MŞ sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının pandemiya dövründə medianın fəaliyyətinə həsr olunmuş onlayn konfransında iştirak edib

about1

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amamov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş “Pandemiyadan sonra media perspektivləri” mövzusundakı onlayn konfransda iştirak edib. Ə.Amaşov konfransdakı çıxışında Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimində kütləvi informasiya vasitələrinin təmsilçilərinə yaradılan fəaliyyət imkanından da söz açıb. Onun mövcud istiqamətdəki məlumatları maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

MŞ sədri  bildirib ki, pandemiyanın davam etdiyi hazırkı şəraitdə medianın necə fəaliyyət göstərəcəyi məsələləri həm də post pandemiya dövrü üçün aktual əhəmiyyət daşımaqdadır. Fəsadların hər bir halda qaçılmaz olduğunu vurğulayan MŞ sədri əsasən iki məqam üzərində dayanıb. “Birincisi, media ölkə iqtisadiyyatının tərkib hissəsidir. Bilirsiniz ki, pandemiya iqtisadiyyata zərbə vurdu. Bu baxımdan medianın da itirdikləri var. Bütün dünyada belədir. İkinci məqam pandemiyanın jurnalist yaradıcılığına mənfi təsiridir. Biz gördük ki, dünya ölkələrində koronavirusla bağlı ciddi dezinformasiyalar yayıldı. Bu amil istər-istəməz medianın ahənginə də təsir göstərdi. Bir sıra KİV-lər də məlumat yetərsizliyi səbəbindən həmin yalan bilgilərə istinad etdilər. Digər tərəfdən, məqsədli şəkildə dövriyyəyə buraxılan fikirlər oldu. Təbii, bu, siyasi məqsədli idi. Düşünürəm ki, post pandemiya dövrü ilə bağlı fikirlər bildiririksə, təhlillər aparırıqsa, biz bu məsələni də müzakirə etməliyik. Çünki onilliklərlə uğrunda mübarizə apardığımız media dəyərlərinin bəzən bir göz qırpımında sıradan çıxdığını gördük. Yəni qərarlaşmış olan bəlli prinsiplərin ciddi kataklizmalar qarşısında gücsüzlüyü üzə çıxdı. Əlbəttə, bütün sahələr gücsüz oldu. Ancaq mediaya cavabdeh olduğumuzdan, bunu biz düşünməliyik. Necə edək ki, düşdüyümüz vəziyyətdən asılı olmayaraq, media prinsipləri pozulmasın? Mən təklif edirəm ki, ilk növbədə biz peşə prinsipləri ilə bağlı üzv ölkələrdəki vəziyyəti daim diqqətdə saxlayaq. Bunu üzv ölkələrdə davamlı konfrans və seminarların təşkili ilə etmək olar. Yəni elə etməliyik ki, varlığımızı ölkələrdəki media ictimaiyyəti tam şəkildə dərk etsin.

İkincisi, biz ölkələrimizin dövlət qurumları ilə təmaslarımızı artırmalıyıq. Yəni ciddi şəkildə əməkdaşlıq qurmalıyıq. Elə edilməlidir ki, dövlətlə təmaslar oxşar hallara münasibətdə həmrəylik nümayişi kimi diqqət çəksin. Həm də elə edilməlidir ki, çətin durumlarda həyata keçirilən tədbirlər söz və ifadə azadlığı kontekstində dəyərləndirilməsin. Pandemiya şəraiti dövlətlər üçün də yenilikdir. Biz bəzən gördük ki, dövlətin məhdudlaşdırıcı tədbirləri söz və ifadə azadlığına zidd işlər kimi qiymətləndirilir. Halbuki bu istiqamətdə kompromiss olmalıdır. Elə edilməlidir ki, ekstremal durumlarda nə dövlətin, nə də də medianın mənafeləri əziyyət çəksin. Hesab edirəm ki, post pandemiya dövründə biz buna da diqqət etməliyik”, - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.

MŞ sədrinin məruzəsi ətrafındakı müzakirədə bildirilib ki, bir çox ölkələrdə tətbiq edilən məhdudiyyətlərdə söz və ifadə azadlığını məhdudlaşdıran meyllər də nəzərə çarpmaqdadır. Bu, heç də həmişə bilərəkdən həyata keçirilən tədbir deyil. Amma belə hallarda ölkələrə konsultativ yardımların göstərilməsi vacibdir və assosiasiyaya üzv təşkilatlar mövcud istiqamətdə səylərini artırmalıdırlar. Bu mənada Azərbaycan Mətbuat Şurasının təcrübəsi təqdir edilib. Eyni zamanda Azərbaycan dövlətinin də pandemiya dövründə ictimai çağırışlara, o cümlədən medianın fəaliyyətinə həssas yanaşdığı önə çəkilib. Bunun faydalı təcrübə olduğu vurğulanıb.

14.06.2020