Mətbuat Şurasının “Azxeber.com” saytına 10 yaş təbriki
“Azxeber.com” saytının 10 yaşı tamam olur. Bu münasibətlə saytın kollektivinin hər bir üzvünü təbrik edirik.
“Azxeber.com” gənc jurnalistlərin ilk baxışdan özlərini təsdiq üçün yaratdıqları media orqanıdır. Ancaq illər keçdikcə biz özünütəsdiqi doğuran gənclik həvəsinin peşəkarlığa keçməsinə şahidlik etdik. Bu proses heç də asan başa gəlmədi. “Azxeber”çilər dözüm, qətiyyət və prinsipiallıq göstərdilər.
“Azxeber.com”un uğurunu şərtləndirən amillər yetərincədir. Təbii ki, ilk növbədə jurnalistikaya hədsiz bağlılıq qeyd edilməlidir. Eyni zamanda onu deməliyik ki, saytın rəhbərliyi və kollektivi hər zaman ənənələrə sadiqlik ruhu ilə seçildilər. Ölkənin media ictimaiyyətinin yaş baxımdan fərqli üzvləri bu gənc jurnalistlərin timsalında sanki özlərini gördülər. Özlərinin əməksevərliklərini, zəhmətə qatlaşmaq əzmlərini. Onlar hər zaman “Azxeber”çilərin hörmət və ehtiramlı davranışlarına, yüksək mənəvi keyfiyyətlərinə şahidlik etdilər. Bu, son dərəcə vacibdir.
Azərbaycan Mətbuat Şurasının üzvü olan “Azxeber.com” saytı internet media orqanı baxımından müstəsna tapıntıdır. Sayt 10 il əvvəl yaradılarkən gənc jurnalistlərin söz tribunası idisə, bu gün artıq sözün cəmiyyətin maraqlarının təminatına səfərbər olunduğu oturuşmuş kütləvi informasiya vasitəsidir və kifayət qədər geniş, spesifik oxucu auditoriyasına malikdir. Ötən on ilin uğurunu şərtləndirən də məhz budur.
Bir daha “Azxeber.com”un rəhbərliyini və kolektivini təbrik edir, onlara möhkəm cansağlığı diləklərimizi çatdırırıq. Arzu edirik ki, jurnalistikaya sədaqət ruhuna köklənmiş bu media orqanında hökm sürən yaradıcılıq mühiti onu daha böyük uğur və nailiyyətlərə daşısın.
10 yaşınız mübarək, əziz “Azxeber”çilər!
Azərbaycan Mətbuat Şurası