Vasif Babayevin yubiley portretinə ştrixlər - Televiziya mənim dünyam

about1

Bu il həmkarımız və dostumuz, Azərbaycanın gözəl kinorejissoru, milli televiziyamızın ustad sənətkarı Vasif Babayevin 70 yaşı tamam olur. Bu yubiley onun idmançı tək tarım qədd-qaməti, gözlərinin enerjili parıltısı, qıvraq yerişiylə heç cür uyuşmur. Bəlkə, yalnız keçmişin hadisələri, yaxud ona çox əziz insanlarla bağlı xatirələri yada salan zaman bəzən intonasiyasında hiss olunan yüngül nostaljik qüssə  yaşadığı illərin sayını biruzə verir.

Çoxlu fəxri adlara və orden-medallara baxmayaraq (Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, Beynəlxalq radio və televiziya akademiyasının akademiki, beynəlxalq «Humay» mükafatı laureatı və s. ) Vasif Babayev bu gün də öz dostları üçün 60-cı illərin əvvəllərində AzTV-yə gələn və dərhal zirvələr fəth etməyə başlayan elə həmin sadə, təvazökar və zəhmətkeş insan olaraq qalmışdır. O, cəmi bir neçə ilə rejissor köməkçisindən televiziyanın baş rejissorluğuna, o zamanın yadda qalan sənədli film və verlişlərinin, 70-80- ci illərdə SSRİ mərkəzi televiziyası vasitəsilə iki ildə bir dəfə İnterviziya sistemi ilə Avropaya, sosialist düşərgəsi ölkələrinə translyasiya edilən Azərbaycan haqqında çox maraqlı verilişlərin müəllifinədək yüksələ bilmişdir. Bir qayda olaraq, bu ikisaatlıq proqramların əvvəlində birinci 15 dəqiqə Azərbaycanın lideri H.Ə.Əliyev çıxış edirdi.

Öz işinə bağlılıq, büsbütün özünü işə həsr etmək bacarığı, filmi, verilişi, proqramı vaxtında təhvil vermək üçün gecəni gündüzə qatmaq, qeyri-adi məsuliyyətlilik – Vasiflə bir yerdə işləmək imkanına malik olmuş hər kəsin xatirində ilk növbədə qalan bunlardır. O, öz üzərinə ən ağır, necə deyərlər «namünasib» mövzuları götürürdü. Xatırlayıram, biz bütün «Ekran» telebirliyi əməkdaşları işi bitirib evə gedirik, Vasif isə öz vəfalı montajçısı Sara Namazova ilə ikinci növbəyə başlayaraq gecə yarısına qədər materialları seçib nəzərdən keçirirdilər, nəticədə Sovet Azərbaycanının əmək uğurlarının salnaməsini təşkil edən növbəti film yaranırdı. Bu ağır material idi və əsas məsuliyyəti onda idi ki, ölkə başçısı Heydər Əliyev bunu şəxsən gözdən keçirir və qəbul edirdi.

Heydər Əliyeviç Vasif Babayevin peşəkarlığını çox qiymətləndirirdi, təsadüfi deyil ki, 1969-cu ildən başlayaraq düz H.Əliyevin Moskvaya vəzifəyə getdiyi günə qədər bütün dövlət proqramlarının və ən müxtəlif hökumət tədbirlərinin, forum və konfransların aparıcı rejissoru bizim Vasif olmuşdur. Elə gətirmişdir ki, ümummilli liderimizin sovet zamanındakı çoxcəhətli fəaliyyətinin tele- və kinosalnaməsini təşkil edən materialların çoxunun müəllifi məhz Vasif Babayev olmuşdur. H.Əliyev haqqında filmlər yaradan bugünkü rejissorlar bir vaxtlar Vasif Babayev və onun həmkarlarının çəkdiyi arxiv materiallarından bolluca istifadə edirlər, lakin çox vaxt onların adını titrlərdə qeyd etməyi «unudurlar». Bu, əlbəttə, ədalətli deyil, axı müəllif hüququ məsələləri ilə yanaşı, elementar professional etika məsələləri də mövcuddur. Özünə arxayın cavanlar hesab edirlər ki hər şeyi ağ kağızdan başlamaq olar. Lakin ənənə kimi anlayış var. Yalnız bu və ya digər sahədə səndən əvvəl yaradılmış ənənəyə söykənərək əsl peşəkarlıq və bədiiliyin yüksəkliklərinə qalxmaq olar. XX əsrin 60-80-ci illərində Vasif Babayev kimi insanların səyləri ilə milli televiziya və sənədli filmimizin qızıl fondu yaradılmışdır və bu gün onu qayğıyla qorumalı, öyrənməli və tətbiq etməliyik.

*   *   *

... Boş günləri, həftələri olanda Vasif ruhun ehtiyacı üçün nə isə etməyə çalışırdı. O zaman ümumittifaq festivallarında mükafat və prizlər almış «Bakı bulvarları», «Şəki», «Xuraman», «Əbədi nağıl İçərişəhər», «Həqiqət anı» kimi lirik lentlər yaranırdı. Misal üçün, 1977-ci ildə Leninqraddakı Ümumittifaq festivalında «Sovet Azərbaycanı» filmi SSRİ Jurnalistlər ittifaqının prizi ilə mükafatlandırılmışdır, «Xuraman» sənədli filmi isə Azərbaycan kinosu tarixində ilk dəfə 1979-cu ildə Bakıda keçirilmiş Ümumittifaq telefilmlər festivalının Qran-Prisinə almışdır. «Azərbaycan geniş addımlayır» sənədli filmi Ümumittifaq telefestivalının dörd jürisinin xüsusi prizinə layiq görülmüşdür.

O illər işləmək asan deyildi. İdeoloji maneə, senzura, Qlavlitdən başqa texniki çətinliklər mövcud idi. Əvvəla, 35 mm. kinoplyonkaya çəkilmiş material Kiyevdə və Moskvada aydınlandırılırdı, bundan sonra isə sexdən nə çıxacağı hələ məlum deyildi. Olurdu ki, bu və ya digər rejissor həmin şəhərlərdə bir-iki həftə olmazın əziyyət çəkirdi, sonra isə məlum olurdu ki materialın bir hissəsi yenidən çəkilməlidir – plyonka zay olub. O vaxt dünya keyfiyyət standartından uzaq olan «Svema», yaxud «Şostka» sovet plyonkasında çəkirdilər. Bundan sonra isə əgər film üçün əla kateqoriya almaq istəyirsənsə onu ciddi komissiyaya göstərmək üçün Moskvaya, SSRİ Mərkəzi televiziyasına aparmalıydın. Yoxsa sənin filmin ən yaxşı halda yerli televiziyada nümayiş etdiriləcəkdi, üstəlik bu qonararda da özünü kifayət qədər göstərəcəkdi. Filmləri videoya çəkən, sonra isə məhsulunu onlarla beynəlxalq festivala göndərən indiki cavanlara bütün bunlar o qədər də aydın deyil, o zaman isə məhsulunun geniş tamaşaçı auditoriyasına çatması üçün xeyli əziyyət çəkməliydin.

Televiziyanın baş rejissoru, 1991-ci ildən sonra isə bütün Azərbaycan Dövlət radio və televiziya komitəsinin də bədii rəhbəri olandan sonra Vasif Babayev «rəyasiləşmədi», iş yoldaşlarından uzaqlaşmadı. Əvvəlki tək həmkarlarına diqqət göstərir, ad almağa yardım edir, kateqoriya, maaş, qonorar artımına nail olurdu. Bir də, xeyli vaxt ayırdığı şagirdləri meydana gəlmişdi. İndi, milli televiziyanın qızıl fondunu təşkil edən ən müxtəlif respublika kanallarında çalışan və öz növbəsində gənclərə sevimli peşənin sirrlərini öyrədən onlardır. Vasif istedadı qiymətləndirir, yoldaşlarının uğuruna sevinirdi, belə ki, televiziyanı ürəkdən öz doğma evi hesab edirdi.

Azərbaycan xalqı üçün faciəvi olan 1990-cı ilin qanlı yanvarında Azərbaycan televiziyasının operatorları baş vermiş bütün dəhşətləri Vasif Babayev kimi insanların cəsarət və səyləri hesabına plyonkaya və videoya çəkə bilmişlər. Bu sırada ilk növbədə Ələkbər Muradov, Seyidağa Mövsümov, Nadir Zeynalov, Rəsul Babayev, İzzət Əzizov, Əlövsət Aslanov, Fikrət Qafarov, Adil Bünyətov və Namiq Şirəlibəyovu qeyd etmək lazımdır. Tezliklə isə, gecə yarısı Vasif Babayevin dalıyca «Alfa» qrupunun əsgərləri gəlir və o, «mitinqlərə çağırış və çəkilmiş materialların gizlədilməsi» ittihamı ilə saxlanılır. Onunla birlikdə tanınmış yazıçı və telejurnalist Rafiq Savalan və rejissor Azər Zamanlı da həbs edilir. Vasif özü başına gələn müsibətləri xatırlamağı sevmir, lakin mən hesab edirəm ki, məhz həmin günlər və aylar Azərbaycanın vətənpərvər rejissor, tele və kinooperatorları əsl igidlik göstəriblər, onların sayəsində Moskvanın xalqımıza qarşı etdiyi cinayəti susdurmaq mümkün olmayıb, belə ki, təkzibolunmaz sənədli dəlillər göz qabağında idi.

                                     *   *   *

Vasif Babayevə daha bir epitet uyğundur - «birinci». Məsələn, o, 1994-cü ildə Dövlətlərarası «Mir» teleradio şirkətinin Azərbaycan nümayəndəliyinin ilk direktoru, 1995-1999-cu illərdə bir sıra uğurlu layihələrlə tamaşaçıların yadında qalan ilk şəxsi telekanal «Sara TV»nin rəhbərlərindən biri olmuşdur. 2001-2007-ci illərdə Moskvada Rusiya TRK «İnter-Az »ın vitse-prezidenti vəzifəsində çalışmışdır.

Hələ 80-cı illərin sonunda tarixin «ağ ləkələri» doldurulduğu zaman, o, DTK arxivlərinə yol taparaq jurnalist Nadejda İsmayılovayla birlikdə ilk dəfə Stalin repressiyası illərində həlak olan Mikayıl Müşfiq və Salman Mümtaz, Ülvi Rəcəb və Abbas Mirzə Şərifzadə kimi görkəmli mədəniyyət xadimləri haqqında silsilə verilişlər hazırlamışdır. Bu verilişlər bu gün də öz bədii-estetik və tarixi qiymətini saxlayır.

Vasif Babayev üçün birinci yerdə həmişə iş olub, ümumiyyətlə onun bu əbədi məşğulluqda sevməyə və ailə qurmağa necə imkan tapdığına təəccüblənirəm. Amma, burada da sevimli peşəsi karına çatıb, çünki istəkli Afəti ilə elə orada, televiziyada, daha doğrusu, radioda tanış olub. Afət xanım ona qayğı və diqqətini əsirgəməmiş, Vasifə gözəl oğul və qız bəxş etmişdir. Yeri düşmüşkən, qızı atasının yolunu davam etdirərək Azərbaycanda və xaricdə tanınmış  jurnalist oldu.

Bu gün Azərbaycanın xalq artisti, bir çox mükafatların laureatı, Beynəlxalq televizya və radio akademiyasının həqiqi üzvi Vasif Babayev, təəssüf ki televiziyadan bir qəqər uzaq düşüb, həm də öz təqsiri üzündən yox. Heyif... Onun çox böyük təcrübəsi və biliyi, onun peşəkarlığı formalaşma mərhələsində olan və hələ, o cümlədən həm də yaradıcı xarakterli çoxlu problemlər girdabında olan ölkənin cavan telekanalları üçün çox gərəklidir.

Hələlik isə Vasif Babayev, yaxınlarının onu əzizləyib çağırdıqları kimi, bizim «Vasya» öz memuarları üzərində işləyir, tez-tez mətbuatda çıxış edir, müasir teleefirin vəziyyəti barədə öz müşahidə və düşüncələrini bölüşür, zəngin arxivini saf-çürük edir.

Biz öz həmkarımız və dostumuza yarım əsrdən artıq vicdanla və sədaqətlə xidmət etdiyi peşəsinin şərəfinə elə həmin gənclik şövqü, həmin tükənməz enerji, yenə çoxlu xeyirxah işlər arzulayırıq. Səni təbrik edirik, əziz dostumuz!

Ramiz Axundov

kinorejissor, prezident təqaüdçüsü

 Elmira Axundova

Azərbaycanın əməkdar jurnalisti

«Exo» qəzeti

15 sentyabr 2010-cu il

 

26.02.2025