"Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında telekommunikasiya sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir və telekommunikasiya resurslarının məqsədyönlü planlaşdırılmasını və ədalətli istifadə olunmasını tənzimləyir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1 . Əsas anlayışlar

1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

1.0.1. telekommunikasiya - elektrik və ya elektromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi və digər vasitələr) ilə hər hansı siqnalın, səsin və təsvirin məsafəyə ötürülməsi və qəbul edilməsi;

1.0.2. telekommunikasiya şəbəkəsi - telekommunikasiyanın təmin edilməsi üçün vahid texniki və texnoloji sistemdə birləşdirilmiş müxtəlif növ vasitə və qurğuların məcmusu;

1.0.3. ümumistifadəli telekommunikasiya şəbəkəsi - müvafiq qaydalar, standartlar, xidmət göstərilməsi və ödəmə şərtləri əsasında abunəçinin istifadə edə biləcəyi telekommunikasiya xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan və bütün istifadəçilərə qoşulma imkanını verən telekommunikasiya şəbəkəsi, yaxud onun bir hissəsi;

1.0.4. telekommunikasiya xidməti - müvafiq telekommunikasiya şəbəkəsi vasitəsilə hüquqi, fiziki şəxslərin və qanuni əsaslarla fəaliyyət göstərən digər subyektlərin telekommunikasiyaya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən fəaliyyət;

1.0.5. universal telekommunikasiya xidməti - bütün istifadəçilərə müyəssər olan telekommunikasiya xidmətlərinin məcmusu;

1.0.6. telekommunikasiya vasitələri - müvafiq şəbəkə və sistemlərin yaradılması, telekommunikasiya xidməti göstərilməsi üçün istifadə edilən avadanlıqlar, proqram təminatı;

1.0.7. telekommunikasiya qurğuları - müvafiq şəbəkə və sistemlərin yerləşdirilməsi, telekommunikasiya xidməti göstərilməsi üçün istifadə edilən bina, qüllə və digər mühəndis-texniki obyektlər;

1.0.8. telekommunikasiya operatoru (bundan sonra - operator) - mülkiyyətində olan telekommunikasiya şəbəkəsi vasitəsilə qanuni əsaslarla telekommunikasiya xidmətləri göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;

1.0.9. telekommunikasiya provayderi (bundan sonra - provayder) – telekommunikasiya operatorunun şəbəkəsindən istifadə edərək telekommunikasiya xidmətləri göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;

1.0.10. telekommunikasiya şəbəkəsinin son nöqtəsi (bundan sonra – son nöqtə) - abunəçilərin telekommunikasiya şəbəkəsinə qoşulduğu, yaxud qoşula biləcəyi nöqtə;

1.0.11. son telekommunikasiya avadanlığı (bundan sonra - son avadanlıq) - telekommunikasiya xidmətlərindən istifadə məqsədilə telekommunikasiya şəbəkəsinin qoşulma nöqtələrinə birləşdirilən avadanlıqlar (telefon aparatı, kompüter və s.);

1.0.12. telekommunikasiya xidməti istifadəçisi (bundan sonra - istifadəçi) - hüquqi əsaslarla telekommunikasiya xidmətlərindən istifadə edən şəxs;

1.0.13. telekommunikasiya xidməti abunəçisi (bundan sonra - abunəçi) operator, provayder ilə bağladığı müqavilə əsasında telekommunikasiya xidmətlərindən istifadə edən şəxs;

1.0.14. nömrə resursu - rəqəmli, hərfi işarələmə və ya həmin işarələrin kombinasiyası, o cümlədən telekommunikasiya şəbəkəsinin və (və ya) onun qovşaq və ya son nöqtələrinin birmənalı şəkildə müəyyənləşdirilməsi üçün nəzərdə tutulan və telekommunikasiya şəbəkəsində istifadəsi mümkün olan kodların (nömrələnmə variantlarının) məcmusu və ya onların bir hissəsi;

1.0.15. məxsusiləşdirmə kodu - operatorun, provayderin və abunəçinin müəyyənləşdirilməsi üçün tətbiq edilən rəqəmlər və (və ya) işarələr;

1.0.16. trafik - telekommunikasiya şəbəkəsində və ya telekommunikasiya şəbəkələri arasında ötürülən siqnallar (məlumatlar) toplusu;

1.0.17. elektromaqnit uyğunluğu - radioelektron vasitələrinin və (və ya) yüksək tezlikli qurğuların qəbul olunmuş keyfiyyətlə ətraf elektromaqnit şəraitində digər radioelektron vasitələrinə və (və ya) yüksək tezlikli qurğuların işinə yolverilməz maneələr yaratmadan işləmək qabiliyyəti;

1.0.18. radiotezlik - açıq fəzada (efirdə) sərbəst yayılan elektromaqnit dalğaları spektrinin ayrı-ayrı tərkib hissələri;

1.0.19. “az” ölkə kodlu yüksək səviyyəli domen - qlobal İnternet şəbəkəsində ölkəyə məxsus milli seqmenti əks etdirən şərti işarə;[1]

1.0.20. domen adlarının milli inzibatçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.[2]

Maddə 2 . Telekommunikasiyanın təyinatı

Telekommunikasiya ölkənin istehsal və sosial infrastrukturunun tərkib hissəsi olmaqla, dövlət hakimiyyəti orqanlarının, fiziki və hüquqi şəxslərin, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların filial və nümayəndəliklərinin telekommunikasiya xidmətlərinə olan tələbatlarını təmin edir.

Maddə 3 . Telekommunikasiya fəaliyyətinin əsas prinsipləri və istiqamətləri

3.1. Telekommunikasiya fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

3.1.1. operatorların, provayderlərin, istifadəçilərin hüquq bərabərliyi və qanuni mənafelərinin qorunması;

3.1.2. xüsusi təyinatlı telekommunikasiya şəbəkələri və vasitələri ilə məlumatların qəbulunun və ötürülməsinin qanunvericilikdə nəzərdə tutulan qaydada məxfiliyinin təmin edilməsi;

3.1.3. şəbəkə əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi;

3.1.4. tarif siyasətinin tənzimlənməsi;

3.1.5. telekommunikasiya şəbəkəsinin bütövlüyünün qorunması;

3.1.6. telekommunikasiya şəbəkələrinin qarşılıqlı fəaliyyətinin operativliyi;

3.1.7. radiotezliklərin, nömrə resurslarının və qısa kodların səmərəli istifadəsi;

3.1.8. telekommunikasiya xidmətləri bazarında inhisarçılığın yolverilməzliyi və sağlam rəqabət mühitinin təmin edilməsi;

3.1.9. qərarların qəbul edilməsində şəffaflıq və aşkarlığın təmin edilməsi;

3.1.10. telekommunikasiya sahəsində dövlət tənzimləmə funksiyalarının təsərrüfat funksiyalarından ayrılması;

3.1.11. telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlıq.

3.2. Telekommunikasiya fəaliyyəti aşağıdakı istiqamətlər əsasında həyata keçirilir:

3.2.1. vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi;

3.2.2. dövlət tənzimlənməsinin həyata keçirilməsi;

3.2.3. telekommunikasiya sahəsinin inkişafı və onun beynəlxalq telekommunikasiya şəbəkələri ilə inteqrasiyasının təmin olunması üçün şəraitin yaradılması;

3.2.4. dövlət idarəçiliyi, ölkənin müdafiəsi, milli təhlükəsizliyi və ictimai asayişin qorunmasında telekommunikasiya xidmətlərinə tələbatın ödənilməsinə zəruri şəraitin yaradılması;

3.2.5. fövqəladə hallarda telekommunikasiya şəbəkələrinin dayanıqlı işləməsinin təmin edilməsi;

3.2.6. operatorlar arasında arabağlantı münasibətlərinin tənzimlənməsi;

3.2.7. milli informasiya resurslarının formalaşdırılması;

3.2.8. qanunvericilikdə müəyyən edilmiş tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi.

Maddə 4 . Telekommunikasiya fəaliyyətinin obyektləri və subyektləri

4.1. Dövlətin, hüquqi və fiziki şəxslərin, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların filial və nümayəndəliklərinin maraq dairəsinə aid olan mövcud informasiya məkanı, telekommunikasiya vasitələri və qurğuları telekommunikasiya obyekti hesab edilirlər.

4.2. Telekommunikasiya xidmətləri göstərən, onları tənzimləyən, habelə bu xidmətlərdən və radiotezliklərdən istifadə edən bütün dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların filial və nümayəndəlikləri telekommunikasiya fəaliyyətinin subyektləridirlər. Telekommunikasiya fəaliyyətinin subyektləri arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur. [3]

4.3. Telekommunikasiya fəaliyyətinin obyektləri və subyektləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda mövcud ola bilərlər.

Maddə 5 . Telekommunikasiya haqqında qanunvericilik

5.1. Telekommunikasiya haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

5.2. Televiziya və radio yayımı ilə bağlı münasibətlər "Media haqqında" Azərbaycan Respublikasının Qanunu, bu Qanun və digər normativ aktlarla tənzimlənir. [4]

II fəsil

TELEKOMMUNİKASİYA FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİ

Maddə 6 . Telekommunikasiya fəaliyyətinin dövlət tənzimlənməsi

6.1. Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi dövlətin səlahiyyətindədir və aşağıdakı istiqamətlərdə həyata keçirilir:

6.1.1. nömrə resursundan istifadənin təşkili;

6.1.2. telekommunikasiya fəaliyyətinin lisenziyalaşdırılması;

6.1.3. telekommunikasiya sahəsində sertifikatlaşdırmanın təşkili;[5]

6.1.4. telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin tətbiqi;

6.1.5. telekommunikasiya sahəsində sağlam rəqabət mühitinin və antiinhisar fəaliyyətin tənzimlənməsi;

6.1.6. radiotezliklərdən istifadənin təşkili;

6.1.7. operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi;

6.1.7-1. internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması;[6]

6.1.8. qanunvericiliklə müəyyən edilmiş digər tənzimləmə istiqamətləri.

Maddə 7 . Nömrə resursundan istifadənin təşkili

7.1. Ölkənin nömrə resursu, ölkə kodu, həmçinin “az” ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur.

7.2. İstifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılır.

7.3. Nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir.

7.4. Telekommunikasiya operatoruna, provayderinə ,eyni zamanda digər hüquqi və fiziki şəxslərə nömrə resurslarının ayrılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı prinsiplər nəzərə alınmaqla hazırlanan nömrə resurslarının ayrılması və istifadəsi qaydalarına uyğun olaraq həyata keçirilir:[7]

7.4.1. operatorun, provayderin mövcud maddi-texniki bazasının genişləndirilməsi;

7.4.2. operatorun, provayderin mövcud texnoloji fəaliyyət rejiminin pozulmaması;

7.4.3. sağlam rəqabətə şərait yaradılması;

7.4.4. istifadəçilərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarının məhdudlaşdırılmaması.

7.5. Nömrə resursunun verilməsindən yalnız qanunla müəyyən edilən hallarda imtina oluna bilər və bu imtinadan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.[8]

7.6. Operatora, provayderə nömrə resursunun ayrılması, dəyişdirilməsi və geri alınması haqqında məlumatlar kommersiya sirri təşkil etmir.

7.7. Operator, provayder onun üçün ayrılmış nömrə resursunu və ya onun bir hissəsini yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə digər operatora, provayderə verə bilər.

7.8. Hüquqi şəxsin yenidən təşkili zamanı onun üçün ayrılmış nömrə resursu üzrə sənədlər, o cümlədən hüquqi varisin ərizəsi, bir neçə varis olduqda onların birgə ərizəsi əsasında təkrar ödəniş tələb olunmadan yenidən təsdiq edilir. Hüquqi varislər arasında nömrə resursları üzrə mübahisələr məhkəmə yolu ilə həll olunur.

7.9. Ölkənin qarşılıqlı əlaqədə olan vahid telekommunikasiya şəbəkələrinin nömrə resurslarının, o cümlədən beynəlxalq telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin (ölkə kodu) nömrə resurslarının ayrılması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin orqan təsdiq edilmiş nömrələmə sistemini və planını, həmçinin Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alır.[9]

7.10. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[10]

7.10-1. “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adlarının milli inzibatçısı tərəfindən müəyyən edilir.[11]

7.11. Bu Qanun qüvvəyə minənədək operatora, provayderə verilmiş nömrə resursunun ilkin istifadə müddəti bitdikdə, həmin nömrə resursunun istifadəçisi müvafiq nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir.

Maddə 8 . Telekommunikasiya fəaliyyətinin lisenziyalaşdırılması

Telekommunikasiya fəaliyyəti sahəsində lisenziyalaşdırma Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.

Maddə 9 . Telekommunikasiya sahəsində sertifikatlaşdırma

9.1. Ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğuları qanunvericilikdə müəyyən olunmuş qaydada sertifikatlaşdırılmalıdır.

9.2. Qanunvericiliklə müəyyən edilmiş uyğunluq sertifikatı olmayan telekommunikasiya vasitələrinin və qurğularının ümum istifadəli telekommunikasiya şəbəkələrində istismarına yol verilmir.

9.3. Telekommunikasiya vasitələrinin və qurğularının zəruri texniki sınağının aparılması, texniki və təhlükəsizlik göstəriciləri üzrə rəy verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

9.4. Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.

9.4-1. Bu Qanunun 9.4-cü maddəsində nəzərdə tutulan uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.[12]

9.5. Ümum istifadəli telekommunikasiya xidmətlərinin sertifikatlaşdırılması könüllü qaydada aparılır.

9.6. Telekommunikasiya fəaliyyəti sahəsində sertifikatlaşdırmanın qaydaları müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir.

Maddə 10 . Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin tətbiqi

10.1. Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[13]

10.2. Azərbaycan Respublikasında ixtisaslaşdırılmış təcili yardım xidmətlərinin (yanğından mühafizə, polis, təcili tibbi yardım, qaz və elektrik qəza xidməti və qanunvericilikdə nəzərdə tutulan digər bu kimi xidmətlər) çağırılması üçün istənilən telekommunikasiya şəbəkələrindən bütün hüquqi və fiziki şəxslərin pulsuz istifadəsinə təminat verilir. İstifadəçilərin bu hüquqlarını məhdudlaşdıran operatorlar, provayderlər və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 11 . Telekommunikasiya sahəsində sağlam rəqabət mühitinin və antiinhisar fəaliyyətin tənzimlənməsi

11.1. Telekommunikasiya sahəsində fəaliyyət göstərən operatorlar, provayderlər, digər hüquqi və fiziki şəxslər, habelə avadanlıqların istehsalçıları və təchizatçıları telekommunikasiya şəbəkələrinin yaradılmasında və inkişaf etdirilməsində, xidmətlərin göstərilməsində bərabərhüquqlu subyektlər hesab edilirlər.

11.2. Müvafiq telekommunikasiya xidməti bazarında antiinhisar qanunvericiliyə əsasən hökmran mövqe tutan operator, provayder fəaliyyətində aşağıdakı şərtlərə riayət etməlidir:

11.2.1. telekommunikasiya xidməti bazarına bərabərhüquqlu daxilolmanı təmin etmək məqsədilə hökmran mövqe tutan operator eyni xidməti göstərən digər operatorlar arabağlantı məqsədləri üçün şəbəkələrin qoşulması və trafik mübadiləsi üzrə bərabər şərait yaratmağa borcludur;

11.2.2. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunmaqla, hökmran mövqe tutan operator, provayder arabağlantı məqsədləri üçün öz şəbəkəsinə digər operatorun, provayderin müvafiq müqavilə əsasında qoşulmasından imtina edə bilməz;

11.2.3. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunmaqla, hökmran mövqe tutan operator, provayder öz şəbəkəsi vasitəsilə xətləri (kanalları) digər operatorlara, provayderlərə ümumi müqavilə əsasında icarəyə verir;

11.2.4. müvafiq icra hakimiyyəti orqanı hökmran mövqe tutan operatorun, provayderin uyğun fəaliyyəti üzrə xüsusi tələblər müəyyən edir.

11.3. Müvafiq icra hakimiyyəti orqanları telekommunikasiya sahəsində haqsız rəqabətin və inhisarçı fəaliyyətin qarşısının alınması üzrə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür.

11.4. Haqsız rəqabətə, istifadəçilərin maraq və hüquqlarının pozulmasına, yaxud qanuna zidd olan hər hansı digər əməllərə yol verən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 12 . Operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi

12.1. Operatorlar öz şəbəkələri arasında qarşılıqlı arabağlantını müqavilə (bundan sonra - arabağlantı müqaviləsi) əsasında həyata keçirirlər.

12.2. Arabağlantı müqaviləsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə zidd olmayan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və qanunvericiliyə uyğun olaraq müqaviləni bağlayan tərəflərin müəyyən etdiyi digər məsələlər nəzərə alınmalıdır.

12.3. Operator hər bir ümumistifadəli telekommunikasiya şəbəkəsi operatoru ilə 2 ay müddətindən gec olmayaraq arabağlantı müqaviləsi bağlamalıdır. Göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən, mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər əsasında tərəflər arasında 7 iş günü müddətində arabağlantı müqaviləsi bağlanmalıdır. Arabağlantı müqaviləsinin bağlanması ilə əlaqədar mübahisələr məhkəmə qaydasında həll edilir.

12.4. Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 13 . Radiotezliklərdən istifadənin təşkili

13.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyənləşdirilmiş hədlərdə, radioelektron vasitələrinin və ya yüksək tezlikli qurğuların işləməsi üçün istifadə oluna bilən radiotezliklər dövlətə məxsusdur və onların tənzimlənməsi dövlətin müstəsna hüququdur.

13.2. Radiotezliklər istifadə üçün bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10 il müddətinə ayrılır. [14]

13.2-1. Radiotezliklərin ayrılması haqqında qərar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarla yanaşı, həmçinin aşağıdakı hallarda ləğv edilir: [15]

13.2-1.1. telekommunikasiya xidmətlərinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellülar (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə;

13.2-1.2. radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində radiotezlik istifadəçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) radiotezliklərdən istifadəyə dair müqavilə bağlanılmadıqda;

13.2-1.3. radiotezlik istifadəçisi tərəfindən radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişlər tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 ay müddətində istifadə edilmədikdə.

13.2-2. Radiotezliklərdən istifadəyə dair müqavilədə tərəflərin hüquq və vəzifələri, radiotezliklərdən istifadə və ödəniş şərtləri, müqavilənin ləğvi və dəyişdirilməsi qaydaları və əsasları, habelə müqavilənin predmetinə dair digər mühüm şərtlər əks etdirilir. Radiotezliklərdən istifadəyə dair müqavilənin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

13.3. Radiotezliklərdən, radioelektron vasitələrdən və bu sahədə mülki təyinatlı qurğulardan istifadə qaydalarının müəyyənləşdirilməsi, onların icrasına nəzarət və telekommunikasiya vasitələrinin elektromaqnit sahəsinin monitorinqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

13.3-1. Radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismar edilməsi qadağandır. [16]

13.3-2. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsi və idxalı qadağandır.

13.4. Radiotezliklər aşağıdakılar nəzərə alınmaqla ayrılır:

13.4.1. tezlik zolaqlarının ayrılma cədvəli və radiotezliklər spektrinin perspektiv istifadə planı;

13.4.2. dövlət hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik və asayişi mühafizə orqanlarının ehtiyaclarını təmin etmək məqsədilə ayrı-ayrı subyektlərə ayrılmış radiotezliklərin başqa radiotezliklərə keçirilməsi şərtilə qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi;

13.4.3. planlaşdırılan radiotezliklər və həmin radiotezliklərdə istifadə olunan radioelektron vasitələrin elektromaqnit uzlaşması üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi.[17]

13.4-1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla bilər. Bu zaman müvafiq tədbirin, o cümlədən idman yarışının təşkilatçısının vəsaiti hesabına radiotezlik istifadəçilərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kompensasiya ödənilir.[18]

13.5. Ayrılmış tezlik diapazonları üçün verilmiş hüquqları məhdudlaşdırmadan tezlik zolaqlarının ayrılması cədvəlinə 4 ildə bir dəfədən və radiotezliklər spektrindən perspektiv istifadə planına 10 ildə bir dəfədən az olmayaraq yenidən baxılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

13.6. Radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir.[19]

13.7. Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13.8. Televiziya və radio yayımının ehtiyacları üçün radiotezliklərin istifadəsi qanunvericiliyə uyğun olaraq müvafiq dövlət orqanı tərəfindən tənzimlənir.

Maddə 13-1İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu[20]

13-1.1. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmalıdırlar, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat verməlidirlər.

13-1.2. İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılır.

III fəsil

TELEKOMMUNİKASİYA FƏALİYYƏTİNİN TƏŞKİLİ VƏ FƏALİYYƏTƏ DÖVLƏT NƏZARƏTİ

Maddə 14 . Telekommunikasiya fəaliyyətinin təşkili

14.0. Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyəti aşağıdakı istiqamətlər üzrə təşkil edilir:

14.0.1. telekommunikasiya sahəsində fəaliyyətə dövlət nəzarətinin həyata keçirilməsi;

14.0.2. telekommunikasiya sahəsində vahid dövlət siyasətinin və elmi-texniki proqramların hazırlanmasında iştirak edir və onların qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsi;

14.0.3. telekommunikasiya xidmətlərinin standartlarının müəyyən edilməsi;

14.0.4. telekommunikasiya xidmətlərinin növlərinin və onların xüsusiyyətlərinin müəyyən edilməsi.

Maddə 15 . Hərbi və fövqəladə vəziyyət şəraitində telekommunikasiya şəbəkələrinin idarə olunması

15.1. Hərbi və fövqəladə vəziyyət şəraitində ümum istifadəli telekommunikasiya şəbəkələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən mərkəzləşdirilmiş qaydada idarə olunur.

15.2. Hərbi və fövqəladə vəziyyətin elan olunmasına səbəb olmuş hadisələrin və onların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq telekommunikasiya sahəsində müvəqqəti idarəetmə orqanları yaradıla bilər.

Maddə 16 . Fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində telekommunikasiya şəbəkələrindən və vasitələrindən istifadədə üstünlük[21]

16.1. Fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilərlər. Fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.[22]

16.2. Operatorlar, provayderlər qəzalar, epidemiyalar, epizootiyalar və təbii fəlakətlər zamanı dövlət idarəçiliyinin, ölkənin müdafiəsinin, təhlükəsizliyinin təmin olunması ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında məlumatların mübadiləsinə mövcud imkanlar daxilində üstünlük verməlidirlər.

Maddə 17 . Telekommunikasiya fəaliyyətinə dövlət nəzarəti

17.1. Telekommunikasiya haqqında qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

17.1-1. Sahibkarlara münasibətdə telekommunikasiya fəaliyyətinə dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.[23]

17.2. Telekommunikasiya sahəsində fəaliyyətə dövlət nəzarətinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

17.3. Telekommunikasiya haqqında qanunvericiliyə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı qanunvericiliyin tələblərini pozmuş şəxslər barədə öz səlahiyyətləri çərçivəsində tədbirlər görür.

17.4. Telekommunikasiya haqqında qanunvericiliyə riayət olunmasına dövlət nəzarətini həyata keçirən orqanın səlahiyyətlərindən sui-istifadə hallarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.[24]

IV fəsil

TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİ VƏ XİDMƏTLƏRİ

Maddə 18 . Telekommunikasiya şəbəkəsinin strukturu və təsnifatı

18.1. Azərbaycan Respublikası daxilində mövcud olan telekommunikasiya şəbəkələrinin normal idarə edilməsi və düzgün istismar rejimində saxlanması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların təşkilati-texniki strukturu müəyyənləşdirilir.

18.2. Telekommunikasiya şəbəkələri struktur baxımından aşağıdakı təsnifata malikdir:

18.2.1. ümumistifadəli telekommunikasiya şəbəkəsi;

18.2.2. fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkəsi;

18.2.3. xüsusi təyinatlı telekommunikasiya şəbəkəsi;

18.2.4. televiziya və radio yayımı şəbəkəsi.

Maddə 19 . Ümumistifadəli telekommunikasiya şəbəkəsi

19.1. Ümumistifadəli telekommunikasiya şəbəkəsi operatorlar arasında bağlanan arabağlantı müqavilələr əsasında istifadəçilərə vahid prinsiplərlə telekommunikasiya xidmətləri göstərmək üçün təşkil edilir.

19.2. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, ümum istifadəli telekommunikasiya şəbəkəsinin xidmətlərindən istifadə edilməsinə məhdudiyyət qoyulmur.

19.3. Ümumistifadəli telekommunikasiya şəbəkələrinin inkişafı, təkmilləşdirilməsi, səmərəli və etibarlı istifadə edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş siyasət üzrə telekommunikasiya operatorları tərəfindən tədbirlər həyata keçirilir.

Maddə 20 . Fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkələri

20.1. Fiziki, hüquqi şəxslər öz daxili ehtiyaclarını ödəmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydada telekommunikasiya şəbəkələri yarada bilərlər.

20.2. Fiziki, hüquqi şəxslərin telekommunikasiya şəbəkələri müvafiq müqavilə əsasında ümum istifadəli telekommunikasiya şəbəkəsinə qoşula bilərlər. Bu cür qoşulma fərdi telekommunikasiya şəbəkələrinə məxsus telekommunikasiya vasitələrinin və qurğularının ümum istifadəli telekommunikasiya şəbəkəsinin telekommunikasiya vasitələri və qurğuları üçün nəzərdə tutulan mövcud standart və normalara uyğunluğu barədə təqdim edilən sertifikat əsasında həyata keçirilir.

20.3. Telekommunikasiya şəbəkələrinin ümum istifadəli telekommunikasiya şəbəkəsinə qoşulması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20.4. Telekommunikasiya şəbəkəsi ümum istifadəli telekommunikasiya şəbəkəsinə qoşulduqda ümumistifadəli telekommunikasiya şəbəkəsi kateqoriyasına keçmiş hesab edilir.

20.5. Korporativ telekommunikasiya şəbəkələri idarə, istehsalat daxili və texnoloji telekommunikasiya şəbəkələri kimi yaradıla bilər.

20.6. İstehsaldaxili və texnoloji telekommunikasiya şəbəkələri ümum istifadəli telekommunikasiya şəbəkəsinə qoşulmadan ayrı-ayrı müəssisələr, idarələr, təşkilatlar və digər subyektlərin istehsaldaxili əlaqələrinin və texnoloji proseslərin idarə və müşahidə edilməsində operativliyi və konfidensiallığı təmin edir. Belə telekommunikasiya şəbəkələri müvafiq telekommunikasiya standartlarına uyğun olaraq, ümumistifadəli telekommunikasiya şəbəkəsinin işinə xələl gətirməmək şərtilə qurulur və kənar istifadəçilərin ehtiyaclarını ödəmək üçün telekommunikasiya xidmətləri göstərə bilməzlər.

Maddə 21 . Xüsusi təyinatlı telekommunikasiya şəbəkəsi

21.1. Dövlət hakimiyyəti orqanlarında xüsusi təyinatlı telekommunikasiya şəbəkələri yaradıla bilər.

21.2. Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlukəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21.3. Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələri ümumistifadəli telekommunikasiya şəbəkələrinə qoşulduqda ümumistifadəli telekommunikasiya şəbəkələri kateqoriyasına keçmir və onun xidmətlərindən istifadə edilməsindəki məhdudiyyətlər saxlanılır.[25]

Maddə 22 . Televiziya və radio yayımı şəbəkəsi

Televiziya və radio yayımı şəbəkəsi və bu şəbəkə ilə televiziya və radio yayımı " Media haqqında " Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 23 . Telekommunikasiya xidmətinin növləri

23.0. Telekommunikasiya xidməti aşağıdakı təsnifatdan ibarətdir:

23.0.1. telefon (məftilli);

23.0.2. sellülar (mobil);

23.0.3. peycinq;

23.0.4. radiotrank və simsiz telefon;

23.0.5. respublikadaxili və beynəlxalq telekommunikasiya xidməti;

23.0.6. İnternet xidməti;

23.0.7. televiziya və radio yayımı xidmətləri;

23.0.8. universal telekommunikasiya xidmətləri;

23.0.9. qanunvericilikdə nəzərdə tutulan digər telekommunikasiya xidmətləri.

Maddə 24 . Telefon (məftilli)

Telefon (məftilli) xidməti - hərəkətsiz (stasionar) son avadanlıqdan istifadə etməklə göstərilən telekommunikasiya xidmətidir.

Maddə 25 . Sellülar (mobil) xidmət

Sellülar (mobil) xidmət - istifadəçinin son avadanlığı telekommunikasiya şəbəkəsinin bütün son nöqtələri çərçivəsində sərbəst hərəkət edərək mobil stansiyanın məxsusiləşdirmə kodunu saxlamaqla radiotexnologiyaları tətbiq etməklə göstərilən telekommunikasiya xidmətidir. Sellülar (mobil) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağandır.[26]

Maddə 26 . Peycinq xidməti

Peycinq xidməti - istifadəçiyə məlumatların birtərəfli ötürülməsini təmin edən fərdi radioçağırış sistemi vasitəsilə göstərilən telekommunikasiya xidmətidir.

Maddə 27 . Radiotrank və simsiz telefon xidməti

Radiotrank və simsiz telefon xidməti - istifadəçinin son avadanlığının telekommunikasiya şəbəkəsinin bir kommutasiya mərkəzinə qoşulmuş son nöqtələri hüdudlarında sərbəst hərəkət etməklə və məxsusiləşdirmə kodunu saxlamaqla radiotexnologiyalardan istifadə etməklə göstərilən telekommunikasiya xidmətidir.

Maddə 28 . Ölkədaxili və beynəlxalq telekommunikasiya xidməti

Ölkədaxili telekommunikasiya xidməti - ölkə daxilində, o cümlədən respublikanın ayrı-ayrı şəhərləri və rayonları arasında, beynəlxalq telekommunikasiya xidməti isə ölkədən xaricə və xaricdən ölkəyə müxtəlif vasitələrlə (kabel, radiorele, peyk və sair) telekommunikasiyanın yaradılması məqsədilə göstərilən xidmətdir.

Maddə 29 . İnternet telekommunikasiya xidməti

İnternet telekommunikasiya xidməti - beynəlxalq standartlarla müəyyən olunan İnternet protokol əsasında qlobal informasiya şəbəkəsində göstərilən telekommunikasiya xidmətidir.

Maddə 30 . Televiziya və radio yayımı xidmətləri

Televiziya və radio yayımı xidmətləri " Media haqqında " Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 31 . Universal telekommunikasiya xidməti

31.1. Universal telekommunikasiya xidməti - Azərbaycan Respublikasının bütün ərazisində müəyyən müddət ərzində və keyfiyyətlə, əlverişli qiymətlə hər hansı telekommunikasiya xidməti istifadəçisinə göstərilməsi operatorlar, provayderlər üçün icbari olan telekommunikasiya xidmətidir.

31.2. Dövlət universal telekommunikasiya xidmətinin göstərilməsinə təminat verir.

31.3. Universal xidmətin təsnifatı, təşkili, keyfiyyəti, müddəti və digər tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı prinsiplər nəzərə alınmaqla müəyyən edilir:

31.3.1. hər yaşayış məntəqəsində yanğınsöndürmə, polis, təcili tibbi yardım, qaz, elektrik qəza və qanunvericilikdə nəzərdə tutulan digər ixtisaslaşdırılmış təcili yardım xidmətləri ilə ödənişsiz əlaqə yaratmaq məqsədilə, ən azı bir taksofon (və ya kollektiv istifadəli telefon) quraşdırılmalıdır;

31.3.2. bütün hallarda nəqliyyat vasitəsindən istifadə etmədən universal telekommunikasiya xidməti vasitəsinə çatması üçün sərf edilən vaxt müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan müddətdən artıq olmamalıdır.

31.4. Universal telekommunikasiya xidmətinin göstərilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilən müsabiqə əsasında seçilmiş operator, provayder tərəfindən, müsabiqə baş tutmadığı halda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üzərinə universal xidmətlərin göstərilməsi öhdəliyi qoyulmuş telekommunikasiya operatoru, provayderi tərəfindən müqavilə əsasında həyata keçirilir.

Ümumistifadəli telekommunikasiya şəbəkəsində hökmran mövqe tutan telekommunikasiya operatoru, provayderi onun üzərinə qoyulmuş bu öhdəlikdən imtina edə bilməz.[27]

31.5. Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

31.6. Bu maddənin tələbləri, müvafiq yaşayış məntəqəsində eyni xidmətlərin digər şəxslər tərəfindən göstərilməsindən asılı olmayaraq tətbiq edilir.

31.7. Operatorlar, provayderlər tərəfindən təmin edilən universal telekommunikasiya xidmətləri üzrə tariflər və hesablaşma qaydaları müvafiq icra hakimiyyəti orqanı ilə operator arasında bağlanan müqavilə əsasında tənzimlənir.

V fəsil

TELEKOMMUNİKASİYA SUBYEKTLƏRİNİN HÜQUQLARI,VƏZİFƏLƏRİ VƏ MƏSULİYYƏTİ

Maddə 32 . Operatorların və provayderlərin hüquqları

32.1. Operatorlar aşağıdakı hüquqlara malikdirlər:

32.1.1. öz telekommunikasiya şəbəkələrini planlaşdırmaq və inkişaf etdirmək (genişləndirmək);

32.1.2. qanunvericiliklə müəyyən olunmuş qaydada nömrə resurslarını və radiotezlikləri almaq və onlardan istifadə etmək;

32.1.3. qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil müəyyən etmək;

32.1.4. ayrılmış nömrə resursundan abunəçilərinə məxsusiləşdirmə kodlarını vermək;

32.1.5. operator və abunəçi arasında bağlanmış müvafiq müqavilədə müəyyən edilən istifadə qaydalarına riayət etməyən abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsini dayandırmaq;

32.1.6. qanunvericiliyə uyğun qaydada telekommunikasiya sahəsində fəaliyyətini dayandırmaq (yaxud fəaliyyətinə xitam vermək);

32.1.7. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

32.2. Provayderlər aşağıdakı hüquqlara malikdirlər:

32.2.1. müvafiq operatorla bağladığı müqavilə əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmaq və xidmətlər göstərmək;

32.2.2. qanunvericiliklə müəyyən olunmuş qaydada nömrə resurslarından və radiotezliklərdən istifadə etmək;

32.2.3. göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını, qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil müəyyən etmək;

32.2.4. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

32.3. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş lotereya təşkilatçısının və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş idman mərc oyunları operatorunun operator və ya provayderlərin telekommunikasiya şəbəkələrindən istifadəsi ilə bağlı münasibətlər onlar arasında bağlanmış müqavilə ilə tənzimlənir.[28]

Maddə 33 . Operatorların və provayderlərin vəzifələri

33.1. Operatorlar aşağıdakı vəzifələri daşıyırlar:

33.1.1. telekommunikasiya sahəsində müəyyən olunmuş normativ hüquqi aktlara uyğun fəaliyyət göstərmək;

33.1.2. abunəçi ilə bağlanan müqaviləyə əsasən üzərinə düşən vəzifələri yerinə yetirmək;

33.1.3. istehlakçıların hüquqlarını pozmamaq;

33.1.3-1. abunəçinin müraciəti əsasında uşaqların zərərli informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla təmin etmək;[29]

33.1.3-2. rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatları daxil etmək;

33.1.3-3. telefon nömrələrinin (sabit (məftilli), mobil) operatorların şəbəkəsində aktivləşdirilməsini ərizəçiyə dair məlumatların vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra təmin etmək;[30]

33.1.4. qarşılıqlı arabağlantı müqavilələrini bağlamaq;

33.1.5. telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərmək;

33.1.6. trafikin normativ hüquqi aktlara uyğun istiqamətləndirilməsinə əməl etmək;

33.1.7. abunəçilər və istifadəçilər tərəfindən ixtisaslaşdırılmış təcili yardım xidmətlərinin çağırılması üçün telekommunikasiya şəbəkələrindən ödənişsiz istifadəni təmin etmək;

33.1.8. telekommunikasiya xidmətinin göstərilməsi məhdudlaşdırıldığı halda da ixtisaslaşdırılmış təcili yardım xidmətləri ilə əlaqəni mümkün həddədək təmin etmək;

33.1.9. müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsinə telekommunikasiya vasitələri və qurğularının istifadə olunduğu yerdə yoxlanılmasına qanunvericiliklə müəyyən edilmiş qaydada şərait yaratmaq;

33.1.9-1. bu Qanunun 13-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada uçota durmaq, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat vermək;[31]

33.1.9-2. müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim etmək (bu müddətdə həmin informasiyanın aktuallığını itirməsi ilə əlaqədar sorğunun təcili olması barədə sorğu verənin qeydi olduqda, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab vermək);

33.1.9-3. operator və ya provayderin telekommunikasiya şəbəkəsinə qoşulmaqla təşkil edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin qarşısının alınması üçün texniki vasitələrdən, avadanlıqlardan və ya proqram təminatından istifadə etməklə tədbirlər görmək;[32]

33.1.9-4. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusuna real vaxt rejimində cavab vermək;[33]

33.1.9-5. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə riayət etmək;[34]

33.1.9-6. telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin satışının təşkili və (və ya) satışı, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;[35]

33.1.10. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələr.

33.2. Bu Qanunun 33.1-ci maddəsində göstərilmiş vəzifələr, bu Qanunun 33.1.3-2-ci, 33.1.3-3-cü, 33.1.4-cü və 33.1.9-4-cü maddələri istisna olmaqla, provayderlərə də şamil edilir.[36]

33.3. Host provayder və internet provayderlər internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması üçün “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirləri həyata keçirməlidirlər.[37]

Maddə 34 . Abunəçilərin hüquq və vəzifələri

34.1. Abunəçilər aşağıdakı hüquqlara malikdirlər:

34.1.1. operatoru, provayderi sərbəst seçmək;

34.1.2. keyfiyyətli telekommunikasiya xidmətlərini tələb etmək;

34.1.2-1. uşaqların zərərli informasiyadan qorunması üçün texniki proqram və avadanlıq vasitələrinin tətbiqi ilə müvafiq tədbirlər görülməsini tələb etmək;[38]

34.1.3. operatorun, provayderin əməllərindən qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət vermək;

34.1.4. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

34.2. Abunəçilər aşağıdakı vəzifələri daşıyırlar:

34.2.1. qanunvericiliyə uyğun müəyyən edilmiş telekommunikasiya xidmətlərindən istifadə qaydalarına riayət etmək;

34.2.2. telekommunikasiya şəbəkəsinə operator, provayder ilə bağlanmış müqavilələrə, qanunvericiliklə müəyyən edilmiş standartlara və digər tələblərə uyğun son avadanlıq qoşmaq;

34.2.3. telekommunikasiya şəbəkələrinin istismarını, bütövlüyünü, qarşılıqlı bağlantısını, informasiya mühafizəsini, radioelektron vasitələrinin elektromaqnit uyğunluğunu təhlükə altına qoyan, habelə digər subyektlər üçün telekommunikasiya xidmətlərinin göstərilməsini çətinləşdirən, yaxud qeyri-mümkün edən əməllərə yol verməmək;

34.2.4. operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlı-vaxtında ödəmək;

34.2.5. son avadanlığın istifadə olunduğu yerdə yoxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada şərait yaratmaq;

34.2.6. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələr.

Maddə 35 . Telekommunikasiya şəbəkələrinin, vasitələrinin və qurğularının mühafizəsi

35.1. Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizəsinə dövlət tərəfindən hüquqi təminat verilir. Telekommunikasiya şəbəkələrinə, vasitələri və qurğularına qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası və zolaqları ayrılır.

35.2. Layihə və tikinti ilə məşğul olan hüquqi və fiziki şəxslər binaların, tikililərin, şəbəkələrin, qurğuların tikintisi, təmiri, yenidən qurulması və bərpası zamanı tikinti sahələrində mövcud olan telekommunikasiya şəbəkələrini, vasitələrini və qurğularını mühafizə etməlidirlər.

35.3. Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.

35.4. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Operatorlar, provayderlər bu qaydalara zidd olmayan əlavə mühafizə tədbirləri görə bilərlər.

Maddə 36 . Telekommunikasiya vasitə və qurğularının digər infrastruktur obyektlərində yerləşdirilməsi

36.1. Mövcud yaşayış məntəqələrini inkişaf etdirmək, yeni yaşayış məntəqələri salmaq məqsədilə baş planlar hazırlayarkən və ayrı-ayrı yaşayış məntəqələrini və komplekslərini, inzibati-ictimai binaları və tikililəri layihələndirərkən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları qüvvədə olan normativlərə uyğun olaraq, telekommunikasiya vasitə və qurğularının yerləşdirilməsi üçün binaların tikintisi məqsədilə onların mülkiyyətində olan sahələr ayırmalıdırlar. Eyni zamanda tikilməkdə olan yaşayış və ya inzibati binalarda telekommunikasiya xidmətlərinin göstərilməsi üçün texniki normalara uyğun gələn xüsusi otaqları və sahələri müvafiq qaydada operatorlara, provayderlərə istifadəyə verməlidirlər.

36.2. Binaların, körpülərin, kollektorların, tunellərin (o cümlədən metropoliten tunellərinin), avtomobil və dəmir yollarının, digər mühəndis obyektlərinin və texnoloji meydançaların mülkiyyətçiləri ilə magistral şəbəkə operatoru arasında bağlanmış müqaviləyə əsasən bu obyektlərdə mövcud normativlərə uyğun olaraq telekommunikasiya şəbəkələrinin və qurğularının quraşdırılması, tikintisi və istismarı təmin edilir.

36.3. Dövlət və yerli özünüidarəetmə orqanları zədələnmiş telekommunikasiya şəbəkələrinin və qurğularının bərpası üzrə təxirəsalınmaz qəza-texniki işlər aparılması üçün operatorlara, provayderlərə lazım olan nəqliyyat vasitələri və xüsusi texnikanın müvafiq qaydada ayrılmasını təmin edirlər.

Maddə 37 . Telekommunikasiya şəbəkəsinin elektrik enerjisi ilə təchizatı

37.1. Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğuları elektrik enerjisinin birinci dərəcəli istehlakçısı hesab edilməklə, ölkənin vahid enerji sistemi vasitəsilə fasiləsiz təchiz olunmalıdırlar.

37.2. Operatorlar, provayderlər dayanıqlı fəaliyyət göstərmək üçün ehtiyat enerji mənbələri yaradırlar.

Maddə 38 . Telekommunikasiyada məxfiliyin təmin olunması

38.1. Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyi Azərbaycan Respublikasının Konstitusiyası və digər müvafiq normativ hüquqi aktlarla qorunur.

38.2. Telekommunikasiya şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyinin məhdudlaşdırılmasına yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda yol verilir.

38.3. Operatorlar, provayderlər şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyini təmin etməlidirlər.

38.4. Telekommunikasiya şəbəkələrindən istifadə haqqında məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda verilə bilər.

38.5. Telefon danışıqlarının və digər telekommunikasiya vasitələri ilə ötürülən məlumatların açıqlanmasına yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda yol verilir.

38.6. Tərkibində dövlət sirri olan məlumatların telekommunikasiya şəbəkələri vasitəsilə ötürülməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Maddə 39. Operatorların, provayderlərin əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən orqanlarla qarşılıqlı əlaqəsi

39.1. Operatorlar, provayderlər qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün şərait yaratmağa, bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə uyğun telekommunikasiya şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etməyə, təşkilati məsələləri həll etməyə və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli saxlamağa borcludur.[39]

39.2. Bu tələblərin pozulmasına görə operator, provayder qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Maddə 40 . Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər

40.1. Müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir.

40.2. Operator, provayder texniki imkanlarına uyğun olan telekommunikasiya xidmətinin göstərilməsi üçün müraciət edən abunəçi ilə belə xidmətin göstərilməsinə dair müqavilə bağlamaqdan, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, imtina edə bilməz.

40.3. Müqavilədə və onun tərkib hissəsi sayılan digər sənədlərdə aşağıdakı müddəalar əks etdirilir:

40.3.1. telekommunikasiya xidmətindən istifadə üçün abunəçinin məxsusiləşdirmə kodu zəruri olduqda abunəçinin son avadanlığının qoşulma ünvanı;

40.3.2. xidmətin ödənilmə qaydası;

40.3.3. son avadanlığının telekommunikasiya şəbəkəsinə qoşulmasının və istifadəsinin müddəti (vaxtı) və şərtləri;

40.3.4. müqavilənin dayandırılmasının və ləğv edilməsinin şərtləri;

40.3.5. tərəflərin vəzifələri, hüquqları və məsuliyyəti;

40.3.5-1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məlumatlar;

40.3.5-2. abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) başqa şəxslərə daimi istifadə üçün, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədi ilə kirayəyə verilməsinə qadağa qoyulması barədə qeyd;

40.3.5-3. abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması barədə qeyd;

40.3.6. telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər;

40.3.7. abunəçiyə təklif olunan texniki qulluq;

40.3.7-1. bu Qanunun 33.1.3-1-ci maddəsində göstərilmiş vəzifənin həyata keçirilməsi üçün abunəçinin razılığı (etirazı);[40]

40.3.8. mübahisələrə baxılma qaydası;

40.3.9. abunəçi barədə məlumatların sorğu-məlumat mənbələrində göstərilməsinə onun razılığı (etirazı);

40.3.10. qanunvericiliyə zidd olmayan digər şərtlər.

40.3-1. Müqavilə Azərbaycan Respublikasının dövlət dilində bağlanılmalı və həmin müqaviləyə abunəçinin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surəti əlavə olunmalıdır.

40.4. Abunəçi telekommunikasiya xidməti üzrə bağlanılan müqavilənin şərtlərinin pozulması barədə iddia qaldırarsa, iddianın baxıldığı müddətdə telekommunikasiya xidmətindən məhrum edilə bilməz.

40.4-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki və hüquqi şəxslərə rabitə xidmətlərinin göstərilməsi bu əməliyyatı aparan orqanın göstərişi əsasında müvəqqəti dayandırıla bilər.[41]

40.5. Fövqəladə hallar, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar və təbii fəlakətlər istisna olmaqla, hər hansı səbəbdən telekommunikasiya xidmətləri məhdudlaşdırıldığı və ya dayandırıldığı halda operator, provayder abunəçini onun səbəbləri və müddəti barədə əvvəlcədən məlumatlandırır.[42]

40.6. Operator, provayder yenidən təşkil olunarsa, qanunvericilikdə müəyyən edilən tələblərə riayət etmək şərtilə abunəçinin əvvəlki operator, provayder ilə bağladığı müqavilə ilə müəyyən edilmiş hüquqları əsassız məhdudlaşdırıla bilməz.

40.7. Abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsinə dair hər bir operator, provayder tərəfindən tətbiq edilən müqavilənin nümunəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir.

Maddə 41 . Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar dəymiş zərərin ödənilməsi

41.1. Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar hər hansı subyektə dəymiş zərərin əvəzi qanunla müəyyən edilmiş qaydada ödənilir.

41.2. Nömrə resursu genişlənmə ilə əlaqədar dəyişdirildikdə operatorlar, provayderlər ayrılmış nömrə resursundan istifadə etməli, müəyyən olunmuş müddətdə şəbəkənin nömrəsini dəyişməli və bununla bağlı bütün zəruri xərcləri ödəməlidir.

41.3. Ümumistifadəli telekommunikasiya şəbəkəsində operatordan, provayderdən asılı olan səbəblərdən yaranan nasazlıqlar istisna olmaqla, telekommunikasiya xidmətlərinin istifadəçisinin xətlərində ümum istifadəli telekommunikasiya şəbəkəsinə qoşulmuş son avadanlığında nasazlıqların aradan qaldırılması üzrə xərclər telekommunikasiya xidmətinin istifadəçisi tərəfindən ödənilir.

Maddə 42 . Dövlət ehtiyacları üçün telekommunikasiya şəbəkələri kanallarının ayrılması

42.1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik və hüquq mühafizə orqanlarının ehtiyacları üçün ümum istifadəli və idarə telekommunikasiya şəbəkələrinin kanalları qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilə əsasında icarəyə verilir.

42.2. Operatorlar, provayderlər dövlət hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik və mühafizə orqanlarının ehtiyacları üçün telekommunikasiya kanallarının ayrılmasını, etibarlığını ilk növbədə təmin etməli, telekommunikasiya kanalları zədələndikdə onların dəyişdirilməsi, bərpası üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.

Maddə 43 . Telekommunikasiya fəaliyyəti sahəsində hüquqpozmalara görə məsuliyyət

43.1. Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.[43]

43.2. Telekommunikasiya fəaliyyəti subyektləri yol verdikləri hüquqpozmalara görə qanunla və mövcud müqavilələrdə nəzərdə tutulan əsaslar ilə məsuliyyətə cəlb edilə bilərlər.

43.3. Qanunvericilikdə başqa qayda müəyyən edilməyibsə, telekommunikasiya şəbəkələri ilə ötürülən məlumatların məzmununa görə operatorlar və provayderlər məsuliyyət daşımırlar.

43.4. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmadıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.[44]

43.5. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər uçota alınması üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində yenidən müraciət etmədikdə və ya uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi gündən 10 gün müddətində məlumat vermədikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

VI fəsil

TELEKOMMUNİKASİYA SAHƏSİNDƏ FƏALİYYƏTİN İQTİSADİ ƏSASLARI

Maddə 44 . Telekommunikasiya şəbəkələri və vasitələri üzərində mülkiyyət hüququ

44.1. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.

44.2. Dövlət, mülkiyyət formasından asılı olmayaraq, operatorlar, provayderlər üçün bərabər hüquqi şərait yaradır.

44.3. Dövlət mülkiyyətində olan telekommunikasiya şəbəkələri, qurğuları və vasitələrinin təsnifatı normativ hüquqi aktlarla müəyyən edilir.

Maddə 45 . Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri ilə bağlı mülkiyyət formasının dəyişdirilməsi

45.1. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələrinin (o cümlədən dövlətin mülkiyyətində olanların) mülkiyyət forması qanunla nəzərdə tutulmuş qaydada dəyişdirilə bilər.

45.2. İstənilən hüquqi və fiziki şəxslər telekommunikasiya sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsində, icarəyə və idarəetməyə verilməsində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada iştirak edə bilərlər.

45.3. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri üzərində mülkiyyət formasının dəyişdirilməsinə onların mövcud maddi-texniki bazasını zəiflətməmək və texnoloji fəaliyyəti pozmamaq, habelə fiziki və hüquqi şəxslərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırmamaq şərtilə qanunvericiliklə müəyyən olunmuş qaydada yol verilir.

Maddə 46 . Telekommunikasiya ehtiyacları üçün torpaqdan və digər daşınmaz əmlakdan istifadə

46.1. Telekommunikasiya şəbəkələri, vasitələri və qurğuları qanuna uyğun olaraq dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda yerləşdirilə bilər.

46.2. Torpaq sahələrinin ayrılması, mühafizə zona və zolaqlarının müəyyənləşdirilməsi qaydaları, onlardan istifadə müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.

46.3. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zolaqlarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

46.4. Yaşayış məntəqələrinin yenidənqurulması, ayrı-ayrı binaların, yolların, körpülərin təmiri, meliorasiya işlərinin görülməsi, faydalı qazıntı yataqlarının emalı zamanı və bu kimi digər hallarda telekommunikasiya qurğularının köçürülməsi və ya yenidənqurulması sifarişçinin vəsaiti hesabına, mövcud standartlara və telekommunikasiya şəbəkəsinin mülkiyyətçisinin texniki şərtlərinə uyğun şəkildə həyata keçirilir.

46.5. Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza bərpa işlərinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

46.6. Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsi, tikintisi, təmiri, yenidənqurulması, quraşdırılması və yerdəyişməsi müvafiq dövlət və sahə standartlarına, müəyyən edilmiş norma və qaydalara uyğun olaraq həyata keçirilir.

Maddə 47 . Telekommunikasiyanın inkişafına investisiya qoyuluşu və onun fəaliyyətinin maliyyələşdirilməsi mənbələri

47.1. Telekommunikasiyanın inkişafına investisiya qoyuluşu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

47.2. Telekommunikasiyanın inkişafı üçün investisiya qoyuluşuna dair qərarlar qanunvericilikdə müəyyən olunmuş qaydada, müvafiq dövlət proqramları və müqavilələr əsasında qəbul olunur.

47.3. Müvafiq ərazilərin sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq telekommunikasiyanın inkişafı üçün aidiyyəti icra hakimiyyəti orqanları da müəyyən tədbirlər görürlər.

47.4. Xarici investisiyaların telekommunikasiyanın inkişafına cəlb edilməsi və onların qorunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq təmin edilir.

47.5. Telekommunikasiyanın inkişafı üzrə tədbirlər uyğun olaraq büdcə və büdcədənkənar vəsaitlər, operatorların, provayderlərin öz vəsaitləri, kreditlər, qrantlar və qanunvericiliklə qadağan edilməmiş digər mənbələr hesabına maliyyələşdirilir.

47.6. Dövlət hakimiyyəti orqanlarının telekommunikasiya xidmətləri və telekommunikasiya təyinatlı strukturlarının maddi-texniki bazasının inkişafı üçün nəzərdə tutulmuş xərclər həmin orqanlar üçün ayrılmış müvafiq büdcə vəsaitinin tərkibinə daxil edilir.

47.7. Fiziki və hüquqi şəxslərə məxsus telekommunikasiya şəbəkələrinin inkişafı qanunvericiliklə qadağan edilməmiş mənbələr hesabına təmin edilir.

Maddə 48 . Telekommunikasiya xidmətlərinin göstərilməsi ilə əlaqədar məlumatların emalı

48.1. Telekommunikasiya xidmətlərinin göstərilməsinə görə ödənişlər müvafiq qaydada emal edilmiş məlumatlar əsasında həyata keçirilir.

48.2. Operatorlar, provayderlər telekommunikasiya xidmətlərindən istifadəyə və ya şəbəkəyə qoşulmaya görə aşağıdakı məlumatları emal edir:

48.2.1. abunəçinin, yaxud onun son avadanlığının məxsusiləşdirilməsini mümkün edən məlumat;

48.2.2. abunəçinin ünvanı;

48.2.3. ümumistifadəli telekommunikasiya xidmətlərinə görə abunəçinin ödədiyi məbləğin hesabatının aparılmasına əsas olan ölçü vahidləri;

48.2.4. istifadə edilən xidmət vahidi üzrə aidiyyəti əsas göstəricilər (məxsusiləşdirilmə nömrəsi, xidmətdən istifadə müddəti, həcmi və s.);

48.2.5. telekommunikasiya xidmətini göstərən şəxsə istifadəçinin avans olaraq, yaxud hissə-hissə köçürdüyü ödənişlər barədə məlumatlar;

48.2.6. telekommunikasiya xidmətini göstərən şəxs tərəfindən xəbərdarlıqlar və telekommunikasiya xidmətlərinə məhdudiyyətlər barədə məlumatlar.

48.3. Operator, provayder bu maddədə göstərilmiş məlumatları mühafizə etməlidir və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas olmadan üçüncü şəxslərə (aidiyyəti abunəçi istisna olmaqla) verməməlidir.

48.4. Operatorlar, provayderlər bu maddədə göstərilmiş məlumatların mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətləri bitənə qədər saxlanmasını təmin etməlidirlər.

48.5. Mobil telekommunikasiya xidməti göstərən operatorlar şəbəkələrində rouminq rabitəsində olan xarici istifadəçilərə aid qeydiyyata alınmış bütün məlumatların ən azı 1 (bir) il müddətində saxlanılmasını təmin etməlidirlər.

Maddə 49 . Telekommunikasiya şəbəkələrində qəzaların nəticələrinin aradan qaldırılması

49.1. Telekommunikasiya şəbəkələrində qəzaların nəticələrinin aradan qaldırılması işləri telekommunikasiya vasitələrinin yerləşdiyi torpaq sahəsi, bina və ya qurğu mülkiyyətçisi, icarəçisi ilə əldə edilən qarşılıqlı razılıq əsasında aparılır. Fövqəladə və təxirəsalınmaz hallarda, dövlət və ya ictimai mənafelərin təmin edilməsi tələb olunduqda belə işlərin aparılmasına həmin şəxslərin razılığı tələb olunmur.

49.2. Bərpa və təmir işləri zamanı dəyən zərər qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməlidir.

49.3. Telekommunikasiya şəbəkələrində qəzaların nəticələrinin aradan qaldırılması işlərinə qəza nəticəsində zədələnmiş telekommunikasiya vasitələrinin bərpası və ya yenidən qurulması ilə yanaşı, təbiətin mühafizəsi üzrə zəruri tədbirlərin görülməsi də daxildir.

Maddə 50 . Telekommunikasiya vasitələrinin idxalı, ixracı, istehsalı, satışı və onlardan istifadə

Telekommunikasiya vasitələrinin idxalı, ixracı, istehsalı, satışı və istifadəsi qanunvericiliyə uyğun həyata keçirilir.

Maddə 50-1. Telekommunikasiya vasitələri və qurğuları ilə yayımlanan reklam

50-1.1. Operator və provayder reklamverici ilə bağlanılan müqavilə əsasında reklam yayımlaya bilər. Operator və provayder abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Operator və provayder abunəçiyə reklam göndərilməsindən istənilən vaxt imtina etmək və ya abunəçinin yalnız arzuladığı reklamı yayımlamaq üçün imkan yaratmalıdır. Abunəçinin razılığı olmadan və ya “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına zidd olan reklamın göndərilməsi üçün operator və provayder məsuliyyət daşıyır.

50-1.2. Operator və provayder ilə abunəçi arasında bu Qanunun 50-1.1-ci maddəsinin ikinci cümləsində göstərilən reklamın göndərilməsi barədə müqavilə bağlanıldığı halda, abunəçinin reklam göndərilməsindən imtina etməsi barədə operatora və (və ya) provayderə sorğusu əsasında abunəçiyə məxsus son telekommunikasiya avadanlığına reklamın yayımlanması dərhal dayandırılır.

Operatora və provayderə məlumat üçün müraciət edən abunəçinin sorğusuna cavab verilənədək, reklam yayımlana bilər. Məlumat xidməti ödənişli olduqda, reklamın yayımlanması arayışın dəyərinə daxil edilə bilməz.

50-1.3. Telekommunikasiya qurğularında tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz.[45]

VII fəsil

TELEKOMMUNİKASİYA XİDMƏTLƏRİ GÖSTƏRİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ

Maddə 51 . Telekommunikasiya sahəsində istifadə olunan dil

51.1. Azərbaycan Respublikasının ərazisində operatorlar, provayderlər kargüzarlıq işini qanunvericiliyə uyğun olaraq Azərbaycan dilində aparırlar.

51.2. Azərbaycan Respublikasının ərazisində operatorların, provayderlərin qəbul etdikləri və ötürdükləri yazılı məlumatların ünvanları Azərbaycan dilində tərtib edilir.

51.3. Ölkə hüdudlarından kənara ötürülən məlumatlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş dillərdə tərtib edilə bilər.

Maddə 52 . Telekommunikasiya sahəsində uçot vaxtı

52.1. Azərbaycan Respublikası ərazisində telekommunikasiya xidmətləri üçün vahid uçot-hesabat vaxtı - Bakı vaxtı tətbiq edilir.

52.2. Beynəlxalq telekommunikasiya sahəsində uçot-hesabat vaxtı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən müəyyən edilir. Əgər beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, uçot-hesabat vaxtı ümumdünya sistemləşdirilmiş vaxtı ilə müəyyənləşdirilir.

VIII fəsil

TELEKOMMUNİKASİYA FƏALİYYƏTİ SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Maddə 53 . Telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlığın əsasları

53.1. Telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, telekommunikasiya operatorlarının xarici telekommunikasiya operatorları ilə bağladığı müqavilələrə müvafiq olaraq həyata keçirilir.

53.2. Müvafiq icra hakimiyyəti orqanı səlahiyyətləri çərçivəsində digər dövlətlərin telekommunikasiya qurumları ilə qarşılıqlı əlaqələr yaradır, beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və maraqlarını qoruyur.

53.3. Azərbaycan Respublikasının telekommunikasiya sahəsi üzrə beynəlxalq təşkilatlarda iştirakı ilə bağlı üzvlük haqları qanunvericiliyə uyğun olaraq ödənilir.

53.4. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində telekommunikasiya sahəsində fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən olunmuş qaydada tənzimlənir.

Maddə 54 . Telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlığa tətbiq olunan hüquq

Telekommunikasiya sahəsində beynəlxalq layihələrin həyata keçirilməsində iştirak edən Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə xarici hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələrdə tətbiq edilən hüquq göstərilməlidir.

IX fəsil

TELEKOMMUNİKASİYA FƏALİYYƏTİ SAHƏSİNDƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

Maddə 55. Beynəlxalq telekommunikasiya şəbəkələrindən istifadə edilərkən mübahisələrin həll olunması

Azərbaycan Respublikasının və xarici dövlətlərin telekommunikasiya operatorları, provayderləri arasında mübahisələr Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdə və tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuş qaydada həll olunur.

Maddə 56. Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli

56.1. Telekommunikasiya fəaliyyəti subyektləri arasında yaranan mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll edilir.

56.2. Operatorlar arasında arabağlantı, xüsusi çıxış və icarə olunan xətlər, kanallar məsələləri üzrə yaranan mübahisələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Mübahisə ilə bağlı qəbul edilmiş qərar dərc olunur və onun mətni mübahisədə iştirak edən tərəflərə təqdim olunur. Qəbul edilmiş qərarla razılaşmayan tərəfin məhkəməyə müraciət etmək hüququ vardır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2005-ci il

№ 927-IIQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932)

2.       1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 442)

3.       9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)

4.       29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 969)

5.       28 oktyabr 2016-cı il tarixli 371-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1989)

6.       10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346)

7.       14 aprel 2017-ci il tarixli 608-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1024)

8.       16 may 2017-ci il tarixli 672-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1046)

9.       31 may 2017-ci il tarixli 700-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2017-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7, maddə 1266)

10.    1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2255)

11.    1 may 2018-ci il tarixli 1102-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1161)

12.    29 mart 2019-cu il tarixli 1539-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2019-cu il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 588)

13.    17 may 2019-cu il tarixli 1590-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyul 2019-cu il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1177)

14.    19 noyabr 2019-cu il tarixli 1692-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 22 dekabr 2019-cu il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1882)

15.    29 iyun 2020-ci il tarixli 149-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1012)

16.    27 dekabr 2021-ci il tarixli 460-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1343)

17.    8 iyul 2022-ci il tarixli 586-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 avqust 2022-ci il “Azərbaycan” qəzeti, 6 avqust 2022-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 833)

18.    27 dekabr 2022-ci il tarixli 768-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 5 fevral 2023-cü il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 203)

19.    27 dekabr 2022-ci il tarixli 771-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 29 yanvar 2023-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 31)

20.    17 fevral 2023-cü il tarixli 810-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 448)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2255ilə 1.0.19-cu maddədə və 7.1-ci maddənin birinci cümləsində “ölkə kodlu” sözləri “az” ölkə kodlu” sözləri ilə əvəz edilmişdir.

[2] 29 iyun 2020-ci il tarixli 149-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1012) ilə 1.0.19-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.0.20-ci maddə əlavə edilmişdir.

[3] 27 dekabr 2022-ci il tarixli 768-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 5 fevral 2023-cü il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 203) ilə 4.2-ci maddənin birinci cümləsində “və bu xidmətlərdən istifadə edən bütün dövlət hakimiyyəti orqanları” sözləri “, habelə bu xidmətlərdən və radiotezliklərdən istifadə edən bütün dövlət orqanları (qurumları)” sözləri ilə əvəz edilmişdir.

[4] 17 fevral 2023-cü il tarixli 810-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 448ilə 5.2-ci, 22-ci və 30-cu maddələrində “Televiziya və radio yayımı haqqında” sözləri “Media haqqında” sözləri ilə əvəz edilmişdir.

[5] 14 aprel 2017-ci il tarixli 608-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1024ilə 6.1.3-cü maddədə “sertifikatlaşdırma” sözü “sertifikatlaşdırmanın təşkili” sözləri ilə əvəz edilmişdir.

[6] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346) ilə yeni məzmunda 6.1.7-1-ci maddə əlavə edilmişdir.

[7] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 7.4-cü maddədə “provayderinə” sözlərindən sonra “,eyni zamanda digər hüquqi və fiziki şəxslərə” sözləri əlavə edilsin, “ayrılması qaydalarına” sözləri “ayrılması və istifadəsi qaydalarına” sözləri ilə əvəz edilmişdir.

[8] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 7.5-ci maddədə “qanuna uyğun olaraq” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilmişdir.

[9] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 7.9-cu maddənin birinci cümləsində “bölüşdürülməsi və istifadəsi qaydası” sözləri “ayrılması və istifadəsi qaydaları” sözləri ilə əvəz edilmişdir.

[10] 1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2255ilə 7.10-cu maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

7.10. Ölkə kodlu domen adlarının qeydiyyatı, istifadəsi qaydaları beynəlxalq normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı və aidiyyəti qurumların birgə iştirakı ilə tənzimlənir.

[11] 29 iyun 2020-ci il tarixli 149-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1012) ilə yeni məzmunda 7.10-1-ci maddə əlavə edilmişdir.

[12] 14 aprel 2017-ci il tarixli 608-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1024ilə 9.4-cü maddədə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilmişdir və yeni məzmunda 9.4-1-ci maddə əlavə edilmişdir.

[13] 1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 442) ilə 10.1-ci maddəsində “tənzimlənir” sözü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” sözləri ilə əvəz edilmişdir.

[14] 27 dekabr 2022-ci il tarixli 768-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 5 fevral 2023-cü il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 203) ilə 13.2-ci maddədə “mövcud qanunvericiliyə” sözləri “bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin və həmin maddəyə “tərəfindən” sözündən sonra “10 il müddətinə” sözləri əlavə edilmişdir.

[15] 27 dekabr 2022-ci il tarixli 768-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 5 fevral 2023-cü il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 203) ilə yeni məzmunda 13.2-1-ci və 13.2-2-ci maddələr əlavə edilmişdir.

[16] 27 dekabr 2022-ci il tarixli 768-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 5 fevral 2023-cü il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 203) ilə yeni məzmunda 13.3-1-ci və 13.3-2-ci maddələr əlavə edilmişdir.

[17] 27 dekabr 2022-ci il tarixli 768-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 5 fevral 2023-cü il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 203) ilə 13.4.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 13.4.3-cü maddə əlavə edilmişdir.

[18] 27 dekabr 2022-ci il tarixli 768-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 5 fevral 2023-cü il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 203) ilə yeni məzmunda 13.4-1-ci maddə əlavə edilmişdir.

[19] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 13.6-cı maddədə, birinci cümlədə “radioelektron vasitələr nəzərə alınmaqla birdəfəlik və müddətli” sözləri “istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik)” sözləri ilə əvəz edilmişdir.

ikinci cümlədə “Birdəfəlik və müddətli ödənişlərin təyin olunması, bölüşdürülməsi və istifadəsi qaydası” sözləri “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları” sözləri ilə əvəz edilmişdir.

[20] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346) ilə yeni məzmunda 13-1-ci maddə əlavə edilmişdir.

[21] 1 may 2018-ci il tarixli 1102-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1161ilə 16-cı maddəsinin adına və 16.1-ci maddəyə “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilmişdir.

[22] 1 may 2018-ci il tarixli 1102-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1161ilə 16.1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

[23] 8 iyul 2022-ci il tarixli 586-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 avqust 2022-ci il “Azərbaycan” qəzeti, 6 avqust 2022-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 833) ilə yeni məzmunda 17.1-1-ci maddə əlavə edilmişdir.

[24] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 17.4-cü maddədə “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.

[25] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 21.3-cü maddədə “keçmiş” sözü “keçmir” sözü ilə əvəz edilmişdir.

[26] 27 dekabr 2022-ci il tarixli 771-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 29 yanvar 2023-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 31ilə 25-ci maddəyə yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmişdir.

[27] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 31.4-cü maddədə “keçirilən müsabiqə nəticəsində” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilən müsabiqə əsasında” sözləri ilə, “üzərinə” sözü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən üzərinə” sözləri ilə, “vəzifəsi qoyulmuş telekommunikasiya operatoru” sözləri “öhdəliyi qoyulmuş telekommunikasiya operatoru, provayderi” sözləri ilə əvəz edilsin, maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

[28] 27 dekabr 2021-ci il tarixli 460-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1343) ilə yeni məzmunda 32.3-cü maddə əlavə edilmişdir.

[29] 29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 969ilə yeni məzmunda 33.1.3-1 maddə əlavə edilmişdir.

19 noyabr 2019-cu il tarixli 1692-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 22 dekabr 2019-cu il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1882) ilə 33.1.3-1-ci maddədə “sağlamlığına və inkişafına ziyan vuran” sözləri “zərərli” sözü ilə əvəz edilmişdir və “istifadə imkanlarını” sözlərindən sonra “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilmişdir.

[30] 16 may 2017-ci il tarixli 672-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1046) ilə 33.1.3-2-ci, 33.1.3-3-cü, 40.3.5-1-ci, 40.3.5-2-ci, 40.3.5-3-cü, 40.3-1-ci və 48.5-ci maddələr əlavə edilmişdir.

[31] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346) ilə yeni məzmunda 33.1.9-1-ci və 33.1.9-2-ci maddələr əlavə edilmişdir.

[32] 29 mart 2019-cu il tarixli 1539-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2019-cu il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 588) ilə yeni məzmunda 33.1.9-3-cü maddə əlavə edilmişdir.

[33] 17 may 2019-cu il tarixli 1590-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyul 2019-cu il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1177) ilə yeni məzmunda 33.1.9-4-cü maddə əlavə edilmişdir.

[34] 19 noyabr 2019-cu il tarixli 1692-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 22 dekabr 2019-cu il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1882) ilə yeni məzmunda 33.1.9-5-ci maddə əlavə edilmişdir.

[35] 27 dekabr 2021-ci il tarixli 460-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1343) ilə yeni məzmunda 33.1.9-6-cı maddə əlavə edilmişdir.

[36] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346) ilə 33.2-ci maddədə “32.1.4-cü” sözləri “33.1.4-cü” sözləri ilə əvəz edilmişdir.

16 may 2017-ci il tarixli 672-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1046) ilə 33.2-ci maddədə “33.1.4-cü maddəsi” sözləri “33.1.3-2-ci, 33.1.3-3-cü və 33.1.4-cü maddələri” sözləri ilə əvəz edilmişdir.

17 may 2019-cu il tarixli 1590-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyul 2019-cu il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1177)  ilə 33.2-ci maddədə “və 33.1.4-cü” sözləri “, 33.1.4-cü və 33.1.9-4-cü” sözləri ilə əvəz edilmişdir.

[37] 1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2255ilə yeni məzmunda 33.3-cü maddə əlavə edilmişdir.

[38] 29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 969ilə yeni məzmunda 34.1.2-1 maddə əlavə edilmişdir.

19 noyabr 2019-cu il tarixli 1692-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 22 dekabr 2019-cu il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1882) ilə 34.1.2-1-ci maddədə “sağlamlığına və inkişafına ziyan vuran” sözləri “zərərli” sözü ilə əvəz edilmişdir və “qorunması üçün” sözlərindən sonra “texniki proqram və avadanlıq vasitələrinin tətbiqi ilə müvafiq” sözləri əlavə edilmişdir.

[39] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə39-cu maddənin adında və 39.1-ci maddədə “əməliyyat-axtarış” sözlərindən sonra “, kəşfiyyat və əks-kəşfiyyat” sözləri əlavə edilmişdir.

[40] 29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 969ilə yeni məzmunda 40.3.7-1-ci maddə əlavə edilmişdir.

[41] 28 oktyabr 2016-cı il tarixli 371-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1989) ilə yeni məzmunda 40.4-1-ci maddə əlavə edilmişdir.

[42] 28 oktyabr 2016-cı il tarixli 371-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1989) ilə 40.5-ci maddədə “Fövqəladə hallar” sözlərindən sonra “, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar” sözləri əlavə edilmişdir.

[43] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 43.1-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

[44] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346) ilə yeni məzmunda 43.4-cü və 43.5-ci maddələr əlavə edilmişdir.

[45] 31 may 2017-ci il tarixli 700-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2017-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1266ilə 50-1-ci maddə əlavə edilmişdir.

24.06.2024