Cahangir Zeynallı və onun “20 yanvar” filmi haqqında
Cahangir Zeynallını uşaqlıqdan tanıyıram. O, qonşu evdə yaşayırdı və üstəlik, böyük qardaşımla bir sinifdə oxuyurdu. Cahangir kiçik yaşlarında kino “xəstəliyinə” tutulub və valideynləri tezliklə ona həvəskar kinokamera alıblar. Yadımdadır, Cahangirlə Tofiq evimizin geniş açıq eyvanında daha bir “şedevr”lərini lentə alırdılar, mən, balaca isə, baş rollardan birini oynayırdım.
O vaxtdan bəri tam bir ömür keçdi. Cahangir Azərbaycan kinosunun qızıl fonduna daxil olan onlarla yüksək peşəkarlıqla filmlər yaradaraq sənədli kinonun klassikinə çevrildi.
Ancaq az adam bilir ki, yanvarda Cahangir təkbaşına “20 Yanvar” adlı film çəkib. Ondan bir müddət əvvəl o, həyat yoldaşı Azərbaycanın Xalq artisti Firəngiz Əlizadə ilə elə onun konsertlərindən aldığı qonorarla ən son model kinokamera alıbmış. Çox güman ki, Cahangir bu avadanlıqla həyat yoldaşının xaricdəki konsertlərini və çıxışlarını lentə almaq üçün istifadə edəcəkdi. Lakin kinokamera alındıqdan bir ay sonra ilk kadrlar Qara Yanvar hadisələrinin fotoxronikası oldu.
Bu yaxınlarda Bəstəkarlar İttifaqında keçirilən tədbirdə dostum kiçik auditoriya qarşısında unikal videokadrları necə və hansı şəraitdə çəkdiyini, lentə alınan və montaj edilmiş materialı Moskvaya, oradan isə Firəngiz Əlizadə ilə yenidən qastrol səfərinə getdiyi ABŞ-a necə apardığı barədə danışdı. Bu, əsl detektiv hekayə idi. Yalnız rus televiziya adamlarının - Cahangirin Ostankinodan olan dostlarının, filmi sovet sərhədçiləri üçün əlçatmaz formatda şifrləyən ixtiraçılıqları ər-arvadı qalmaqaldan və ya daha xoşagəlməz hadisələrdən xilas etdi.
Bundan başqa, Firəngiz xanım notlar arasında güllələnmiş Bakının dəhşətli kadrları olan bir çox fotoşəkilləri gizlədə bilib. Bu əvəzsiz yüklə Cahangir və Firəngiz özlərini ABŞ-a çatdırıblar. Görkəmli bəstəkarımızın çıxışı baş tutacaq hər bir şəhərdə, foyedə sərgi qururdular, sonra Cahangir Zeynalovun “20 Yanvar” filmini nümayiş etdirirdilər. Emosional rejossor sözünü deməkdən çəkinmirdi. O, sovet sistemini faşist, SSRİ-nin o zamankı prezidenti Qorbaçovu da faşist adlandırırdı.
Salonların birində erməni diasporunun nümayəndələri olub, onlar bu barədə müvafiq orqanlara məlumat veriblər. Və ər-arvadla ciddi söhbət aparılıb. Daha sonra isə onlarla Amerika xüsusi xidmət orqanlarından olan başqa ciddi adamlar danışıqlar aparmağa çalışıblar və Qərbdə siyasi qaçqın kimi sakit, rahat həyat təklif ediblər...
Qəribədir ki, nəinki öz həyatlarını, hətta okeanın o tayında qalan ailələrinin də əmin-amanlığını təhlükəyə atan Zeynallı-Əlizadə cütlüyünün bu əsl qəhrəmanlıq əməlindən bu ana qədər nə mənim, nə də digər ictimaiyyət nümayəndələrinin xəbəri var idi. Onlar nəyə getdiklərini bilirdilər, bununla belə, etməli olduqlarını etdilər - 1990-cı il yanvarın 20-də Bakıda baş verənlər barədə Amerikaya həqiqəti söylədilər.
Filmə baxandan və tədbirin sonundan sonra Cahangir mənə söz verdi ki, o, bizə danışdığı hər bir şeyi yazacaq. Mən də ona xatirələrini redaktə edib çap etməkdə köməklik göstərəcəyəm...
Elmira Axundova,
Əməkdar jurnalist,
Xalq yazıçısı