“Xalq qəzeti”ndə Rəşid Mahmudovun yubileyi təntənə ilə qeyd edildi
Görkəmli jurnalist, nüfuzlu redaktor, fəal ictimai xadim Rəşid Mahmudovun 90 illik yubileyi ötən əsrin 80-ci ci illərində rəhbərlik etdiyi kollektivdə-- “Xalq qəzeti” (keçmiş “Kommunist”qəzeti) redaksiyasında həmkarlarının, tanınmış ziyalıların və doğmalarının iştirakı ilə təntənə ilə qeyd edildi. Mərasimdə ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycan milli jurnalistikasının peşəkarlıq baxımından inkişaf etməsinə, mətbuatın milli varlığın qorunması və sivil dəyərlər uğrunda mübarizəyə yönlənməsinə layiqli xidmətlər göstərmiş qələm sahibi və mətbuat təşkilatçısı qədirbilənliklə yad edildi, xatirəsinə dərin ehtiram ifadə olundu.
Məclisin aparıcısı, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə yubiliyarın zəngin və mənalı ömür yoluna nəzər salaraq bildirdi ki, Rəşid İsmayıl oğlu Mahmudov 1929-cu il noyabrın 6-da İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində anadan olub. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika şöbəsinin ilk buraxılış məzunlarından biri olub, sonrakı illərdə aspiranturanı və Bakı Ali Partiya Məktəbini bitirib. Gənclik illərində keçmiş “Kommunist” (1991-ci ildən “Xalq qəzeti”) qəzetində ədəbi işçi, şöbə müdiri, redaktor müavini işləyib.
Rəşid Mahmudov 1965-ci ildə təcrübəli jurnalist kimi Azərbaycan KP MK mətbuat bölməsinin müdiri vəzifəsinə irəli çəkilib, 1973-cü ildə Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi seçilib. Jurnalist-redaktor fəaliyyətini 1980-ci ildən doğma “Kommunist” qəzetinin redaktoru, 1987-ci ildən isə “Azərbaycan kommunisti”– “Kommunist Azerbaydjana” jurnalının baş redaktoru, 1988–1991-ci illərdə Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri vəzifələrində davam etdirib.
Bildirildi ki, Rəşid Mahmudov fəal ictimai xadim kimi müxtəlif illərdə Azərbaycan Jurnalistlər İttifaqına və “Kitab” Cəmiyyətinə rəhbərlik edib. O, uzun illər Azərbaycan KP MK-nın üzvü, 4 çağırış respublika Ali Sovetinin deputatı və mədəniyyət daimi komissiyasının sədri seçilib. Tanınmış jurnalist və media təşkilatçısı olan Rəşid müəllim “Əməkdar jurnalist” fəxri adına, “Qızıl qələm”, “Ustad” media mükafatlarına, bir sıra orden və medallara layiq görülüb. Ömrünün son illərində Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü idi.
Mərasimdə çıxış edən Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin deputatı Novruz Aslan, Xalq şairi Vahid Əziz, poliqrafçı alim Şəddat Çəfərov, geoloq professor və şair Hikmət Mahmud, BDU-nun müəllimi Sona Çərkəz, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri, fəlsəfə doktoru Simran Həsənov, tanınmış şair Baba Vəziroğlu, redaksiyada yubiliyarın rəhbərliyi altında çalışmış jurnalistlərdən Rafiq Həsənov, Əlipənah Bayramov, İsaq Əmənullayev, Mehman Fərzullayev, “Xalq qəzetinin əməkdaşları Tahir Aydınoğlu, İttifaq Mirzəbəyli və digər çıxış edənlər 11 il əvvəl dünyasını dəyişsə də xatirəsi daim anılan, arzu və əməlləri ardıcıllarının fəaliyyətində yaşayan Rəşid Mahmudovun çoxillik və çoxcəhətli bioqrafiyasının ayrı-ayrı yönlərinə nəzər saldılar, onun peşəkar jurnalist, bacarıqlı təşkilatçı, yurdsevər ictimai xadim, mehriban dost və qayğıkeş ailə başçısı kimi indiki nəsilllərə nümunə olan ömür yolundan ətraflı söhbət açdılar, unudulmaz xatirələrini söylədilər.
Sonda yubiliyarın oğlu, tanınmış hüquqşünas Bəhruz Mahmudov cəmiyyətdə olduğu kimi, ailədə, yaxın ətrafında da amalı və əməli ilə nümunəyə çevrilmiş, ictimai fəaliyyəti ilə doğmalarına, həmkarlarına və həmyerlilərinə başucalığı gətirmiş atası barədə deyilən xoş sözlərə, yubiliyarın xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.