Ən böyük mükafat həyatdır - Fərid Xayrulin haqqında
2002-ci ildə “Bu bizik” kitabımda müxbir Fərid Xayrullin haqqında esse çap edilib. O, Azərbaycan jurnalistikası tarixində nəzərəçarpacaq iz qoymuş peşəkar fotomüxbir, əsl sənətkar idi. Mən onun ancaq Qara Yanvar faciəsinin əbədiləşdirilməsində olan xidmətlərinə toxunacağam.
Yeri gəlmişkən, bütün dünyaya yayılan məşhur “Qara Yanvar” kitabının yarısı o vaxt “Azərinform”un xüsusi müxbiri Fərid Xayrullinin çəkdiyi fotoşəkillərdən ibarətdir.
Fərid üçün ən yaddaqalan çəkiliş 1990-cı ilin Qanlı Yanvarından dərhal sonra çəkilən şəkillər idi idi. Sonralar o günləri belə xatırlayırdı:
"Yanvarın 20-də səhər saat 8-9 radələrində maşınla şəhəri gəzdik. Məni güclü bədən quruluşu olan iki bakılı dostum müşayiət etdi. Yadımdadır, biz Salyan kazarmasının ərazisindəki yolayrıcına çıxdıq və mən insanların cəsədlərini gördüm. Əzilmiş kəllələr, yarılan qarınlardan yerə dağılan bağırsaqlar... Asfaltda qan... Yaxınlıqda haradasa atəş səsləri eşidildi. Və birdən mənə elə gəldi ki, yuxu görürəm. Ya da bu, bir filmdir. Axı biz kino müharibəsinin uşaqlarıyıq. Hərbi xidmətdə olsam da, o ana qədər heç vaxt küçədə dinc insanların meyitini görməmişdim.
Yenicə çəkməyə hazırlaşmışdım. Bir balaca hündür bir yerə qalxdım və mənə tərəf gərgin və aqressiv bir kütlənin hərəkət etdiyini gördüm. Düz üstümə gəlirdilər. Yəqin ki, onlar məni Moskva müxbiri ilə səhv salmışdılar. Nə yaxşı ki, məni müşayiət edən uşaqlar onlara yerli - bakılı olduğumu izah etdilər. Sonra mən də azərbaycanca bir neçə kəlmə dedim.
Çəkilişlərə başladım. Əyilmədən, gizlənmədən, tam boyumca hərəkət edirdim. Yadımdadır, beynimdən keçən fikir belə idi: mənə nə edə bilərlər ki? Mən terrorçu deyiləm, əlimdə silah tutmamışam. Mən sadəcə işimi görürəm. Bütün bu kabusu necə lentə almağı bacardım?! Heç cür ağlıma sığmır. Gördüklərimdən sonra şoka düşdüm. Güman edirəm ki, peşəkarlıq işə yaradı. Şəkillər çəkirəm və düşünürəm: bu kadr yerli kinoxronika üçündür, amma bu kadr mütləq xaricə göndərilməlidir.
Yenidən yol ayrıcına çıxanda dostlarım dedilər ki, KAMAZ maşınlarından birinin altında əzilmiş oğlanın meyiti var, qardaşı onun üstündə ağlayır. Mən ora tələsdim. Və orada heyrətamiz bir səhnəni gördüm: Salyan kazarmasının hasarını, darvazaları və onların üstündəki ulduzları. Hasarın perimetri boyu əsgərlər dayanıb, təxminən 15 metr aralıda bu təzə KAMAZ var. Təkərlərin altında əzilmiş insan cəsədi, yanında isə isterik halda gənc bir oğlan vurnuxur. Bir neçə kadr çəkib Azərinforma getdim. Mənimlə şəhərdə yol boyu gəzən uşaqlar dedilər: bilirsən, səni Salyan kazarmaların yanında az qala güllələyəcəkdilər. Əvvəlcə inanmadım. Amma bir həftə sonra Dima Kalininlə görüşdüm və o, mənə dedi: “Sən mənə borclusan”. Sən demə, mən Salyan kazarmasında çəkiliş aparan zaman o, hasarın o biri tərəfində dayanıb orduya qarşı kompromat “yığdığıma” görə əsəbiləşən rus zabiti ilə danışırmış. Və o, birdən-birə məni nişan alıb. Dima dərhal fikrini cəmləyərərək zabitə deyib: "Nə edirsən? Bu yoldaş mənim həmkarımdır, TASS-ın müxbiridir". Yalnız TASS-ın adı çəkildiyinə görə zabit avtomatını endirib.
O günlərdə biz Moskvaya 10 unikal plyonka göndərdik. Və cavab aldıq: “Siz orada - Bakıda saxtakarlıqla məşğul olursunuz”. Nə yaxşı ki, o vaxt biz artıq müxtəlif xarici foto agentlikləri ilə əlaqə kanalları yaratmışdıq. Ən unikal slaydlar və fotoşəkillər Qərbə getdi. Biz onları tamamilə pulsuz göndərdik. Əsas o idi ki, dünya baş verən vəhşilikdən xəbər tutsun. Və sonra öyrəndik ki, bizim materiallarımızdan böyük pullar qazanıldı. Allah bilsin onlarla...”
Fərid Xayrullindən jurnalist fəaliyyətinə görə aldığı əsas mükafatın nə olduğunu soruşanda o, adətən belə cavab verir: “Mən həyatı mükafat olaraq almışam”.
Şərhlər, necə deyərlər, artıqdır...