Azərbaycan jurnalistlərinin IX qurultayı keçirildi - Mətbuat Şurasının İdarə Heyəti və sədri seçildi

about1

Oktyabrın 16-da Rəşid Beybudov adına Mahnı Teatrında ölkə jurnalistlərinin IX qurultayı keçirildi. Azərbaycanın Dövlət Himninin səslənməsi ilə fəaliyyətə başlamış Ali Məclisdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad edildi. Məlumat verildi ki, qurultayda Mətbuat Şurasına üzv təşkilatlardan ümumilikdə 225 nümayəndə iştirak edir və bu, Ali Məclisin səlahiyyətli olması üçün kifayətdir.

Qurultayın Sədarətinin, Katibliyinin və Say komissiyasının formalaşdırılması prosesində Sədarətdə MŞ sədri ilə yanaşı, qurumun müavinləri - Səadət Məmmədovanın və Vüqar Zifəroğlunun təmsilçiliyi münasib bilindi. MŞ-nin icraçı katibi Əvəz Rüstəmov və Şuranın əməkdaşlarından ibarət Katiblik müəyyənləşdi. Say komissiyasına gəlincə, onun tərkibinə “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlunun, MŞ-nin icraçı katibi İlqar Tağıyevin, “İki sahil” qəzeti baş redaktorunun birinci müavini İsmayıl Hacıyevin, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadənin və “Metbuat.az” saytının baş redaktoru Ramil Mirzəyevin daxil edilməsi məqsədəuyğun sayıldı.

***

Əvvəlcə qurultayın iş planı təsdiqləndi. Sonra qurultay iştirakçılarının Prezident İlham Əliyevə müraciəti dinlənildi. Müraciət “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli tərəfindən oxundu.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçılarının

MÜRACİƏTİ

Möhtərəm cənab Prezident!

Sizi Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları olaraq dərin hörmətlə salamlayırıq.

Azərbaycan jurnalistikası ilk gündən xalqımızın maariflənməsinə, milli özünüdərkin, vətənpərvərlik şüurunun, müstəqillik amalının formalaşmasına və möhkəmlənməsinə xidmət etmişdir. Böyük fədakar maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat cəmiyyətimizin tərəqqisi, xalqımızın ali dəyərlər ətrafında birləşərək aydın gələcək inşa etməsi naminə yorulmadan çalışmışdır.

Ümummilli Liderimiz Heydər Əliyev azad sözü demokratik dövlət quruculuğunun mühüm dayağı hesab edərək, medianın ictimai rolunu yüksək qiymətləndirmiş və onun inkişafına xüsusi diqqət göstərmişdir.Sizin rəhbərliyinizlə bu müdrik siyasi xətt yeni parlaq məzmun və daha çevik inkişaf ahəngi qazanmışdır. Medianın imkanlarının genişləndirilməsi, jurnalistlərin peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi yolundakı irəliləyişlər də bu inkişafın bariz göstəricisidir. İnanırıq ki, bu istiqamətdə həyata keçirilən davamlı islahatlar Azərbaycan mediasının peşəkarlıq səviyyəsini və beynəlxalq nüfuzunu daha da yüksəldəcəkdir.

Möhtərəm cənab Prezident!

Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsi və müstəqil mövqeyinin bütün platformalarda uğurla ifadə olunması müasir mərhələdə jurnalistlərimizin də qarşısına mühüm vəzifələr qoyur. Dövlətimizin uğurlu siyasətini, müstəqil inkişaf yolumuzu, müasir qüdrətli Azərbaycana dair həqiqətləri düzgün təqdim etməyi biz həm ümdə peşə borcumuz, həm də vətəndaşlıq məsuliyyətimizin tələbi sayırıq.

Bütün çıxışlarınız kimi, Yeni Azərbaycan Partiyasının oktyabrın 2-də keçirilmiş VIII Qurultayındakı nitqiniz Azərbaycanın tarixi yolunu, bugünkü hədəflərini və gələcək prioritetlərini vahid mövqedə birləşdirdi və jurnalistikamız üçün də yeni hədəflər müəyyənləşdirdi. İnternetin, kiberhücumların və süni intellektin təsir imkanlarının genişləndiyi dövrdə ideoloji risklərə və informasiya təxribatlarına qarşı mübarizə barədə fikirləriniz media üçün mühüm yenilənməyə və daha məqsədyönlü fəaliyyətə çağırışdır.

Azərbaycan jurnalistləri doğru məlumatları hər cür manipulyasiya cəhdindən ayırmağın, ictimai fikirdə çaşqınlığa yol verməməyin və informasiya təhlükəsizliyinə xidmət göstərməyin məsuliyyətini aydın şəkildə dərk edirlər.

Möhtərəm cənab Prezident!

Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları bəyan edirlər ki, dövlət müstəqilliyimizin qorunması, milli birliyimizin möhkəmləndirilməsi və həqiqətlərimizin dünyaya obyektiv çatdırılması üçün bundan sonra da peşəkarlıqla çalışacaqlar. Jurnalistlərimiz dünyəvilik prinsiplərinin cəmiyyətdə möhkəmlənməsi, ictimai mühitimizə yad təsirlərin qarşısının alınması, tolerantlığın və vətəndaş həmrəyliyinin təşviqi işinə bütün təcrübə və bacarıqları ilə yeni töhfələr verməyə hazırdırlar. Sizi əmin edirik ki, media mənsubları olaraq Azərbaycan dövlətinin əsaslarının qorunması və gücləndirilməsi naminə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün ardıcıl və qətiyyətli səylər göstərəcəyik.

Sizə Azərbaycanın milli-dövlətçilik maraqlarını daim uca tutduğunuza, xalqa təmənnasız xidmət nümunəsi göstərdiyinizə, o cümlədən jurnalistlərə olan yüksək diqqət və qayğınıza görə minnətdarlığımızı bildirir, Vətənimizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Uca Tanrı yardımçınız olsun!”

Bundan sonra MŞ sədri R.Məcidin Şuranın 2022-ci ildə keçirilmiş VIII qurultaydan sonra gördüyü işlərə dair, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlunun maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabat xarakterli çıxışı dinlənildi.

***

“Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin

Azərbaycan jurnalistlərinin IX qurultayındakı

hesabat xarakterli çıxışı

“Hörmətli qurultay iştirakçıları!

Möhtərəm qonaqlar, xanımlar və cənablar!

Hər birinizi Azərbaycan jurnalistlərinin IX qurultayında salamlayır, Sizləri görməkdən məmnunluq duyuram. İndiyədək bütün qurultaylarımız cəmiyyət həyatında mühüm hadisəyə çevrilib. Əminəm ki, IX qurultay da bu baxımdan yaddaqalan olacaq.

Məlum olduğu kimi, Mətbuat Şurasının əsas missiyası şikayətlərin araşdırılmasıdır. VIII qurultaydan bəri Şuraya ümumilikdə 815 şikayət daxil olub. Onların böyük qismi – 691-i Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 124 şikayət üzrə razılığa gəlinmədiyindən, toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.

Şikayətlər üzrə Komissiyada baxılan 124 məsələdən  86-sı komissiya səviyyəsində həllini tapıb. 38 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün İdarə Heyətinə təqdim edilib. Beləliklə, Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 38 qərar çıxarıb. Qərarlarda, əsasən, jurnalistlərin qarşı tərəfin mövqeyinin işıqlandırılmasına etinasız yanaşdıqları vurğulanıb, müvafiq tövsiyələr ünvanlanıb.

Onu da bildirək ki, Katiblik səviyyəsində həllini tapmış bir çox şikayətlərdən başqa, Şuraya şifahi müraciətlər də daxil olub. Onların sayı rəsmi qaydada göndərilmiş şikayətlərin sayından təxminən 2 dəfə çoxdur. Əlbəttə, bir çox hallarda bu cür şikayətlərdə jurnalistlərdən narazılıq ifadə olunsa da, əslində, mahiyyət Mətbuat Şurasının səlahiyyətlərindən uzaq olub. Bununla belə, şifahi qaydada, tərəflərlə danışıqlar yolu ilə həll etdiyimiz məsələlər kifayət qədər çoxdur.  

Əziz dostlar, bilirsiniz ki, Mətbuat Şurası yaranandan bəri mediamızdakı neqativ hallara qarşı mübarizə aparıb. Bu mübarizə ictimai qınağa əsaslanıb. Əlbəttə, hazırkı internet media bolluğu, üstəlik, sosial şəbəkələrin informasiya məkanımıza yol tapması şəraitində sözdən sui-istifadə meyillərinin gücləndiyini görürük. Ona görə 4 il əvvəl, yəni, VIII qurultaydan sonra Hacıbəy Heydərlinin rəhbərliyi ilə Sosial media istifadəçiləri ilə əlaqələr üzrə yeni komissiya yaratdıq. Aktiv sosial şəbəkə istifadəçiləri ilə görüş keçirdik və onlara müraciət ünvanladıq. Hesab edirəm ki, ötən müddətdə bu komissiyamız da kifayət qədər işlər gördü. Həm bu komissiyanın, həm də hörmətli professorumuz Qulu Məhərrəmlinin rəhbərik etdiyi Etika Komissiyasının fəaliyyətini yüksək qiymətləndirirəm.

Ancaq qarşıda Mətbuat Şurasını daha ciddi fəaliyyət dövrü gözləyir. Çünki informasiya yayımı alətləri genişlənməkdə, süni intellekt məhsullarının sayı artmaqdadır. Hesab edirəm ki, mediamız, jurnalistlərimiz, obrazlı desəm, bu burulğanda özünü qorumaq yollarını tapmalı, daha optimal yaşam formaları müəyyənləşdirməlidir. Əlbəttə ki, mövcud istiqamətdəki axtarışların başlıca hərəkətverici qüvvəsi yaradıcılıq və istedaddır. Deməli, işə daha yaradıcı yanaşılmalıdır.

Əziz dostlar, indiki dövrdə informasiya dövlət təhlükəsizliyinin vacib seqmenti kimi çıxış etməkdədir. Bu durum bir çox hallarda sui-istifadələrlə müşayiət olunur. Bilavasitə media müstəvisindəki sui-istifadələrə gəlincə, onların bir çoxunun geniş topluma hesablandığı durumlar var. Ötən müddətdə bəzi məlumatların ictimai rəydə çaşqınlıq yaratmaq niyyəti güddüyü də diqqətimizdən yayınmadı. Xüsusən, xaricdən informasiya manipulyasiyalarını gördük. Mətbuat Şurası bu kimi neqativ təmayüllərlə əlaqədar, eləcə də xarici mediada anti-Azərbaycan fəaliyyətə etiraz ifadə edən 15 bəyanat qəbul etdi. Bu sənədlərin ingilis və rus dillərinə çevrilərək xarici media strukturlarına göndərilməsi təmin olundu.

Mətbuat Şurası, eyni zamanda, Azərbaycan mediasındakı xarakterik peşə prinsipləri pozuntulara dair 18 bəyanat və müraciət qəbul edib. Bu sənədlərin bir çoxu cəmiyyətdə ictimai müazakirə doğurmuş hadisə və proseslərə medianın münasibətinin şərhindən ibarət olub və jurnalistlərin həmin hadisə və proseslərə yanaşmalarının yolverilməz məqamları diqqətə çatdırılıb, belə halların yolverilməzliyinə çağırış ifadə olunub.

Peşə prinsiplərinin pozulmasından söz düşmüşkən, fürsətdən istifadə edib Əhməd İsmayılova təşəkkürümü bildirmək istərdim. Ötən müddətdə Mətbuat Şurasının onun rəhbərlik etdiyi əvvəlki Medianın İnkişafı Agentliyi, indiki Media və Yayım Şurası ilə sıx əməkdaşlığı olub. Hər iki qurum birlikdə media məkanımızdakı xarakterik tendensiyaları diqqətdə saxlayıb, ictimai müzakirələr təşkil edib.

Onu da bildirim ki, 4 il əvvəl, yəni qurultaydan sonra Mətbuat Şurası ilə Medianın İnkişafı Agentliyi arasında əməkdaşlıq memorandumu imzalandı. Habelə, hesabat dövründə Şuranın Özbəkistan Jurnalistlər İttifaqı, Mediasiya Şurası, Qlobal Jurnalistlər Şəbəkəsi ilə də əməkdaşlıq memorandumlarının imzalanmasına nail olduq.

Hörmətli qurultay iştirakçıları, Mətbuat Şurası qurultaylarası dövrün ayrı-ayrı mərhələlərində TƏBİB, “Azərbaycan Dəmir Yolları”, Təhsilin İnkişafı Fondu, Dövlət Neft Fondu, Xəzər TV, Veysəloğlu Şirkətlər Qrupu, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi, “Azərpoçt” MMC ilə birgə 12 jurnalist müsabiqəsi keçirib, bu müsabiqələrdə ümumilikdə 200-dək media nümayəndəsi təltif edilib. Fürsətdən istifadə edib adlarını çəkdiyim qurumların rəhbərliklərinə də təşəkkürümüzü bildirirəm. Hesab edirəm ki, bu müsabiqələr medianın ayrı-ayrı sahələr üzrə ixtisaslaşmasına dəstək baxımından çox əhəmiyyətli idi. Eyni zamanda, bu müsabiqələr jurnalist əməyinin stimillaşdırılmasına da mühüm töhfə verdi.

Bundan başqa, Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyinə də təşəkkürümü bildirirəm. Mətbuat Şurasının hesabat müddətində bu qurumla birgə “Məktəb ictimai müzakirədə” adlı layihəsi cəmiyyətdə müsbət qarşılandı. Həmçinin, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə daimi təmasda olduq. Şuranın İdarə Heyətinin üzvləri, Elşad Eyvazlının rəhbərlik etdiyi Media ilə dövlət qurumları arasında Kommunikasiya üzrə Daimi Komissiyasının təmsilçiləri Prokurorluğun media ilə əlaqələrinin müzakirə olunduğu tədbirlərdə yaxından iştirak etdilər. Fürsət düşmüşkən, Baş Prokurorluğun rəhbərliyinə də təşəkkürlərimi çatdırmaq istərdim.

Bildiyiniz kimi, hesabat dövrü Azərbaycanın həyatında taleyüklü hadisələrlə əlamətdar oldu. Ölkəmizdə Prezident, Parlament və Bələdiyyə seçkiləri keçirildi. Mətbuat Şurası hər üç prosesi medianın işıqlandırmasının vəziyyətini diqqətdə saxladı. O cümlədən, media orqanlarının və jurnalistlərin ayrı-ayrı namizədlərlə münasibətlərindəki neqativ hallar nəzərimizdən yayınmadı. Bununla bağlı tövsiyələr ünvanladıq.

Şura, həmçinin, seçki günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərdi. Əvvəlcədən müəyyənləşdirilmiş mobil və şəhər telefonlarımız “qaynar xətt” rejimində işlədi. Beləliklə, prosesi işıqlandıran jurnalistlərin sərbəst fəaliyyət göstərmələrinə, peşə vəzifələrini rahat şəkildə icra etmələrinə lazımi şərait yaradıldı.

Ötən müddətdə Mətbuat Şurası medianın müxtəlif sahələrinə dair çoxsaylı tematik tədbirlər reallaşdırıb, mətbuat tariximizdə mühüm rola malik media orqanlarının yubiley mərasimlərini keçirib, publisistik fikrin inkişafında xidmətləri olan jurnalistlərlə bağlı toplantılar reallaşdırıb, bu kateqoriyadan olan həmkarlarımızı təltif edib. Ötən 4 ildə 58 belə topantımız olub. MŞ-nin bu toplantılarının təşkilində fəal rol oyanyan Ahıl Jurnalistlər Məclisinin üzvlərinə - Tahir müəllimə, Əminə xanıma təşəkkürümü bildirirəm.

Daha bir təşəkkürüm Vüsalə Mahirqızınadır. Bildiyiniz kimi, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı toplantıda Azərbaycan dilinin qorunması ilə bağlı çox vacib fikirlər səsləndirdi. Mətbuat Şurası dövlətimizin başçısının vurğuladığı məqamları rəhbər tutaraq, özünün Dil Komissiyasının fəaliyyətini gücləndirdi. Vüsalə xanımın rəhbərliyi və təşəbbüsü ilə bu sahədəki mütəxəssislər quruma cəlb edildilər.

Şura, həmçinin, AMEA və ilə birgə “Medianın dili elmi müzakirə müstəvisində” mövzusunda konfrans keçirdi. Hesab edirəm ki, tədbir ölkəmizin ictimai rəyində ana dilimizin qorunmasına yönələn mühüm çağırışların səslənməsi, təcrübi nümunələrin açıqlanması baxımından əlamətdar səciyyə daşıdı. Mətbuat Şurası bu mövzudakı daha bir mühüm toplantını - "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusundakı konfransı Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etdi. Tədbirdə əyani misallara istinadən bildirildi ki, efir məkanında, çap mediası və rəqəmsal media platformalarında ədəbi dil normalarına əməl olunması milli-mədəni dəyərlərin qorunması və dilin saflığının təmin edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Heç şübhəsiz, mövcud istiqamətdəki fəaliyyət davam etdirilməli, ümumən, ana dilimizi qorunmasına yönələn ciddi ictimai müqavimət yaradılmalıdır ki, prosesdə medianın rolu son dərəcə önəmlidir. Həm də ona görə önəmlidir ki, media özü ayrıca dil hadisəsidir. Yəni, ilk növbədə jurnalistlər bu hadisənin iştirakçılarıdırlar. Onların dilimizə həssas yanaşmalarından, onun qayğısına qalmalarından asılı olan məsələlər yetərincə çoxdur. Deməli, əsas məsələ jurnalist məsuliyyətidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illiyi ilə bağlı toplantıdakı dərin məzmunlu çıxışı həm medianı, həm də ümumən cəmiyyəti ana dilimizin qorunmasına səsləyən mühüm məsuliyyət çağırışıdır.

Bildiyiniz kimi, Mətbuat Şurası Avropa Mətbuat Şuraları Alyansının və Dünya Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Hesabat müddətində Mətbuat Şurasının Müşfiq Ələsgərlinin rəhbərlik etdiyi Beynəlxalq əlaqələr komissiyasının üzvləri hər iki qurumun illik toplantılarında iştirak ediblər. Eyni zamanda, MŞ-nin İdarə Heyətinin üzvləri dünyanın müxtəlif ölkələrində gerçəkləşmiş nüfuzlu konfranslara qatılıb, Şuranı təmsil ediblər. Onlara da təşəkkürlərimi bildirirəm.

Ümumən, hesabat müddətinin Mətbuat Şurasının beynəlxalq əlaqələri baxımından, kifayət qədər, dinamik keçdiyini düşünürəm. Xüsusən də türk dünyasının media qurumları, jurnalist birlikləri ilə təmaslarımız səmərəli oldu. Ötən 4 ildə Mətbuat Şurasında onların çoxsaylı təmsilçiləri, geniş nümayəndə heyətləri ilə 50-dən çox görüş keçirildi. Həmçinin, Avropadakı jurnalist birliklərinin, aparıcı beynəlxalq təşkilatların mediaya məsul təmsilçilərini Şuranın ofisində qəbul etdik. Düşünürəm ki, hər bir fikir mübadiləsi ümumi işimizə fayda verdi.

Əlbəttə, beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı qlobal trendlərə qoşulmaq, media sahəsindəki ayrı-ayrı beynəlxalq konfranslarda daha institsional şəkildə iştiraka ehtiyac var. Mətbuat Şurası bu ehtiyacı qarşılamaq üçün öz nəznində Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzini yaratdı. Mərkəzə rəhbərlik tanınmış telejurnalist – Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyevə həvalə olundu. Ona da öz təşəkkürümü bildirirəm. Düşünürəm ki, mərkəzin görəcəyi işlər, reallaşdıracağı tədbirlər günümüzün tələbidir.

Əziz dostlar, ötən müddətdə Mətbuat Şurasının reallaşdırdığı mühüm təşəbbüslərdən ikisi üzərində dayanmaq istərdim. Onlardan birincisi “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi oldu. Lahihə çərçivəsində Mətbuat Şurasının rəsmi saytında “Azərbaycan media landşaftı” bölümü yaradıldı. Bölümün funksionallığı təmin edildi. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra edilmiş layihəyə texniki və metodiki dəstək Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı tərəfindən həyata keçirildi.

Qeyd edim ki, “Azərbaycan media landşaftı” bölümündə Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar, informasiyanın etik standartlarını müəyyən edən milli və beynəlxalq sənədlər, Azərbaycanın aparıcı media subyektlərinin və jurnalist təşkilatlarının siyahısı, Azərbaycan mediasında gender balansı, I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediasına dair statistika yerləşdirildi. Həmçinin, bu bölümdə “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində yayımlanmış məqalələr və keçirilmiş tədbirlər, 20 Yanvar faciəsi və Azərbaycan jurnalistikası altbölümləri yaradıldı. Ümumən, bu fəaliyyətin də çox faydalı və zəngin olduğunu düşünürəm.

Hesabat müddətində Mətbuat Şurasının ikinci mühüm təşəbbüsü “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamından irəli gələn tədbirlərin icrası oldu.  Məlum olduğu kimi, Prezident Sərəncamında Azərbaycan Mətbuat Şurasının da adı çəkilirdi. Hesab edirik ki, bu, Şuranın fəaliyyətinə verilmiş ali dəyərin növbəti nümunəsi idi.

Mətbuat Şurası Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq müraciət ünvanladı və müsbət cavab aldı. Ayrılmış maliyyə vəsaiti hesabına MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının dəstəyi ilə “Mətbuatnamə. 150 ilin xronikası” və tədqiqatçı jurnalist Müsəllim Həsənovun “Əkinçidən 50 il sonra” kitabları işıq üzü gördü. Hər iki kitab milli mətbuat tariximizə dəyər baxımından müstəsna nümunələrdir və onların elektron versiyası Mətbuat Şurasının rəsmi saytındakı “Azərbaycan milli mətbuatı 150” bölümündə yerləşdirilib, nəşrlərin təqdimatı da keçirilib.

Milli mətbuatımızın 150 illik yubuleyindən söz düşmüşkən, hesabat dövrünün ən əlamətdar hadisələrindən biri də haqqında söz açdığım Prezident Sərəncamı idi. Bu mühüm dövlət sənədində mətbuatımızın keçdiyi yola son dərəcə müfəssəl qiymət verildi. Bundan başqa, dövlətimizin başçısı “Media nümayəndələrinin təltif edilməsi haqqında” 21 iyul 2025-ci il tarixli Sərəncam imzaladı. Sənədə əsasən, həmkarlarımızın böyük bir qrupu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na, 1-ci dərəcəli “Əmək” ordeninə, 3-cü dərəcəli “Əmək” ordeninə, “Tərəqqi” medalına, “Əməkdar jurnalist” fəxri adına, həmçinin, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görüldülər.

Prezident İlham Əliyevin daha bir Fərmanı ilə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edildi. Sənədə əsasən yubiley medalını təqdim etmək səlahiyyəti Medianın İnkişafı Agentliyinə həvalə olundu. Agentlik bu işi uğurla icra etdi – çoxlu sayda həmkarımız yubiley medalı ilə təltif olundu.

Onu da bildirim ki, sadaladığım təltiflərdə Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüş namizədlərə də etimad göstərildi. Hesab edirəm ki, bu da dövlətimizin Şuranın missiyasına verdiyi dəyərin daha bir bariz nümunəsidir. Əziz dostlar, bu yüksək dəyər birgə qazancımızdır. 

Hörmətli həmkarlar, qurultaylararası dövrdə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası xoşbəxtliyini yaşadıq. Bizə bu xoşbəxtliyi bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, canından keçmiş, sağlamlığını itirmiş övladlarımıza minnətdarlıq duyğularımız sonsuzdur.

Əlbəttə, qələbəmizin memarı Prezident İlham Əliyevdir. Qurultay iştirakçıları adından dövlətimizin başçısına müstəqil Azərbaycan naminə reallaşdırdığı yorulmaz fəaliyyətə görə minnətdarlığımızı bildirirəm. Prezident İlham Əliyevə həm də ona görə təşəkkür edirik ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, media sahəsində də genişmiqyaslı islahatlar aparılmaqdadır. Bu islahatlar mediamız, jurnalistlərimiz üçün yeni dövrün tələblərinə adekvat fəaliyyət çağırışıdır.

Çağırışın müəllifi Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı, demək olar, bütün çıxışlarında cəmiyyət üzvləri ilə yanaşı, mediamız üçün də bir növ yol xəritəsi formalaşdırır, informasiya alətlərindən müstəqil dövlətlərə qarşı ideoloji təhdid kimi istifadə sahəsindəki müxtəlif tendensiyalara diqqət çəkməklə, immunitet yaradır. Bu immunitet müasir peşəkarlıq tələblərinin nəzərə alınması, zamanın şərtləri ilə uyğunlaşmaq baxımından son dərəcə vacibdir. İnanıram ki, qurultayımızda bununla bağlı fikirlər, dəyərli təkliflər səsləndiriləcəkdir. O fikir və təkliflər ki, Mətbuat Şurasının gələcək fəaliyyətində də nəzərə alınacaq.

Bir daha hər birinizə diqqətinizə görə təşəkkür edirəm. Əminəm ki, qurultayımız səmərəli keçəcəkdir”.

***

“Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri

Rey Kərimoğlunun Azərbaycan jurnalistlərinin IX qurultayında

hesabat çıxışı

Hörmətli xanımlar və cənablar, dəyərli qurultay nümayəndələri!

Azərbaycan Mətbuat Şurasının ötən qurultayından bəri, yəni 2022-ci ildən indiyə kimi gördüyü işlər, Şuranın fəaliyyətinin təşkilatın Nizamnaməsinə uyğun olub-olmamasını izləmək Nəzarət-Təftiş Komissiyasının başlıca fəaliyyət prinsipini təşkil edib. Hesabat dövründə faəliyyətimiz aşağıdakı istiqamətləri əhatə edib:

1.İdarə Heyətinin və komissiyaların iclaslarının tələblərə müvafiq həyata keçirilməsinə nəzarət. Əlbəttə, söhbət ilk növbədə yetərsaydan, müzakirəyə çıxarılan məsələlərin nə dərəcədə Şuranın səlahiyyətlərinə aid olmasından gedir.

Qurultaylararası dövrdə Şuranın İdarə Heyətinin 20, Şikayətlər üzrə Komissiyanın 37 iclası keçirilib. Digər komissiyaların iclaslarının ümumi sayı 18-dir.

Toplantıların hər biri Mətbuat Şurasının Nizamnaməsinə uyğun keçirilib və yetərsay problemi olmayıb. Müzakirə edilən problemlərin də hər biri Şuranın Nizamnamədə nəzərdə tutulan səlahiyyətlərinə və ictimai missiyasına uyğun olub.

Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının nəzərdən keçirdiyi ikinci fəaliyyət istiqaməti sənədlər, məktublar və müraciətlərlə bağlı işdə proseduru olub. Burada da qaydalar gözlənilib.

Mətbuat Şurasının sədrinin də hesabatında bildirdiyi kimi, hesabat dövründə Azərbaycan Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Şikayət və şifahi müraciətlərin böyük bir hissəsi etik prinsiplərə zidd fəaliyyət göstərən, peşə səlahiyyətləri ilə bir araya sığmayan hallara yol verən media subyektlərinin və onların əməkdaşlarındandır. Təəssüf ki, ictimai qınaq heç də həmişə yetərli olmur. Yalnız məhz bu baxımdan deyə bilərik ki, qərarların icra mexanizmində müəyyən problemlər nəzərə çarpıb. Əlbəttə ki, Şuranın Katibliyi tərəfindən həmin problemlərin aradan qaldırılması istiqamətində yetərincə səylər göstərildiyi də diqqətmizidən yayınmayıb.

Əziz dostlar, Mətbuat Şurasına üzv təşkilatların Şura ilə bağlılığını göstərən əsas göstərici üzvlük haqlarıdır. Hazırda üzv təşkilatlardan üzvlük haqqını ödəməyənlər var. O da məlumdur ki, qurultayımıza hazırlıq müddətində açıqlanmış tələblərə görə üzvlük haqlarının ödənilməsində müəyyən canlanma oldu. Amma bu, yetərli sayıla bilməz. Qurultay nümayəndələri olan üzv təşkilatlardan xahiş edərdim ki, bundan sonra məsələyə ciddi yanaşsınlar. Üzvlük haqqını ödəmək hər bir təsisçinin nizamnamə öhdəliyidir və buna qeyd-şərtsiz əməl edilməlidir.

Başqa tərəfdənsə, nəzərdə tutulan illik üzvlük haqqı – gündəlik qəzetlər, informasiya agentlikləri və jurnalist təşkilatları üçün 148 manat 50 qəpik, həftəlik qəzetlər, jurnallar və internet informasuya resursları üçün 99 manatdır. Düşünürəm ki, bu, elə bir böyük məbləğ deyil.

Nəzarət-Təftiş Komissiyasının fəaliyyət dairəsinə Şuranın Katibliyinə daxil olan məktub və müraciətlərə prosedur qaydada baxılma, qeydiyyat və cavablandırılma işinin necə aparılmasını müəyyənləşdirmək da daxil idi. Bunun üçün yoxlamalar aparıb. Bu yoxlamlar zamanı Nizamnamə pozuntusu aşkarlanmayıb. Vətəndaş müraciətlərinə baxılması qaydası da gözlənilib. Bu müraciətlərin müəyyən hissəsinin Şuraya aidiyyatının olmadığı müəyyənləşib.

Ümumən NTK hesabat dövründə MŞ-nin maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı təsərrüfat xərcləri və əmək haqqının ödənilməsi üzrə bütün sənədlərin qaydada olduğunu müəyyənləşdirib. Nəğd hesablaşma zamanı ödənilən vəsaitlər üzrə çek və qaimələr alınıb. Yoxlama dövrü ərzində MŞ-nin maliyyə fəaliyyətində pozuntu olmayıb, mühasibatlıq sənədləşməni mühasibat və vergi qanunvericiliyinə uyğun aparıb, Şura cəmi bir donordan maliyyə yardımı alıb ki, bu da “Azərbaycan media landşaftının yaradılması” layihəsi üzrə Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Agentliyindən alınan 30 min manatdır.

Bundan başqa, MŞ sədri çıxışında “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamından və bu sənəddən irəli gələn tədbirlərin icrasından söz açdı, MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının dəstəyi ilə “Mətbuatnamə. 150 ilin xronikası” və tədqiqatçı jurnalist Müsəllim Həsənovun “Əkinçidən 50 il sonra” kitablarının işıq üzü gördüyünü diqqətə çatdırdı. Bunun üçün Nazirlər Kabinetindən 30 min manat vəsait ayrılmışdı. Bütün bu vəsaitlərin məqsədyönlü şəkildə xərclənməsi təmin edildi, aidiyyatı üzrə müvafiq maliyyə hesabatları verildi.

Hörmətli qurultay iştirakçıları!

Nəzarət Təftiş Komissiyası sizin göstərdiyiniz etimadı doğrultmaq ücün bütün səylərini səfərbər etmiş və MŞ-nin Nizamnaməsini, NTK-nın Əsasnaməsini rəhbər tutaraq Şuranın fəaliyyətində yaxından iştirak etmişdir. Ümid edirəm ki, NTK-nın bu gün seçiləcək yeni tərkibi qurultayın qəbul edəcəyi qərarların həyata kecirilməsində yenə də fəal iştirak edəcəkdir.

Diqqətinizə görə minnətdaram!”

***

Qurultayda “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əlavələrə dair layihə təqdim edildi. Layihə barədə MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli məlumat verdi. M.Ələsgərli bildirdi ki, etik davranış qaydalarına iki əlavə nəzərdə tutulur və onlar zamanın tələbidir. Söhbət isə süni intellektdən istifadə və şəxsi həyatın toxunulmazlığı ilə bağlı məsələlərin əks olunmasından gedir.

Beləliklə, təklif edidi ki, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi”nə aşağıdakı məzmunda əlavələr edilisin:

PRİNSİP 6:  Süni intellektdən etik istifadə

6.1. Media subyektlərinin redaksiyaları süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edirlər. Bu qaydalarda süni intellektdən istifadənin məqsədləri, sərhədləri, yoxlama prosedurları və redaksiya məsuliyyəti aydın şəkildə müəyyənləşdirilir. Redaksiyalar öz əməkdaşlarının süni intellektdən istifadə bacarıqlarının artırılması üçün müvafiq şərait yaradırlar.

6.2. Süni intellekt sistemlərindən istifadə jurnalistin peşəkar mühakiməsini, redaksiya müstəqilliyini və insan nəzarətini əvəz etməməlidir. Süni intellektin köməyi ilə hazırlanmış materialların dərcindən əvvəl onların məzmunu, faktoloji dəqiqliyi və mənbələri yoxlanılmalıdır. Dərc olunan materiala görə jurnalist və redaksiya öz peşə məsuliyyətini saxlayır.

6.3. Süni intellektin köməyi ilə yaradılan, dəyişdirilən və ya əhəmiyyətli dərəcədə formalaşdırılan məzmunun auditoriya tərəfindən düzgün anlaşılmasını təmin etmək məqsədilə, şəffaflıq təmin edilməlidir. Auditoriyanı çaşdıra biləcək süni intellekt mənşəli foto, audio, video və digər məzmun müvafiq qaydada işarələnməli və ya onun mənşəyi barədə məlumat verilməlidir.

6.4. Süni intellekt sistemlərindən istifadə zamanı müəlliflik hüquqları, şəxsi məlumatların və mənbələrin məxfiliyi, insan ləyaqəti və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə riayət olunmalıdır.

PRİNSİP 3: “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı”

Bu prinsipə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarından irəli gələn aşağıdakı bəndlər əlavə edilsin:

3.13. Jurnalist qanunla müəyyən edilmiş hallar istisna olmaqla, informasiya texnologiyalarından üçüncü şəxslərin şəxsi həyatına, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə etməməli, fərdi məlumatların dairəsinin, onların emalının, toplanmasının, ötürülməsinin, istifadəsinin və mühafizəsinin şərtlərinin qanunla müəyyənləşdirildiyini əsas götürməlidir;

3.14. Jurnalist nəzərə almalıdır ki, həyatı və fəaliyyəti ictimai əhəmiyyət daşımayan şəxs haqqında faktın doğruluğu, həmin faktın informasiyaya çevrilməsinə, onun dərhal yayılmasına imkan vermir. Belə bir şəxsin razılığı olmadan onun özəl məlumatlarının, ailə həyatına dair bilgilərin toplanması, saxlanılması və yayılması yolverilməzdir;

3.15. Jurnalist şəxsin özünün sosial şəbəkələrdə paylaşdığı və hər kəsə açıq olan bilgilərin informasiya çevrilməsində məsxərədən və aşağılayıcı tondan uzaq durmalıdır;

3.16. Jurnalist fəaliyyəti ilk növbədə ictimai marağın qarşılanmasını rəhbər tutmalıdır. Hər bir media nümayəndəsi və ya müstəqil jurnalist konkret şəxs haqqında yaydığı məlumatın və ya bilginin cəmiyyətin maraq dairəsində olub-olmadığını dəqiq müəyyənləşdirməli, həssas yanaşmalıdır.

3.17. Publik şəxslərin davranışlarının, qərarlarının və fəaliyyətlərinin cəmiyyətə birbaşa və ya dolayı şəkildə təsiri var və bu amil onların şəxsi həyatının da ictimai nəzarətə açıqlığını normaya çevirir. Jurnalist belə bir açıqlıq şəraitində də legitim maraqları gözləməli, ictimai marağı aşmamalı, publik şəxslərin konkret fəaliyyət dairəsinə diqqət yetirməli, həmin fəaliyyətə aidiyyatı olmayan lüzumsuz məqamları qabartmamalıdır.

Qurultayda MŞ sədri Rəşad Məcidin, Nəzarət-Təftiş Komissiyası sədri Rey Kərimoğlunun hesabat çıxışları, MŞ İdarə Heyətinin üzvü M.Ələsgərlinin təqdimatları müsbət qiymətləndirildi.

***

Qurultay nümayəndələri MŞ-nin İdarə Heyətinin tərkibini müəyyənləşdirmək üçün səsvermə keçirdilər. Səsvermə nəticəsində Şuranın İdarə Heyətinin tərkibi aşağıdakı şəkildə formalaşdı. Say komissiyasının sədri T.Aydınoğlu yeni tərkibi elan etdi:

Jurnalistlər

  1. Vüqar Rəhimzadə, “İki Sahil” qəzeti;
  2. Hacıbəy Heydərli, “Azxeber.com” saytı;
  3. Orxan Amaşov, AnewZ telekanalı; 
  4. Səadət Məmmədova, ATV telekanalı;
  5. Nurşən Quliyev, APA;
  6. Elşad Eyvazlı, Modern Media Qrupu;
  7. Seyfəddin Hüseynli, “525-ci qəzet”;
  8. Qalib İbrahimoğlu, “Bakivaxti.az” saytı;
  9. Fərid Şahbazlı, “Editor.az” saytı;
  10. Elçin Alıoğlu, “Trend” İA;
  11. Anar Tahirov, “Bizim.media” saytı;
  12. Vəfa Həmzəyeva, Real TV;
  13. Elmira Musazadə, CBC TV;
  14. Hümbət Musayev, “Xalq qəzeti”.

İctimaiyyət nümayəndələri

  1. Vüqar Zifəroğlu, BDU, Jurnalistika fakültəsi;
  2. Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqı;
  3. Əminə Yusifqızı, MŞ Ahıl Jurnalistlər Məclisi;
  4. Bəhruz Məmmədzadə, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyi;
  5. Ayaz Mirzəyev, “Azərbaycan Jurnalistləri Şəbəkəsi” İctimai Birliyi;
  6. Fərid Pərdəşünas, Technote Media Şirkəti;
  7. Könül Niftəliyeva, BDU, Jurnalistika fakültəsi;
  8. Azər Həsrət, Bayraqdar Media;
  9. Yeganə Hacıyeva, Gənc Demokratlar İnstitutu.

Bundan sonra qurultay iştirakçıları açıq səsvermə yolu ilə Mətbuat Şurasının sədrini müəyyənləşdirdilər. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu yekdilli Mətbuat Şurasının sədri seçildi.

Mətbuat Şurasının sədri V.Zifəroğlu qurultay iştirakçılarına etimadlarına görə təşəkkürünü bildirdi, Şuranın qarşıdakı fəaliyyətinin də gözləntiləri doğruldacağına əminliyini vurğuladı.

***

Müzakirələrdən sonra MŞ-nin Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə “Qaziler.az” saytının baş redaktoru Rey Kərimoğlunun, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyevin, CASCFEN sədri Nadir İsmayılovun, “Yeni Müsavat” qəzetinin direktoru Ələsgər Süleymanov və “Crossmedia.az” saytının baş redaktoru Mübariz Aşırlının namizədliyi üzərində dayanıldı. Səsvermə nəticəsində adları çəkilən şəxslər NTK üzvü seçildilər.

***

Sonda Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu səslənmiş təkliflər əsasında Azərbaycan jurnalistlərinin IX qurultayının qətnaməsini elan etdi:

“Azərbaycan jurnalistlərinin 16 oktyabr 2026-ci il tarixli IX qurultayının

Qətnaməsi

Azərbaycan jurnalistlərinin IX qurultayı Azərbaycan Mətbuat Şurasının sədrinin, Mətbuat Şurasının hesabat-seçki dövründə gördüyü işlərə dair məruzəsini, Nəzarət-Təftiş Komissiyasının sədrinin qurultaylararası dövrdəki fəaliyyətin təftişinə dair məruzəsini, məruzələr ətrafındakı çıxışları, ümumən IX qurultaydakı təklif və təşəbbüsləri nəzərə alaraq qərara alır:

  1. Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul edilsin;
  2. Azərbaycan Mətbuat Şurasının hesabat-seçki dövründə gördüyü işlər məqbul hesab edilsin;
  3. Azərbaycan Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının ötən hesabat-seçki dövründə gördüyü işlərə dair hesabatı məqbul hesab edilsin;
  4. “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı III prinsipinə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarından irəli gələn 3.13, 3.14, 3.15, 3.16 və 3.17 bənd və “Süni intellektdən etik istifadə” adlı 4 bəndlik (6.1, 6.2, 6.3 və 6.4) yeni prinsip qəbul edilsin. Qərar MŞ-nin gələcək fəaliyyəti üçün əsas götürülsün;
  5. Mətbuat Şurasının İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibləri təsdiq olunsun;
  6. Azərbaycan Mətbuat Şurasının sədrinin seçilməsi ilə bağlı IX qurultayın qəbul etdiyi qərar təsdiq olunsun;
  7. Media məkanımızdakı mənfi hallar, jurnalist adından sui-istifadə təmayülləri nəzarətdə saxlanılsın, mövcud istiqamətdə Azərbaycan qanunvericiliyinə və Mətbuat Şurasının Nizamnaməsinə uyğun fəalliyyətdə intensivlik artırılsın;
  8. Süni intellekt alətlərinin artdığı, informasiya texnologiyalarının sürətlə yayıldığı, sosial şəbəkələrin məlumat yayıcılığının, informasiya təhdidlərinin gücləndiyi bir zamanda jurnalist peşəkarlığı ilə bağlı tendendiyalar diqqətdə saxlanılsın, mövcud istiqamətdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə əlaqədar fəaliyyət gücləndirilsin.

Qeyd: Jurnalistlərin IX qurultayı ilə bağlı fotolar AZƏRTAC-dan götürülüb.

16.10.2026