"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. uşaqların informasiya əldə etməsi – uşaqların əldə olunması qanunla məhdudlaşdırılmayan informasiyanı, o cümlədən informasiya məhsulunu əldə edib ondan istifadə imkanı;
1.0.2. informasiya məhsulları – ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan media məhsulları, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər informasiya məhsulları;[1]
1.0.3. informasiya məhsullarının yaş kateqoriyası – bu Qanunla nəzərdə tutulmuş informasiya məhsullarının istifadəsi üçün münasib olan yaş göstəricisi;
1.0.4. informasiya məhsullarının yaş təsnifatı – informasiya məhsullarının bu Qanunda müəyyən edilmiş yaş qruplarına görə bölgüsü;
1.0.5. zorakılığın və qəddarlığın nümayişi – fiziki və ya psixi zorakılığın təsvirinin və bu kimi qəddarlıq səhnələrinin, əzab vermək və xəsarət yetirmənin, şikəst edilmənin, adam və heyvan öldürmənin və üzərində zorakılıq əlamətləri olan cəsədin təsviri;[2]
1.0.6. mədəni-kütləvi tədbir – kütləvi və ya azad ziyarət üçün açıq olan yerlərdə teatr, mədəni-maarifləndirici və əyləncəli tədbirlər də daxil olmaqla kütləvi nümayiş, ifa və yaxud çıxış;
1.0.7. uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsulları – mövzusuna, məzmununa və tərtibatına görə yalnız və ya əsasən yetkinlik yaşına çatmayanlara aid edilən informasiya məhsulları;
1.0.8. ailə institutunu nüfuzdan salan informasiya – ailə dəyərlərini inkar etməklə, yaxud ailə, nikah, analıq və atalıq kimi sosial institutların əhəmiyyətini heçə endirməklə uşaqlarda ailə-nikah sahəsi ilə bağlı təhrif olunmuş təsəvvürlər yarada bilən məlumatlar;
1.0.9. uşaqlar üçün zərərli informasiya – uşaqlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumat;
1.0.10. təbliğ – fiziki və ya hüquqi şəxslərin uşaqların şüurunda hər hansı davranış qaydası və ya stereotipin formalaşmasına yönəlmiş, yaxud uşağı hər hansı hərəkət və ya hərəkətsizliyi etməyə təhrik etdirmək məqsədi daşıyan fəaliyyəti;
1.0.11. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri təbliğ edən informasiya – uşaqları fahişəlik, qumar və avaralıqla (o cümlədən dilənçiliklə) məşğul olmağa, milli və əxlaqi dəyərlərə qarşı təhqiredici əməllər, eləcə də şəxslərin hüquqlarını pozan digər əməllər törətməyə həvəsləndirən məlumat;
1.0.12. uşaqların həyat və sağlamlıqlarına təhlükə yaradan əməlləri təbliğ edən informasiya – uşaqların həyatına, fiziki və psixi sağlamlığına təhlükə yaradan, o cümlədən intiharı, odlu silah və partlayıcı maddələrdən, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, alkoqollu və energetik içkilərdən, habelə tütün məmulatlarından istifadəni təbliğ edən informasiya;[3]
1.0.13. cinayətləri təbliğ edən informasiya – uşaqlarda cinayət törətmək həvəsi oyadan, cinayətkar mühiti, o cümlədən cinayətləri və cinayətkarları, kriminal norma və dəyərləri, cinayətkar mühitin kriminal jarqonları da daxil olmaqla atributlarını və simvollarını müsbət mənada təqdim və təbliğ edən informasiya;
1.0.14. qorxu məzmunlu informasiya – uşaqlarda davamlı qorxu, təlaş, yaxud dəhşət hissi yarada bilən informasiya, uydurma məxluqların dəhşətli görüntüsü və ya təsviri, eləcə də ciddi xəsarətlərin, intiharın (o cümlədən intihara cəhdin), bədbəxt hadisələrin, qəzaların və onların nəticələrinin naturalist (təbii) təsviri və ya görüntüsü, həmçinin informasiya məhsulunda arzuolunmaz vərdişlərə rəğbət aşılayan bəzi xüsusi mərasim və mistik təlimlərin, spiritizmin istifadəsi;
1.0.15. naturalist (təbii) təsvir – canlının, əşyanın, hadisənin, hərəkətin (hərəkətsizliyin) və onların nəticələrinin informasiya məhsulu istifadəçisinin diqqətini detallara, anatomik məsələlərə və ya fizioloji proseslərə cəlb edə bilən təsvirləri və ya görüntüləri;
1.0.16. erotik məzmunlu informasiya – pornoqrafik olmayan, lakin uşaqlarda vaxtından əvvəl seksual marağın oyanmasına səbəb olan informasiya məhsulları;
1.0.17. informasiya məhsulunun işarələnməsi – informasiya məhsulunun üzərində, onun daşıyıcısında və qablaşdırmasında yaş kateqoriyası işarəsinin göstərilməsi;
1.0.18. uşaqların ola biləcəyi yerlər – uşaqların ziyarət etməsi və ya olması qadağan olunmayan yerlər, o cümlədən uşaqların informasiya məhsullarına (telekommunikasiya şəbəkələrində yerləşdirilən informasiya məhsulları daxil olmaqla) girişi mümkün olan ictimai yerlər;
1.0.19. ekspert – bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik və informasiya məhsulunun yaş təsnifatının aparılması məqsədi ilə ekspert rəyi verən şəxs.
Maddə 2. Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Bu Qanun aşağıdakı münasibətlərə tətbiq edilmir:
2.2.1. elmi və elmi-texniki informasiya məhsullarının dövriyyəsinə;
2.2.2. yayılması terrorizm, ekstremizm, sülh və insanlıq əleyhinə cinayətlərlə mübarizə sahəsində mövcud olan qanunlarla qadağan edilən və məhdudlaşdırılan informasiyaların dövriyyəsinə.
Maddə 3. Uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər
3.0. Uşaqların zərərli informasiyadan qorunmasının əsas prinsipləri aşağıdakılardır:
3.0.1. uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması;
3.0.2. uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması;
3.0.3. zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu və energetik içkilərin, habelə tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi; [4]
3.0.4. zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması;
3.0.5. uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.
Maddə 4. Uşaqlar üçün zərərli informasiyanın növləri
4.1. Uşaqlar üçün zərərli informasiyaya aşağıdakılar aiddir:
4.1.1. bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya;
4.1.2. bu Qanunun 4.3-cü maddəsinə uyğun olaraq müəyyən yaş qrupuna aid olan uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiya (dövriyyəsi məhdudlaşdırılmış yaş qrupuna münasibətdə).
4.2. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir:
4.2.1. zorakılığı və qəddarlığı təbliğ edən informasiya;
4.2.2. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;
4.2.3. uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya;
4.2.4. ailə institutunu nüfuzdan salan informasiya;
4.2.5. əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya;
4.2.6. pornoqrafik xarakterli informasiya.
4.3. Müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyaya aiddir:
4.3.1. zorakılığı və qəddarlığı nümayiş edən informasiya;
4.3.2. qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya;
4.3.3. qorxu məzmunlu informasiya;
4.3.4. erotik məzmunlu informasiya.
4.4. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.
4.5. Müəyyən yaş qrupuna aid olan uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyanın dövriyyəsi bu Qanunun 7-12-ci maddələrinə uyğun olaraq həyata keçirilir.
4.6. Uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı bu Qanunda müəyyən edilmiş qaydalara riayət etməyə borcludur.
2-ci fəsil
İNFORMASİYA MƏHSULUNUN YAŞA GÖRƏ TƏSNİFATLAŞDIRILMASI
Maddə 5. İnformasiya məhsulunun yaş təsnifatı
5.1. İnformasiya məhsullarının bu Qanunun 7-ci maddəsinə uyğun olaraq yaş təsnifatı aparılır.
5.2. İnformasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aşağıdakı kimi aparılır:
5.2.1. “universal” – istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur;
5.2.2. “6 yaşadək” – altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir;
5.2.3. “6 yaşdan” – altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir;
5.2.4. “12 yaşdan” – on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir;
5.2.5. “16 yaşdan” – on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir;
5.2.6. “18 yaşdan” – uşaqlar arasında dövriyyəsinə yol verilmir.
5.3. İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə və ya bu Qanunun 4-cü fəslinə müvafiq olaraq ekspertin iştirakı ilə həyata keçirilir. İnformasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.
5.4. İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması zamanı aşağıdakılar qiymətləndirilir:
5.4.1. informasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı;
5.4.2. informasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətləri;
5.4.3. informasiyanın uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərər vurma ehtimalı.
5.5. Təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılır.
Maddə 6. İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi
6.1. “Universal” yaş kateqoriyasına aid informasiya məhsullarına uşaqların sağlamlığına və inkişafına ziyan vurmayan ümumi istifadə üçün nəzərdə tutulmuş informasiya məhsulları aid edilir.
6.2. “18 yaşdan” kateqoriyasına bu Qanunun 4.2-ci maddəsinə əsasən uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiya məhsulları aiddir.
6.3. İnformasiya məhsulu yalnız bir yaş kateqoriyasına aid edilir.
6.4. İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
3-cü fəsil
YAŞ KATEQORİYALARINA UYĞUN İNFORMASİYA MƏHSULUNUN DÖVRİYYƏSİNƏ DAİR TƏLƏBLƏR
Maddə 7. İnformasiya məhsulunun işarələnməsi
7.1. İnformasiya məhsulunun işarələnməsi bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən məhsulun və onun qablaşdırmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun aşağıdakı işarələrdən birinin aydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçirilir:
7.1.1. “6 yaşadək” - “6-” işarəsi çevrədə;
7.1.2. “6 yaşdan” - “6+” işarəsi çevrədə;
7.1.3. “12 yaşdan” - “12+” işarəsi çevrədə;
7.1.4. “16 yaşdan” - “16+” işarəsi çevrədə;
7.1.5. “18 yaşdan” - “18+” işarəsi rombda.
7.2. Ölkə ərazisində istehsal olunan kompüter və digər elektron oyunların işarələnməsi satışa çıxarılmazdan, istehlakçıya təqdim edilməzdən və ya şəbəkəyə yerləşdirilməzdən əvvəl həyata keçirilməlidir.
7.3. Aşağıdakılar istisna olmaqla, informasiya məhsulunun işarələnmədən ölkə ərazisində yayılması yol verilməzdir:
7.3.1. “Universal” yaş kateqoriyasına aid informasiya məhsulu;
7.3.2. təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsulları;
7.3.3. canlı yayımla efirə gedən informasiya və əyləncə xarakterli televiziya proqramları;[5]
7.3.4. radio vasitəsilə yayılan informasiya məhsulları;
7.3.5. reklam və reklam xarakterli materiallar;
7.3.6. mədəni-kütləvi tədbirlər vasitəsilə yayılan informasiya məhsulları;
7.3.7. internet və sellülar (mobil) rabitə şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları (kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar istisna olmaqla);
7.3.8. təsviri incəsənət və bədii ədəbiyyat əsərləri (bədii-ədəbi jurnallar və komikslər istisna olmaqla).
7.4. İnformasiya məhsulunun mədəni-kütləvi tədbirlər vasitəsilə yayılması, onun aid edildiyi yaş kateqoriyasına dair işarənin tədbirin keçirilməsi barədə afişaların və digər elanların, həmçinin onu ziyarət etmək hüququ verən biletlərin, dəvətnamələrin və digər sənədlərin üzərində yerləşdirmək yolu ilə həyata keçirilir.
7.5. Bir neçə hissədən ibarət olan və müxtəlif yaş kateqoriyalarına aid edilən informasiya məhsulunun nümayişi həmin informasiya məhsulunda əks olunan, daha yuxarı yaş kateqoriyasına aid informasiya məhsulunun işarəsi ilə işarələnməklə həyata keçirilir.
Maddə 8. İnformasiya məhsulunun işarələnməsinin xüsusiyyətləri
8.1. Mətbu nəşrlərin yaş kateqoriyasına görə işarəsi aydın seçilən şəkildə və mətbu nəşrin adının şriftinə uyğunlaşdırılmış qaydada nəşrin birinci və ya titul səhifəsində yerləşdirilir.
8.2. İnformasiya məhsulunun yayımçıları televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə xəbərdarlığa dair mətnin yerləşdirilməsini təmin etməyə borcludurlar.
8.3. Audiovizual informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsi onun nümayişindən əvvəl və hər reklam fasiləsindən sonra üç dəqiqə müddətində ekranın künc hissəsində göstərilir.
8.4. İnformasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsi aşağıda göstərilənlərin beş faizindən az olmayan sahəsini tutmalıdır:
8.4.1. teatrların, kino və video nümayişlərin və digər mədəni-kütləvi tədbirlərin afişalarının və repertuar haqqında digər elanların, o cümlədən giriş biletlərinin, dəvətnamələrin və ziyarət hüququ verən digər sənədlərin;
8.4.2. audiovizual əsərin, kompüter və ya digər elektron oyunların, kompüter proqramlarının elektron daşıyıcılarının və qablaşdırmasının.
Maddə 9. Televiziya və radio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər[6]
9.1. Televiziya və radio yayımı vasitəsilə yayımlanan və “Universal”, “6-”, “6+” və “12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur.
9.2. Xüsusi dekoderlər vasitəsilə ödənişli əsasda həyata keçirilən informasiya məhsullarının telekanallarda yayımı istisna olmaqla, aşağıdakı informasiya məhsullarının yayımına məhdudiyyət qoyulur:
9.2.1. bu Qanunun 4.3.3-cü maddəsində nəzərdə tutulan “16+” yaş kateqoriyasına aid informasiya məhsulları – yerli vaxtla saat 7-dən saat 21-dək;
9.2.2. bu Qanunun 4.2-ci və 4.3.4-cü maddələrində nəzərdə tutulan, müvafiq olaraq “18+” və “16+” yaş kateqoriyalarına aid informasiya məhsulları – yerli vaxtla saat 6-dan saat 23-dək;
9.3. “18+” yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.[7]
Maddə 10. İnformasiya məhsullarının telekommunikasiya şəbəkələri vasitəsilə yayımının xüsusiyyətləri
10.1. Telekommunikasiya xidmətləri göstərən fiziki və hüquqi şəxslər “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uşaqların zərərli informasiyadan qorunması üçün tədbirlər görməlidirlər.
10.2. Uşaqların ola biləcəyi yerlərdə onların zərərli informasiyadan qorunması üçün telekommunikasiya xidmətləri göstərən fiziki və hüquqi şəxslər tərəfindən müvafiq tədbirlər texniki proqram və avadanlıq vasitələrinin tətbiqi ilə həyata keçirilir.
10.3. İnternet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.
Maddə 11. Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər
11.1. Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir.
11.2. Məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı altı yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa və bədii tərtibatına uyğun olmalıdır.
11.3. Uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq televiziya və radio proqramlarında, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.[8]
Maddə 12. Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər
12.1. Məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda, həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir.
12.2. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir.
4-cü fəsil
İNFORMASİYA MƏHSULUNUN EKSPERTİZASI
Maddə 13. İnformasiya məhsullarının ekspertizasına dair ümumi tələblər
13.1. Yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizası müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış fiziki şəxslər (ekspertlər) tərəfindən bu Qanunun 14-cü maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (ekspert təşkilatı) bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
13.2. İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədə olma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
13.3. Həyat və sağlamlıq əleyhinə ağır və xüsusilə ağır cinayətlər, yaxud şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri və ya ictimai mənəviyyat əleyhinə cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər ekspert kimi fəaliyyət göstərə bilməz.
13.4. Müvafiq icra hakimiyyəti orqanı ekspertlərin və ekspert təşkilatlarının reyestrində olan aşağıdakı məlumatları rəsmi internet informasiya ehtiyatında yerləşdirir:
13.4.1. ekspert təşkilatının adı və təşkilati-hüquqi forması, ekspert fəaliyyətinin həyata keçirildiyi ünvanlar;
13.4.2. ekspertin adı, atasının adı və soyadı;
13.4.3. ixtisas attestatının nömrəsi və verilmə tarixi;
13.4.4. ekspertin ekspertizasını aparmaq hüququ olan informasiya məhsulunun növü;
13.4.5. verilmiş ixtisas attestatının qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi barədə məlumat.
13.5. Ekspertlərin xidmət haqqı ekspertizanı sifariş edən şəxs tərəfindən ödənilir.
Maddə 14. İnformasiya məhsulunun ekspertizasının aparılması qaydası
14.1. Yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizası bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən təşkil olunur.
14.2. Bu Qanunun icrasına nəzarəti həyata keçirən televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanı və müvafiq icra hakimiyyəti orqanları (bundan sonra – müvafiq dövlət orqanları) informasiya məhsulunun işarələnmədiyi və yaxud bu Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə müstəqil şəkildə həmin informasiya məhsulunun ekspertizasını təşkil edir.[9]
14.3. İnformasiya məhsulunun ekspertizasının aparılma müddəti otuz gündən çox ola bilməz.
14.4. Ekspertizanın nəticələrini özündə əks etdirən ekspert rəyi ekspertizanı sifariş edən şəxsə təqdim edilir. Bu Qanunun 14.2-ci maddəsinə əsasən aparılan ekspertiza üzrə ekspert rəyinin surəti informasiya məhsulunun istehsalçısına və ya yayıcısına göndərilir.
Maddə 15. Ekspert rəyi
15.1. Ekspert rəyində aşağıdakılar göstərilir:
15.1.1. informasiya məhsulunun ekspertizasının aparıldığı tarix və yer;
15.1.2. ekspertizanın aparılmasının əsasları;
15.1.3. ekspertizanı aparan ekspert haqqında (soyadı, adı və atasının adı, təhsili, ixtisası, vəzifəsi və elmi dərəcəsi) məlumat;
15.1.4. ekspertizanın aparılması üçün ekspertə təqdim edilmiş tədqiqat obyektləri və materialları;
15.1.5. istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri;
15.1.6. tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması;
15.1.7. informasiya məhsulunda uşaqlar üçün zərərli olan informasiyanın olub-olmaması, informasiya məhsulunun bu Qanunla müəyyən edilmiş yaş kateqoriyasına və işarəyə uyğunluğu barədə nəticələr;
15.1.8. ekspertizanı aparmış ekspertin imzası, həmçinin ekspert təşkilatının möhürü və həmin təşkilatın rəhbərinin imzası.
15.2. Ekspert rəyində aşağıdakı əsas sualları cavablandırılmalıdır:
15.2.1. təqdim edilən informasiya məhsulu hansı yaş kateqoriyasına aiddir;
15.2.2. informasiya məhsulu aid edilmiş yaş kateqoriyasına uyğundurmu;
15.2.3. informasiya məhsulunda bu Qanuna əsasən uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiya mövcuddurmu.
15.3. Ekspert rəyi ilə razı olmayan hüquqi və ya fiziki şəxs həmin rəydən müvafiq icra hakimiyyəti orqanının yaratdığı, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert şurasına şikayət verə və rəyi məhkəmə qaydasına mübahisələndirə bilər. Həmin şuranın tərkibinə bu Qanunun 14.2-ci maddəsində nəzərdə tutulan orqanların nümayəndələri də daxil olur. İctimai əsaslarla fəaliyyət göstərən ekspert şurası müvafiq sahədə qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün tədbirlər görür. Şuranın əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 16. İnformasiya məhsulunun ekspertizasının hüquqi nəticələri
16.1. İnformasiya məhsulunun istehsalçısı və (və ya) yayıcısı ekspert rəyinə uyğun olaraq aşağıdakı qərarlardan birini qəbul edir:
16.1.1. ekspert rəyinə uyğun olaraq informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarələnməsi və ya əvvəlki yaş kateqoriyası işarəsinin digər yaş kateqoriyası işarəsi ilə əvəz edilməsi;
16.1.2. uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar tərəfindən əldə olunmasının qarşısını almaq məqsədi ilə bu Qanunda nəzərdə tutulmuş inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiqi;
16.1.3. uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiya məhsulunun bu Qanunda nəzərdə tutulmuş inzibati, texniki proqram və avadanlıq vasitələri tətbiq etmədən uşaqlar arasında, o cümlədən uşaqlar üçün münasib vaxtda və onların ola biləcəyi ictimai yerlərdə yayılmasının dayandırılması və ya tamamilə dövriyyədən çıxarılması.
16.2. Bu Qanunun 14.2-ci maddəsinə əsasən müvafiq dövlət orqanlarının təşəbbüsü ilə aparılan ekspertiza üzrə ekspert rəyi yol verilmiş pozuntu hallarının təxirə salınmadan aradan qaldırılması barədə həmin orqan tərəfindən pozuntu törədən şəxsə yazılı xəbərdarlıq edilməsi üçün əsasdır.
16.3. İnformasiya məhsulunun istehsalçısı və (və ya) yayıcısı xəbərdarlıqda göstərilən müddətdə pozuntu hallarını aradan qaldırmadıqda müvafiq dövlət orqanları informasiya məhsulunun uşaqlar arasında yayılmasının qarşısının alınması və bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görür.
5-ci fəsil
YEKUN MÜDDƏALAR
Maddə 17. Qanunun icrasına nəzarət
17.1. Bu Qanunun icrasına nəzarət dövlət və ictimai nəzarət formalarında həyata keçirilir.
17.2. Bu Qanunun icrasına dövlət nəzarəti fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir.
17.3. Bu Qanunun icrasına ictimai nəzarət fiziki şəxslər və vətəndaş cəmiyyəti institutları tərəfindən təşkil olunur və həyata keçirilir.
Maddə 18. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Maddə 19. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2018-ci il
№ 1310-VQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 8 may 2020-ci il tarixli 92-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670)
2. 8 iyul 2022-ci il tarixli 584-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 avqust 2022-ci il, “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 831)
3. 17 fevral 2023-cü il tarixli 811-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 449)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 17 fevral 2023-cü il tarixli 811-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 449) ilə 1.0.2-ci maddədə “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilmişdir.
[2] 8 iyul 2022-ci il tarixli 584-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 avqust 2022-ci il, “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 831) ilə 1.0.5-ci maddəsindən “şikəst edilmənin,” sözləri çıxarılmışdır.
[3] 8 may 2020-ci il tarixli 92-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670) ilə 1.0.12-ci maddədə “içkilərdən və” sözləri “və energetik içkilərdən, habelə” sözləri ilə əvəz edilmişdir.
[4] 8 may 2020-ci il tarixli 92-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670) ilə 3.0.3-cü maddədə “içkilərin və” sözləri “və energetik içkilərin, habelə” sözləri ilə əvəz edilmişdir.
[5] 17 fevral 2023-cü il tarixli 811-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 449) ilə 7.3.3-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
7.3.3. canlı efirdə yayımlanan televiziya verilişlərinin informasiya və əyləncə proqramları;
[6] 17 fevral 2023-cü il tarixli 811-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 449) ilə 9-cu maddənin adında və 9.1-ci maddədə “Teleradio” sözü “Televiziya və radio” sözləri ilə əvəz edilmişdir.
[7] 17 fevral 2023-cü il tarixli 811-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 449) ilə 9.3-cü maddədə “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilmişdir.
[8] 17 fevral 2023-cü il tarixli 811-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 449) ilə 11.3-cü maddədə “teleradio proqramlarında və verilişlərində” sözləri “televiziya və radio proqramlarında” sözləri ilə əvəz edilmişdir.
[9] 17 fevral 2023-cü il tarixli 811-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 449) ilə 14.2-ci maddədə “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilmişdir.