Ömür ləyaqətlə yaşananda...

about1

Əməkdar jurnalist Vasif Səmədovun 75 illik yubileyinə

"Gəlimli-gedimli dünya, Son ucu ölümlü dünya..." Əzəl başdan binası belə qoyulub dünyanın: bir gün gələn bir gün gedər. Amma hərə bir başqa cür: kimi 80-90 il yaşar, varlığının bir mahiyyət olmaz, nə bir xeyir əməl, nə bir faydalı iş qalar özündən sonra; kimi də qısa ömrünə saysız yaxşılıqlar, faydalı əməllər, gözəl dostluqlar, unudulmaz xatirələr sığdırar.

Bütün ömrünü vətəninə, millətinə, seçdiyi peşəsinə faydalı olmağa həsr edən, özündən sonra hələ illər boyunca danışılacaq xeyirli əməllərə imza atanlardan idi Vasif Səmədov. 74 illik ömründə Azərbaycan jurnalistikasının böyük bir dövrünü əhatə edə biləcək fəaliyyətə malik V.Səmədov eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında mühüm işlər görüb.

Yaşasaydı, bu gün 75 illik yubileyini qeyd edəcəkdi. Təəssüf ki, 2024-cü ilin aprel ayında xəstəlik səbəbindən gözlərini dünyaya əbədi yumdu. Ancaq onun adı Azərbaycan jurnalistika tarixində, xatirələri isə həmkarlarının, onu tanıyanların, yazılarını daimi izləyən oxucularının yaddaşında əbədi qaldı.

Vasif Həzərxan oğlu Səmədov 1950-ci il yanvarın 22-də Masallıda anadan olub. 1968-ci ildə Masallıda N.Nərimanov adına orta məktəbi bitirərək ali təhsil almaq üçün paytaxt Bakıya üz tutub. Burada ali məktəbə hazırlaşdığı dövrdə "Azərbaycan pioneri" qəzetində ştatdankənar müxbir kimi fəaliyyətə başlayıb. O, 1965-68-ci illərdə Masallıda dərc edilən "Çağırış" qəzetində, 1968-69-cu illərdə "Azərbaycan pioneri" və "Azərbaycan gəncləri" qəzetlərində çalışıb.

1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində (indiki "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC) redaktor vəzifəsinə təyin edilib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olub.

1977-ci ildə ali təhsilini başa vuran jurnalist zəngin peşə fəaliyyəti müddətində "Kommunist" (indiki "Xalq qəzeti") qəzetində, həmçinin, keçmiş SSRİ-nin "İzvestiya", "Oqonyok", "Literaturnaya qazeta" kimi tanınmış media orqanlarında çalışıb, "Oqonyok" jurnalının və "Literaturnaya qazeta"nın Mərkəzi Asiya və Qərbi Asiya ölkələri üzrə müxbir bürosunun müdiri, "Kaspian-İzvestiya" beynəlxalq informasiya agentliyinin təsisçisi və direktoru olub. 1991-95-ci illərdə Bakı şəhər sovetinin deputatı seçilib.

1996-cı ildə jurnalistikada göstərdiyi yaradıcılıq fəaliyyətinə görə "Oqonyok" jurnalının laureatı adına, eləcə də "Araz" ali ədəbi mükafatına, "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatlarına layiq görülüb. Kütləvi informasiya vasitələrində uzun müddət səmərəli fəaliyyətinə görə Əməkdar jurnalist fəxri adı ilə təltif olunub. Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi "Dünyanın 1000 nüfuzlu şəxsi" adlı biblioqrafik sorğu kitabında jurnalistika üzrə Azərbaycanı məhz V.Səmədov təmsil edib.

V.Səmədov "Vtorjenie", "Müdaxilə", "Təki vətən yaşasın", "Vətən üçün lazım gəlsə" kitablarının, beynəlxalq kütləvi informasiya vasitələri dərsliyinin müəllifi, habelə "Leyla Əliyeva: "Xocalıya ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)" üçcildliyinin həmmüəllifidir.

Üç oğul atası olan mərhum jurnalist həm də bir valideyn kimi dövlətimizə, millətimizə layiqli, savadlı övladlar bəxş edib. Siyasi elmlər üzrə fəlsəfə doktoru olan böyük oğlu Arif Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi, ortancıl oğlu Ramin Səmədov Moskva Polis Akademiyasının məzunu, kiçik oğlu Hikmət Səmədov isə Fövqəladə Hallar Nazirliyində katibliyin rəisidir.

Vasif Səmədov şəxsiyyətini daha yaxından tanımaq üçün qısa araşdırma və həmkarlarının, dostlarının xatirələri kifayət edir ki, peşəkar jurnalistdən əlavə, bir insanlıq nümunəsi ilə qarşı-qarşıya olduğumuzu anlayaq. Bu mənada BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, V.Səmədovun müəllimi olmuş professor Cahangir Məmmədlinin bir zamanlar ona həsr etdiyi oçerkində yer verdiyi xatirələr xüsusi önəm daşıyır: "Universitetin Jurnalistika fakültəsində Vasif Səmədovla görüş keçirilirdi. Tələbələrlə çox səmimi söhbət-dialoq vaxtı kamera yoxluğu ucbatından görüşün lentə alınmadığını hiss edən Vasif müəllim səhəri gün tələbələrə diktofon və videokamera göndərdi".

C.Məmmədli keçmiş tələbəsini "Azərbaycanın ağır gününə yanan, onun mənafelərini qoruyan vətəndaş" kimi şərh edir: "Vasif bir vaxtlar bitirdiyi universitetin jurnalist tələbələri ilə çox bağlı ziyalıdır. Tələbələr onun yanına işə düzəlmək üçün getməyə adət ediblər. Vasif istedadı olan tələbə-məzunların işə düzəlməyini kimdənsə, hansısa qəzetdən, telekanaldan xahiş etməyə, zəmanət verməyə heç vaxt simiclik etmir...

Vasifi beynəlxalq dünyaya bağlayan mənəvi tellər var. Bu mənəvi tellər sırasında xalqları barışdırmaq, xalqları bir-birinə yaxınlaşdırmaq cəhdləri daha güclüdür. Əsrin son illərinin jurnalistikasında xalqları bir-birinə düşmən edən dini ayrı-seçkiliyə çağıran mürtəce jurnalistikanın acığına Vasif daha intensiv işləyir.

Vasif gördüyü işləri gözə soxan, öz işi ilə öyünən, xüsusi ambisiyası, iddiası olan adam deyil. O, sakitcə, haysız-küysüz bir jurnalist işi görür..."

Mətbuat Şurasının sədri Rəşad Məcid deyir ki, Vasif Səmədov Rusiya mətbuatında çalışan jurnalistlərimiz içərisində öz sanbalı ilə seçilirdi: "Vasif müəllimi uzun illərdi tanıyırdım. O, vaxtilə "Oqonyok" jurnalında çalışarkən təmaslarımız olurdu. Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü kimi tədbirlərimizdə də fəal iştirak edirdi. Tez-tez əlaqə saxlayırdıq. Təəssüf ki, ötən il Vasif müəllimi itirdik. Allah ona rəhmət eləsin! Azərbaycan jurnalistikasının inkişafında bu cür əməyi, fəaliyyəti olan jurnalistlərə ehtiram bəsləmək bizim vəfa borcumuzdur".

Millət vəkili Anar İsgəndərovun sözlərinə görə, Vasif Səmədov təkcə jurnalist deyil, Azərbaycan mədəniyyəti, incəsənəti, kulinariyası ilə bağlı Moskvada ermənilərlə ciddi mübarizə aparan cəngavərlərdən idi: "Vasif müəllim ömrünü jurnalistikaya bağlayan ziyalılarımızdan biridir. "Oqonyok" jurnalı deyiləndə, Azərbaycanda birmənalı olaraq Vasif Səmədov xatırlanırdı. "Literaturnaya qazeta"da yayımlanan ən çətin, Azərbaycanın maraqlarını müdafiə edən materiallar Vasif Səmədovun imzası ilə bağlı idi. Yaxud Azərbaycan tərəfindən kimlər müraciət edirdisə, həmin materialların çap olunması üçün əlindən gələni edirdi. Onun bütün yazılarında Azərbaycan var idi. Hansı formada olursa olsun, erməni tərəfi ilə toqquşmalarda birmənalı olaraq qalib gəlirdi. Çünki onun sonsuz vətən sevgisi və zəngin mütaliəsi var idi. Ermənistanın Azərbaycana təcavüzündən sonra Vasif müəllim vətənpərvər ziyalı kimi bu istiqamətdə işlərini daha da artırdı. Həmmüəllifi olduğu "Leyla Əliyeva: "Xocalıya ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)" üçcildliyi isə bu istiqamətdə ən uğurlu işi idi.

Onun ən böyük uğurlarından biri də yeni jurnalist nəslinin yetişməsindəki xidmətləridir və bir pedaqoq kimi də kifayət qədər uğurlara imza atdı.

Bir ilə yaxındır, aramızdan ayrılmasına baxmayaraq, Vasif müəllimin əməlləri onu yaşadır və əminəm ki, bundan sonra da gənc nəsil, yeni jurnalistlər onun Vətənə olan məhəbbətini özlərinə örnək alacaq, bu ruhda fəaliyyət göstərəcəklər. Vasif müəllimin irsi isə əbədi yaşayacaq. Çünki o, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün hər şey etdi. Təsadüfi deyil ki, onun adı "Dünyanın 1000 nüfuzlu şəxsi" arasında yer alıb.

Vasif müəllimlə şəxsi tanışlığımız, gözəl münasibətimiz vardı. Onu hər zaman sonsuz ehtiram və dərin hörmətlə yad edirəm".

Xalq yazıçısı Elmira Axundova V.Səmədovu mərd, ləyaqətli və peşəkar həmkarı kimi xatırlayır: "1990-cı illərin əvvəllərində Vasif müəllimlə birlikdə Rusiya mətbuatında xüsusi müxbir kimi çalışırdıq. Bu, çox çətin illər idi. Çünki müstəqil jurnalistika təzə yaranırdı. Azərbaycan həqiqətlərini, Qarabağ problemlərini dilə gətirmək çox müşkül məsələ idi. Hər yerdə ermənilər yolumuzu kəsməyə çalışırdılar. Ancaq o, xüsusi müxbir kimi çox uğurlu fəaliyyət göstərirdi. Bütün səylərini, əlaqələrini Azərbaycan haqqında maraqlı materiallar çap etdirməyə yönəldirdi. Hətta iki dəfə "Oqonyok" jurnalının tamamilə Azərbaycana həsr olunmuş xüsusi buraxılışını çap etməyə nail oldu. Təbii ki, bu o vaxt üçün misilsiz qəhrəmanlıq idi və böyük əks-səda doğurmuşdu. Xatırlayıram ki, mərhum liderimiz Heydər Əliyev də bunu yüksək qiymətləndirmişdi.

Prezident Heydər Əliyevin rəsmi səfərləri zamanı Vasif müəllimlə birgə yol yoldaşı olmuşuq. Çox mülayim, sakit, həsəd hissindən uzaq bir insan idi. Öz işini çox sevirdi. Sonralar həmkar kimi yollarımız ayrılsa da, əlaqələrimiz itmədi, ara-sıra əlaqə saxlayar, özəl günlərdə bir-birimizi təbrik edərdik.

Vasif Səmədov çox dəyərli insan idi və dəyərli həyat yaşadı. Ömrünü ləyaqətlə, mərdliklə keçirdi. Azərbaycan jurnalistikasında silinməz iz qoydu. Fəxr edirəm ki, onunla eyni rayondanıq. Bu gün Masallıda da onun xeyirxah əməllərinin şahidi olan, bu əməllərdən danışan insanlar var. Hələ çox işlər görə bilərdi. Heyif ki, xəstəlik ona çox yaşamağa imkan vermədi. Allah rəhmət eləsin".

Araşdırmaçı jurnalist, ssenarist, mərhum jurnalistin həmyerlisi Cəfər Cəfərov deyir ki, Vasif Səmədovun ömür yolu bir örnəkdir: "Beynəlxalq jurnalistikanın azərbaycanlı təmsilçisi kimi özünəməxsus yeri və çəkisi olan Vasif Səmədov informasiya blokadasını qıran, Qarabağ həqiqətlərini dünyaya yayan ilk jurnalistlərimizdəndir.

Sevinirəm ki, peşəkar jurnalist Vasif Səmədovdan müsahibə götürmək mənə nəsib olub. Ümummilli liderin 100 illik yubileyi ərəfəsində birlikdə "Heydər Əliyev və Masallı" sənədli filmi üzərində işləmişik. İdeya və ssenari müəllifi mən olduğum ekran əsərinin məsləhətçisi Vasif müəllim idi.

Vasif müəllimi bir jurnalist kimi xalqa sevdirən onun vətənpərvərliyi, milli ləyaqəti, torpaq təəssübkeşliyidirsə, bir şəxsiyyət kimi fərqləndirən, hörmət və rəğbət doğuran isə fərdi xüsusiyyətləri, insani keyfiyyətləridir. O, sədaqətli dost, ədalətli müəllim, nəfsinə sahib Allah adamı, sözübütöv, mərhəmətli, prinsipial və xeyirxah insan idi.

Müdriklik zirvəsini fəth edən ləyaqətli vətəndaş, peşəkar jurnalist, hər zaman milli-mənəvi dəyərlərə sadiq ziyalı Vasif Səmədova Allahdan rəhmət diləyirəm".

"525-ci qəzet", 22 yanvar 2025-ci il.

22.01.2025