Azərbaycan Mətbuat Şurası medianın 9 fevral parlament seçkiləri ilə bağlı fəaliyyətinin monitorinqini yekunlaşdırıb
Azərbaycan Mətbuat Şurası medianın 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı fəaliyyətinin monitorinqini aparıb. Monitorinqdə məqsəd ölkənin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin seçki dövrünü işıqlandırmalarındakı nəzərəçarpan peşəkarlıq meyllərini qruplaşdırmaqdan, deputatlığa namizədlərin KİV-lərdə öz təbliğat kampaniyalarını aparmaları imkanlarını müəyyənləşdirməkdən ibarətdir. Monitorinqdə KİV-lərin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na nə dərəcədə riayət etmələrinə diqqət yetirilib. Bu xüsusda təbliğat, əks-təbliğat materiallarına, “qara piar” halları nəzərdən keçirilib.
Monitorinq 3 mərhələdə keçirilib:
- Milli Məclisə növbədənkənar seçkilərin rəsmən elan olunduğu tarixdən təbliğat-təşviqat kampaniyasının başlandığı tarixədək olan dövr – 5 dekabr 2019 - 16 yanvar 2020;
- Təbliğat-təşviqat kampaniyası dövrü 17 yanvar – 7 fevral 2020;
- 9 fevral parlament seçkisinin işıqlandırılması. Medianın prosesdə iştirakçılığı, jurnalist fəaliyyətinə yaradılmış şəraitin öyrənilməsi – 9 fevral 2020.
20 qəzetin, 30 elektron informasiya resursunun cəlb olunduğu monitorinqin ilkin nəticələri onu deməyə əsas verir ki, namizədlərin təbliğat-təşviqat işlərini aparmaları üçün meydan kifayət qədər geniş olub. Hər bir namizəd bu və ya digər kütləvi informasiya vasitəsində sərbəst şəkildə öz platformasını açıqlamaq imkanı qazanıb. Mövcud şərait medianın seçki prosesinə həssas yanaşmasını təsdiqləyən mühüm göstəricidir.
Əvvəlki seçki illəri ilə müqayisədə medianın 9 fevral növbədənkənar parlament seçkisi ilə əlaqədar fəaliyyəti daha aktiv təsir bağışlayıb. Bunu həm materialların çoxluğundan, həm mövzuya yanaşmadakı forma və üsullardan görmək mümkündür. Ümumən materialların təqdimatında peşəkar yanaşma müşahidə edilib. Eyni zamanda qeyri-peşəkarlıq, qərəz nümayişi də nəzərə çarpıb.
Qəzetlərlə elektron informasiya resurslarının seçki materiallarının müqayisəsi onu göstərir ki, ikincilər birincilərdən nəzərəçarpacaq dərəcədə üstündürlər. İnternet media vasitələri seçki məsələlərinə daha çox yer ayırıblar.
1. Milli Məclisə növbədənkənar seçkilərin rəsmən elan olunduğu tarixdən təbliğat-təşviqat kampaniyasının başlandığı tarixədək olan dövrdə monitorinqi aparılmış KİV-lərdəki seçki ilə bağlı materiallar onların ümumən yayımladıqları materialların təqribən 30 faizini təşkil edib.
Göstərilən müddətdə internet informasiya resursları qəzetlərə nisbətən seçki mövzusuna daha rəngarəng yanaşma tərzi nümayiş etdiriblər. Lakin bu dövrdə rəsmi məlumatlara istinad faizi baxımından qəzetlər üstün olub. Onların seçkilərlə bağlı yayımladıqları materialların təqribən 75-80 faizi rəsmi məlumatlardır. Bura əsasən Mərkəzi Seçki Komissiyasının (MSK) xəbərləri daxildir.
İnternet informasiya resurslarının materiallarında MSK-ya istinad nəzərə çarpsa da, onlar müxtəlif sosial şəbəkələrdə yayımlanmış xəbərlərə də geniş yer veriblər. Bu baxımdan namizədliyini irəli sürmüş şəxslərin facebook sosial şəbəkəsindəki qarşılıqlı ittihamlarının işıqlandırılması faktları diqqət çəkib. İnternet media orqanlarında habelə hansısa namizəd barədə facebook sosial şəbəkəsi vasitəsilə dövriyyəyə buraxılmış fikirlərin “qara piar” kimi istifadəsinə də rast gəlinib. “Qara piar” halları əvvəlki seçki illəri ilə müqayisədə artıb. Bu, medianın ümumi seçki fəallığının neqativ göstəricisi kimi qiymətləndirilə bilər.
Monitorinqi aparılmış kütləvi informasiya vasitələrində peşə prinsiplərinin pozulmasının konkret təmayüllərinə gəlincə, burada daha çox işgüzar nüfuza xələl gətirmə halları diqqət çəkib. Bu hallar ümumi pozuntuların 50 faizdən çoxunu təşkil edib.
2. Təbliğat-təşviqat kampaniyasına rəsmən start verildiyi 17 yanvar tarixindən 30 yanvar tarixinədək yayımlanmış materiallar say baxımdan əvvəlki mərhələdəki media materiallarını xeyli üstələyib. Əgər Milli Məclisə növbədənkənar seçkilərin rəsmən elan olunduğu tarixdən təbliğat-təşviqat kampaniyasının başlandığı tarixədək KİV-lərdə seçki ilə bağlı yayımlanmış materiallar ümumu materialların 30 faizini təşkil edirdisə, təbliğat kampaniyasının həyata keçirildiyi müddətdə bu rəqəm 70 faizə yaxınlaşıb. Müvafiq olaraq işgüzar nüfuzun ləkələnməsi, şərəf və ləyaqətin aşağılanması ilə müşaiyət olunan “qara piar” faktlarının da sayı artıb. Pozitiv məqam bundan ibarətdir ki, KİV-lər ayrı-ayrı namizdələrin sosial şəbəkələrdə yaydıqları təbliğat materiallarına da geniş yer veriblər.
3. 9 fevral parlament seçkisinin işıqlandırılması. Medianın prosesdə iştirakçılığı, jurnalist fəaliyyətinə yaradılmış şəraitin öyrənilməsi
Seçki günü medianın prosesdəki aktivliyi özünün ən yüksək səviyyəsinə çatıb. Həmin gün yayımlanmış seçki materialları monitorinqi aparılmış KİV-lərin ümumi materiallarının 85 faizini təşkil edib. Bu isə onu söyləməyə əsas verir ki, jurnalistlər ölkə və xalq üçün böyük əhəmiyyət daşıyan prosesə həssaslıqla yanaşıblar. Monitorinqi aparılmış KİV-lərdə sükut gününün tələblərinə də ümumən riayət olunub.
Azərbaycan Mətbuat Şurası 9 fevral 2020-ci il tarixdə keçirilmiş Milli Məclisə növbədənkənar parlament seçkiləri günü fəaliyyətini iki istiqamətdə qurub.
Bunlardan birincisi Şurada “qaynar xətt” rejimi təşkili olub. Şuranın (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri fevralın 9-da saat 08.00-dan 19.00-dək bu rejimdə fəaliyyət göstərib. Məqsəd növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək olub. Şura gün ərzində “qaynar xətt”in fəaliyyəti ilə bağlı 3 informasiya yayıb.
Mətbuat Şurasının “qaynar xətt”inə 4 müraciət daxil olub. Müraciətlərdən 3-ü 57 saylı Kürdəmir seçki dairəsinin 3,5 və 20 saylı məntəqələri ilə bağlıdır. 1 müraciət isə 47 saylı Mingəçevir seçki dairəsinin 15 saylı seçki məntəqəsindəndir. Müraciət edənlər “7news” saytının əməkdaşı Murad Musayev, “Ayna.az” saytının əməkdaşı Rumiyyə Miraslan, “Femida.az” saytının əməkdaşı Mircəlal Məcidov və “Mediapress.az” saytının əməkdaşı Könül Aypara olub. Hər dörd məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə operativ əlaqə saxlanılıb, qurumun araşdırmaları sonrası problemlər aradan qaldırılıb.
Ümumən jurnalistlərin seçkini işıqlandırmaları sahəsindəki vəziyyət onların peşə fəaliyyətlərini həyata keçirmələri üçün qənaətbəxş şəraitin olduğunu söyləməyə əsas verib. Bunu sosial şəbəkələrdə və internet saytlarda yayımlanmış video-görüntülərin çoxluğu sübut edib. Lakin onu da bildirmək lazımdır ki, bəzi seçki məntəqələrində jurnalistləri çəkiliş aparmağa imkan verməmək halları özünü göstərib. Mövcud xüsusda media təmsilçiləri ilə gərəksiz mübahisələr, onların işinə yersiz müdaxilələr qeydə alınıb. Çox zaman, bu, məntəqə rəhbərliyindəki şəxslərin media ilə münasibəti düzgün qurmaq sahəsində yetərincə səriştəyə malik olmamasından irəli gəlib. Mətbuat Şurasının müşahidələri eyni zamanda onu da müəyyənləşdirib ki, bəzi hallarda jurnalistlər də üzərilərinə düşən missiyanı düzgün yerinə yetirməyiblər. Belə ki, onların qanunsuz kimi qiymətləndirdikləri vəziyyətlərə müdaxilə, mübahisə, jurnalist etikasından kənar münasibət, çağırış halları qeydə alınıb. Halbuki həmin durumlarda jurnalistin vəzifəsi vəziyyəti işıqlandırmaq, konkret sual verib cavab almaq idi.
MŞ-nin 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərinin keçirildiyi gün ilə bağlı ikinci fəaliyyəti seçki məntəqələrində müşahidələrin aparılması olub. Belə ki, qurumun İdarə Heyətinin üzvləri kütləvi informasiya vasitələrinin parlament seçkilərində peşə fəaliyyətlərini həyata keçirmələrinin monitorinqini aparıb. Belə ki, MŞ sədri Əflatun Amaşov 22 saylı Nəsimi ikinci, MŞ sədrinin müavinləri – Umud Mirzəyev və Müşfiq Ələsgərli müvafiq olaraq 8 saylı Binəqədi birinci və 30 saylı Suraxanı birinci seçki dairələrindəki, Şuranın İdarə Heyətinin üzvlərindən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 17 saylı Yasamal üçüncü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 29 saylı Səbail, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev 11 saylı Qaradağ, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı 12 saylı Qaradağ-Binəqədi-Yasamal, Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayıl 60 saylı Salyan-Neftçala, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli 41 saylı Sumqayıt birinci seçki dairələrinə daxil olan məntəqələrdə jurnalistlərə yaradılmış şəratin monitorinqini aparıblar. Onlar prosesi işıqlandıran KİV təmsilçilərinin fəaliyyətlərinə heç bir maneə qeydə almayıblar.