Mais Məmmədovun yüksək meyarı
Necə jurnalist olurlar? Ümumiyyətlə, belə gərgin və xeyli əsəb tələb edən bu peşəyə necə gəlirlər? Hələ desəm, gəlməkləriylə özlərini ucadan təsdiq edib həmişəlik bu peşədə qalırlar. 60-cı illərin ortalarında Politexnik İnstitutunun məzunu Mais Məmmədovun da Azərbaycan jurnalistikasına gəlişi məhz belə oldu.
Hələ erkən yaşlarında o, inşaatçı peşəsini seçsə də, öz ixtisası üzrə bir gün də işləmədi. Çünki bir-iki sanballı idman reportajı hazırlayandan sonra ştatdankənar müxbir kimi AzTV-yə dəvət olundu və qısa müddət ərzində rəhbərliyin diqqətini cəlb etdi. 1971-ci ildə televiziyada yeni yaradılan rus redaksiyasının kollektivini formalaşdırmaq və onun ilk baş redaktoru kimi çalışmaq məhz onu həvalə olundu. Artıq növbəti il Mais Məmmədova ümumittifaq ekranda Azərbaycanı təmsil etmək kimi çox məsuliyyətli və nüfuzlu bir sahə etibar edildi. Həmin illərdə, o dövrdə deyildiyi kimi, «mərkəzi mətbuat»ın xüsusi müxbirləri bizlərin, gənc jurnalistlərin gözündə az qala tanrı kimiydilər. Bu insanların respublikada nüfuzu və təsiri çox güclü idi. Belə böyük nüfuz və populyarlığa malik olan şəxslərdən biri də Mais Məmmədov idi. Mais müəllim Mərkəzi televiziyanın (1990-cı illərdə adı dəyişdirilərək bir müddət ORT kimi tanınan I kanal oldu) xüsusi müxbiri kimi iyirmi beş ildən artıq işlədi. Bu illər ərzində ölkə tamaşaçısının bütöv bir nəsli sözün əsl mənasında onun respublikanın ən müxtəlif sosial-iqtisadi və ictimai-mədəni həyatına işıq tutan reportajları ilə böyüdü.
İşıqlandırmağa çox şey var idi! Mais Məmmədovun Mərkəzi televiziyaya gəlişi o vaxtlar nəhəng ölkənin siyasət üfüqündə Heydər Əliyev adlı ulduzun parlamasıyla üst-üstə düşdü. Mais müəllim Heydər Əliyev Moskvaya dəvət alanacan düz on il bu dahi insanın sadiq silahdaşı kimi rayon və bölgə iclaslarında iştirak edərək, istidə, soyuqda sahə və tarlalarda, zavod və mədənlərdə onun yanında olaraq, rəhbərin təməlini qoyduğu işləri, bütün təşəbbüslərini ittifaq auditoriyasına çatdırırdı. Onun tamaşaçıları olan bizlərsə SSRİ-nin hüdudsuz ərazisində səlahiyyətli nümayəndəmiz, təbliğatçımız qismində çıxış edən Mais müəllimin bu asta, belə doğma və artıq öz evimizdəki kimi hiss etdiyimiz səsinə, eyni zamanda həm dolğun, həm də yığcam olan səviyyəli, peşəkarcasına hazırlanmış reportajlarına öyrəşmişdik. Sonralar «Svoboda» radiostansiyasında çalışdığım dövrlərdə Azərbaycan jurnalistikasında operativ informasiyanın bayraqdarı hesab olunan Mais Məmmədovun təcrübə və məsləhətləri çox karıma gəldi.
* * *
Sonralar vahid ölkə parçalandı və Dağlıq Qarabağ ətrafında Qarabağ separatçılarının həyasız ideoloqlar xoru tərəfindən məharətlə idarə olunan dramatik hadisələr başlandı. Həmin dönəmlərdə, 80-ci illərin sonlarında Sovet İttifaqının kütləvi informasiya vasitələrində erməni separatçılara «yazığı gələnlər», onlara «züy tutanlar» da az olmadı. Həmin dönəmlərdə bizim Mərkəzi KİV-lərdə çalışan xüsusi müxbirlərimiz üçün də çətin idi. Bəziləri dözməyib sındı və ərizə yazaraq «öz xahişiylə» postunu tərk etdi. Xoşbəxtlikdən Mais dözdü, dişini dişinə sıxıb işinə davam etdi. Ona görə «xoşbəxtlikdən» deyirəm ki, məhz onun nüfuzu və Mərkəzi televiziyada uzunillik təcrübəsi sayəsində ümumittifaq və xarici tamaşaçı külə döndərilmiş Azərbaycan kəndlərinin faciəsindən, Azərbaycanda qatarların və avtobusların partladılmasından, Xocalı soyqırımından xəbər tutdu. Mais öz operatoru Nadir Zeynalov və əvəzsiz telejurnalist Çingiz Mustafayevlə birlikdə erməni faşistlərinin dinc Xocalı əhalisini kütləvi qətlə yetirildiyi yerə ilk gələnlərdən olaraq bunu efirə verməyə müəssər oldu. Qarabağ haqqında açıq, obyektiv məlumatı Moskva efirindən keçirməyin nə qədər çətin olduğunu bizlər, onun xüsusi müxbir kimi çalışan həmkarları yaxşı bilirik.
Həmin o ağır illərdə Mais demək olar, bütün cəbhə boyu gəzərək, döyüşçülərimizlə birgə hücuma da atılıb ki, separatçıların bizim ərazilərdə apardıqları ədalətsiz müharibənin görüntülərini tarixin yaddaşına köçürə bilsin. Bu müharibə Maisin ürəyində heç vaxt qaysaq bağlamayacaq yara qoydu, canı isə şəkərli diabetin ağır forması kimi müalicəsi olmayan, əzabverici xəstəlik tapdı.
* * *
…Mais Məmmədovu ümummilli liderimiz Heydər Əliyevlə xüsusi münasibətlər bağlayır. Heydər Əliyev Moskvadan qayıdıb Naxçıvana gedəndən sonra onların münasibətləri yenidən bərpa olundu. Ayaz Mütəllibovun narazılığına baxmayaraq Mais və Nadir Zeynalov ara-sıra Naxçıvana uçur, blokadada olan muxtar respublikanın həyatını, orda Heydər Əliyevin təşəbbüsüylə baş verən əlamətdar hadisələri işıqlandırırdılar. Heydər Əliyevin dəvətiylə Mais müəllim hətta onunla İrana getmiş və İran İslam Respublikasının liderlərinin bu kiçik muxtar respublikanın rəhbərini necə hörmətlə, təmtəraqla, yüksək səviyyədə qarşıladıqlarının şahidi olmuşdu.
Bu hadisəni sonralar Mais müəllim özü belə xatırlayırdı:
«Bir gün Heydər Əliyev mənə evə zəng etdi:
– Sabah yanımda ol, – dedi. – Telefonda açıqlamaq istəmirəm, amma özünlə xarici pasportunu da götür.
Mən gəldim. Məlum oldu ki, İrana uçuruq. Özü də elə-belə yox, İran tərəfi Heydər Əliyev üçün «Boinq» göndərib. Balaca, rahat təyyarə. Üstəlik, biz ora çatanda iranlılar Heydər Əliyevi başqa bir dövlətin başçısı kimi bayraqlarla, hərbi paradla, xüsusi, nümayişkaranə bir hörmətlə qarşılayacaq. Axı onlar Bakı rəhbərliyinin bir günlük xəlifəliyini, gələcəyi Heydər Əliyevlə bağlamağın vacibliyini yaxşı anlayırdılar. İran rəhbərliyi həm də o vaxtlar Naxçıvana çox köməklik göstərirdi. Məgər bunları unutmaqmı olar? Biz bunları lentə alan yeganə jurnalistlər idik. Mən bu materialı «Zaman» verilişində efirə verəndə Bakıda hamı çaşıb qaldı ki, bir gör Naxçıvan Ali Məclisinin sədrini İranda necə qarşılayırlar!
Heydər Əliyev İranda özünü necə də ləyaqətlə apardı! Mən ona baxır və düşünürdüm: «İlahi, kaş o, ölkə rəhbərliyinə tez bir zamanda qayıtsın».
Geriyə uçanda özümü saxlaya bilməyib dedim: «Heydər Əliyeviç, Bakıya tez gəlin». O, gülüb soruşdu:
- Sən dəvət edirsən?
- Dəvət edirəm nədi, siz orda lazımsız…
- Orda idarə edən var…».
Az sonra Heydər Əliyevin Bakıya zəfər qayıdışı baş verdi və ORT-nin xüsusi müxbiri Mais Məmmədov yenidən demək olar ki həmişə onun yanındaydı - Gəncədə qiyamçı polkovniklə danışıqlarda da, ön cəbhədəki səngərlərdə də, xaricdə dünyanın nüfuzlu siyasətçilərinin ofislərində də.
* * *
…1998-ci ildə Mais Məmmədov həyatının iyirmi altı ilini həsr etdiyi Mərkəzi televiziyadan getdi. Görəndə ki, əl-qolunu «bağlamaq», onu Azərbaycanın milli maraqlarına uyğun gəlməyən reportajlar hazırlamağa məcbur etmək istəyirlər, çıxıb getməyi üstün tutdu. Çünki milli maraqları o, həmişə hər şeydən yüksək bilib.
Əlbəttə, işsiz də qalmadı. Belə ki, artıq bu müddət ərzində o, ölkə telejurnalistikasının metri kimi qəbul olunurdu. Sıfırdan ölkənin müstəqil televiziyasını yaratmağa başlamış gənc azərbaycanlı jurnalistlərin onun zəmanətinə və məsləhətinə ehtiyacları var idi. Beləcə, Mais müəllim ANS teleradio şirkətinin rəhbərliyində təmsil olunaraq, öz həmkarlarıyla birlikdə eyni sədaqət və məsuliyyətlə Azərbaycan müstəqil jurnalistikasının binasının dayaqlarını qurub möhkəmləndirməyə başladı. Mais Məmmədovun nüfuzu «ansçilər» üçün birmənalıdı. Özüm də buna dəfələrlə şahidlik etmişəm. Və bunun səbəbi yalnız böyük təcrübə və yaş həddiylə ölçülmür. Gənc jurnalistlər Ustada onun xarakterindəki gözəl xüsusiyyətlərə - xeyirxahlığa, başqalarının səhvini bağışlamaq bacarığına, digərlərinin uğurlarına qarşı içində qəti həsəd hissi olmadığına, həmişə, hər yerdə hamıya önəmli sözüylə düzəliş verməyə, kömək etməyə hazır olduğuna görə hörmət edirlər.
Biz həm də nəhəng iradəsinə, Maisi demək olar ki, ayaqlarından məhrum etmiş ağır xəstəliyinə qarşı dözümünə görə, onunla qürur duyuruq. Mən Maisin həyatda özünə ən doğma adam hesab etdiyi Heydər Əliyevin xatirəsinə olan sonsuz məhəbbəti və hörməti haqqında çox danışa bilərəm. Onun Heydər Əliyevlə birgə çalışdığı illərlə bağlı xatirələri mənim çoxcildlik «Heydər Əliyev. Şəxsiyyət və Zaman» romanımın bəzəyi oldu.
Mais Məmmədov ölkədə baş verənlərə həmişə ayıq gözlə baxaraq, hadisələrin gedişatını obyektiv dəyərləndirə bilib. Və odur ki, bu gün o, onun nəzərincə, birmənalı olaraq İlham Əliyevin adyıla bağlanan respublikadakı siyasi sabitlik kursunu qətiyyətlə dəstəkləyir. 1990-cı illərin əvvəllərində, hakimiyyətdə siyasət diletantlarının meydan suladığı dönəmlərdə respublikanın nələrlə qarşılaşdığını o, yaxşı bilir və yaxşı xatırlayır.
Mais Məmmədovun dövlətin maraqları naminə bu cür sədaqətlə və ləyaqətlə xidmət etməsi ani sensasiya və şəxsi mənafeləri naminə ölkələri barədə istənilən iftiranı internetdə və ya sosial şəbəkələrdə yaymağa hazır olan bəzi gənc həmkarları üçün örnək ola bilər. Mais Məmmədovun nəsildaşları və məsləkdaşları belə hərəkətləri nə qəbul edə, nə də ağıllarına gətirə bilərdilər. Obyektivlik, vicdanlılıq, əxlaqlılıq - Mais Məmmədovun fəaliyyəti boyu rəhbər tutduğu mənəvi meyarlar bunlardan ibarət olub.
Beləliklə, məqalənin əvvəlində verdiyim, «jurnalistikaya necə gəlirlər və jurnalist necə olurlar» sualını həmkarımın taleyinin timsalında belə cavablandırardım: bu peşəyə müxtəlif yollarla gəlirlər, az-az adam bütün ömrünü burda keçirir, ad qazanmaq isə nadir insanlara nəsib olur.
Özümə dost hesab etmək şərəfinə nail olduğum Mais Məmmədov məhz bu nadirlərdən, bu seçilmişlərdəndi. Bəs onun jurnalistikadakı bu uzunömürlüyünün səbəbi nədədi? Səbəb çox sadədi: qərəzli və namərd olmamaq, bir üzlü olmaq və dövrün konyukturasının fərqinə varmadan əqidəni itirməmək.
Mais bu yüksək meyara sədaqətlə həyatının yetmiş beşinci ilinə gəlib çatıb və uduzmayıb. O, bu gün əksəriyyəti jurnalistika fakültələrində dərslik vəsaiti kimi istifadə edilməli olan öz televiziya süjetlərindən birinə görə də utanc hissi keçirə bilməz.
Ölkənin əməkdar jurnalisti, prezident təqaüdçüsü Mais Məmmədov bu günlər özünün gözəl yubileyini qeyd edir. Gəlin Mais müəllimi təbrik edək və hər şeydən öncə ona can sağlığı arzulayaq. Bu, onun üçün bu gün çox aktual məsələdi!
Özümə isə arzu edərdim ki, hələ uzun illər onun nömrəsini yığanda dəstəyin o başından bizim taleləri birləşdirən Jurnalistika adlı kələ-kötür yolla uzun məsafələr qət etdiyim bu doğma və əziz insanın səsini eşidim.
"Kaspiy" qəzeti,
13 iyul 2013 il
Tərcümə: Yaşar Əliyev