Mətbuat Şurasında "Kərkükün rüzgarı" kitabının təqdimatı keçirildi

Azərbaycan Mətbuat Şurasında kərküklü şair və yazıçı Şəmsəddin Kuzəçinin Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Avrasiya Press” nəşriyyatı tərəfindən nəşr olunan "Kərkükün rüzgarı" kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid Ş.Kuzəçinin Azərbaycanla İraq türkmanları arasında ədəbi-mədəni əlaqələrin inkişafına verdiyi töhfələri vurğulayaraq, onun bu fəaliyyətinin rəhbərlik etdiyi qurum tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb və Şuranın diplomunu müəllifə təqdim edib.
“Kərkükün rüzgarı” kitabının ön söz müəllifi və redaktoru, MŞ İdarə Heyətinin üzvü, BAMF-ın rəhbəri Umud Mirzəyev Ş.Kuzəçi ilə uzun illərə söykənmiş dostluq və əməkdaşlıq münasibətlərinin faydalı tərəflərinə diqqət yetirib: "Təxminən 10 il öncə Kərkükün dəyərli ziyalıları ilə birlikdə Qarabağa səfərlərimiz olurdu. O zamanlardan etibarən Şəmsəddinlə münasibətlərimiz mövcuddur. Onun bu günə qədər 90-a yaxın kitabı nəşr edilib. Kitablarının hər birini məzmunca türkçülük, türk kimliyi problemləri və onların həllinə yönəlməsi birləşdirir. Bu kitabda isə onun 60 məqaləsi yer alır. Məqalələrin hər birində kərküklülərlə bağlı vacib faktlar öz əksini tapıb. Belə fundamental əsər münasibətilə onu təbrik edirəm”.
Filologiya üzrə fəlsəfə doktoru, “Kərkükün rüzgarı” kitabını hazırlayan və ön sözünün müəllifi Orxan İsayev təqdimatı keçirilən nəşrin xüsusiyyətlərinə diqqət yetirib. O deyib ki, kitab hazırlanarkən müəllifin 500 məqaləsinin burada yer alması ilə bağlı təkliflər irəli sürüldü: "Lakin əgər bu kitab Azərbaycan dilində azərbaycanlı oxucu üçün təqdim edilirsə, ölkə ilə bağlı məqalələrinin yer alması daha məqsədəuyğun hesab edildi. Bu baxımdan kitabda müəllifin Azərbaycan–Kərküklə bağlı 60 elmi-ədəbi məqaləsi çap edildi. Təsnifləndirərkən demək mümkündür ki, kitabda Nəsimi, Füzuli, İraq–Türkman əlaqələri və onun inkişafında rol oynayan simalar, həmçinin siyasi məqalələrə də yer verilib. Bunların hər biri ilə Azərbaycan oxucusu üçün fikir formalaşdırmağa çalışdıq”.
Toplantıda çıxış edənlərdən MŞ-nin sədr müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, fakültənin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova və başqaları təqdimatı keçirilən nəşrin əhəmiyyətini əsaslandırıb, müəllifə uğurlar arzulayıblar. Şəmsəddin Kuzəçi isə nitqinə tədbir iştirakçılarına təşəkkür etməklə başlayıb. O deyib: “Burada olub məni tək qoymadığınız üçün hamınıza təşəkkür edirəm. Əslində biz həmişə birlikdəyik və heç vaxt tək deyilik. Artıq böyük ailəmiz Türk dünyasıdır və bu birlik hər sahədə daha da möhkəmlənəcək. Bu ay Türkoloji Qurultayın tədbiri də keçiriləcək. Türk dünyasında müxtəlif işlərə imza atılması baxımından bu cür təşəbbüslər çox önəmlidir. Xüsusilə köhnə əlifba ilə yazılmış ədəbiyyat nümunələri var ki, onlar mütləq şəkildə çevrilməli və yeni nəsillərə çatdırılmalıdır. "Kərkükün milli tədqiqatçısı: Əta Təbrizbaşı", "Kərkükün günəşi" kitablarımın hər biri məhz Kərkük-Azərbaycanla bağlı olub, dərin mədəni və bəşəri əlaqələri əks etdirir. Hazırda isə Azərbaycana olan səfərlərimdən bəhs edən "Azərbaycan səyahətlərim" adlı kitabın üzərində çalışıram. Belə kitabı Azərbaycana 30-cu səfərimdə hazırlayacağıma söz vermişdim, ona görə də indi onun təqdimatına hazırlaşıram”.
Tədbirin sonunda Kərkük Kültür Dərnəyi tərəfindən Rəşad Məcid, Umud Mirzəyev, Vüqar Zifəroğlu və Jurnalistika fakültəsinin kitabın ərsəyə gəlməsində iştirak edən müəllim heyəti mədəni əlaqələrin inkişafında göstərdikləri xidmətlərə görə təşəkkürnamə ilə təltif ediliblər.