmedia.az” saytları Şuraya üzv qəbul edildilər.