Azər Həsrət
Azər Həsrət
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
Azər Həsrət 3 avqust 1968-ci ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olub.
1976–1986-cı illərdə elə həmin kənddəki orta məktəbdə oxuyub, sonra Bakı Baza Energetika Texnikumuna daxil olub. 1986-cı ilin payızında həqiqi hərbi xidmətə çağırılan Azər Həsrət iki il Almaniyanın Zerbst şəhərində bu ölkədəki Sovet Qoşunları Qrupunun tərkibində sıravi əsgər kimi xidmət keçib. Xidmət etdiyi taborda idman təşkilatçısı vəzifəsini də yerinə yetirib.
1988-ci ilin dekabrında hərbi xidmətini başa vurub Azərbaycana qayıdandan sonra texnikumda təhsilini davam etdirməklə bərabər Bakı Məişət Maşınları Təcrübə Zavodunda fəhlə kimi işləyib.
1991-1992-ci illərdə Xaçmazdakı "Vəlvələçay" Kooperativində işləyib.
1992-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olunub. 1997-ci ildə həmin fakültəni "kitabxanaçı-biblioqraf" ixtisası üzrə bitirib. Universitetdəki Hərbi kafedranı bitirdiyinə görə, ona ehtiyatda olan leytenant hərbi rütbəsi verilib.
1995-ci ilin fevral ayından etibarən "Vətən ocağı" qəzetində yazılarla çıxış edib.
1997-ci ildə "Xəbər Servis" İnformasiya Agentliyində siyasi məsələlər üzrə xüsusi müxbir olaraq fəaliyyət göstərib. Bir müddət "Olaylar" İnformasiya Agentliyində Prezident Aparatında və Milli Məclisdən akkreditə olunmuş müxbir kimi işləyib.
1998-ci ilin yanvar ayından Azadlıq qəzetinin müxbiri olub, 1999-cu ildən 2005-ci ilin sonunadək həmin qəzetdə köşə yazarlığı edib.
1995-ci ildən paralel olaraq ingilisdilli "Baku Today" İnternet qəzetində müxbir, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) ingilis və rus dillərindəki İnternet xəbər saytında redaktor işləyib.
2008-ci ilin aprel ayından Beynəlxalq Avrasiya Mətbuat Fondunda informasiya meneceri vəzifəsində çalışıb. 2003-cü ildə "Cümhuriyyət" və "Bizim yol" qəzetlərində köşə yazıları ilə çıxış edib.
1998–2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyib, həmin illərdə institutda kiçik elmi işçi kimi də fəaliyyət göstərib.
2006–2008-ci illərdə "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi və Azərbaycan İnternet Forumunun dövlət qurumlarının İnternet resurslarının monitoringi üzrə eksperti vəzifəsini icra edib.
2006-cı ildə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsini (CASCFEN) qurub, təşkilatın ilk sədri vəzifəsinə seçilib.
2013-cü ildə keçirilmiş Azərbaycan Jurnalistlərinin Qurultayında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib.
2017-ci ilin 14 aprel tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilib.
Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb.
Evlidir, 2 övladı var.