Mətbuat Şurası İXM-də media fəaliyyəti ilə bağlı dəyişikliyi şərh edib

about1

Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu sözügedən məcəllənin “Media haqqında” Qanuna uyğunlaşdırılması məqsədi daşımaqla, həm də qanunvericiliyin media fəaliyyəti ilə bağlı hissələrini təkmilləşdirir. Burada müəyən formal prosedurlar da var, vacib məqamlar da. Birinci ilə bağlı müxtəlif maddələrdəki “kütləvi informasiya vasitələri” sözünün “media”, “mətbuatın və digər kütləvi informasiya vasitələrinin” sözlərinin “media subyektlərinin”, habelə 533-1-ci maddənin adındakı və mətnindəki “Kütləvi informasiya vasitələrində” sözlərinin “Media məhsullarında” sözləri ilə əvəzlənməsi vurğulanmalıdır.

Başlıca məqam İXM-nin 381-ci maddəsindəki Media haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyətdir. Belə ki, 381.1-ci maddəyə görə media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimələnəcəklər. 381.2-ci maddə üzrə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.

İXM-nin yeni redaksiyasına əsasən 381.3-ci maddə üzrə nəzərdə tutulmuş qanunla müəyyənləşdirilmiş hallardan başqa, media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcəkdir.

İXM-nin 381.4-cü maddəsinə dəyişiklikdə isə media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşmiş qaydalarının pozulmasına görə məsuliyyət müəyyənləşəcək ki, bu, vəzifəli şəxslər üçün üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər üçün isə min manatdan min beş yüz manatadək məbləğdə cərimə deməkdir.

İXM-nin 381.5-ci maddəsinin yeni redaksiyası audiovizual media subyektləri tərəfindən yayımlanmış materialların saxlanılmasının “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşmiş qaydalarının pozulmasına görə məsuliyyəti müəyyənləşdirir. Bu, vəzifəli şəxslər üçün beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üçün isə min manatdan min beş yüz manatadək məbləğdə cərimənin tətbiqi ilə bağlıdır.

Yeni dəyişikliyə əsasən İXM-nin 381.6-ci maddəsi audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslər üçün iki min beş yüz manatdan üç min beş yüz manatadək, hüquqi şəxslər üçün səkkiz min manatdan on min manatadək məbləğdə cərimə müəyyənləşdirir.

İXM-nin 381.7-ci maddəsinə dəyişiklik plagiat faktına görə məsuliyyət müəyyənləşdirməkdədir. Belə ki, proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa, digər audiovizual yayımçıların həmin proqramı yayımlamasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimələnəcəklər. 381.8-ci maddə yayımın müvəqqəti dayandırılması barədə məlumatın yayımın dayandırıldığı müddət ərzində audiovizual yayımçının televiziya və (və ya) radio kanalında yayımlanmamasına, yaxud yayımın dayandırılmasına və ya digər məsuliyyət tədbirinin tətbiqinə səbəb olmuş audiovizual proqramın audiovizual yayımçının veb-saytından və həmin proqramın yayımlandığı videopaylaşım platformalarından çıxarılmamasına görə məsuliyyətlə bağlıdır. Bu maddə üzrə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər iki min manatdan dörd min manatadək məbləğdə cərimələnəcəklər.

İXM-də audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Azərbaycan Respublikası Audiovizual Şurasının razılığı olmadan dəyişdirilməsinə görə də məsuliyyət nəzərdə tutulur. Sənədin 381.9-ci maddəsi də yeni redaksiyada təqdim olunur ki, burada qeyd edilən pozuntu faktına görə vəzifəli şəxslərin dörd yüz manatdan altı yüz manatadək, hüquqi şəxslərin isə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimələnmələri təsdiqlənib.

İXM-dəki daha bir dəyişikliyə görə, dövlət büdcəsindən maliyyələşən audiovizual yayımçılar (sifarişli yayım xidməti istisna olmaqla) tərəfindən auditoriya həcminin reytinq ölçən təşkilat vasitəsilə müəyyənləşdirilməsinin təmin edilməməsinə görə də məsuliyyət müəyyənləşdirilib. Bu, sənədin 381.10-ci maddəsində nəzərdə tutulub. Belə ki, sözügedən əməlin törədilməsi səbəbindən vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər iki min manatdan dörd min manatadək məbləğdə cərimələnəcəklər.

İXM-nin 381.11-ci maddəsi audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə məsuliyyəti əhatə edir. Bununla bağlı vəzifəli şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslərin beş min manatdan səkkiz min manatadək məbləğdə cərimələnmələri nəzərdə tutulur.

Sənədə əsasən media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimələnəcəklər ki, bu, məcəllənin 381.12-ci maddəsinin tələbi olaraq meydana çıxmaqdadır.

İXM-nin 381.13-cü maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə cərimə məbləğlərini müəyyən edir. Belə ki, qeyd edilən əmələ görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimələnəcəklər.

İXM-də platforma və ya multipleks operatorunun fəaliyyətinin Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən monitorinqinin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququnun təmin edilməməsinə görə məsuliyyət də nəzərdə tutulub. Sənədin 381.14-ci maddəsinə əsasən bununla əlaqədar olaraq vəzifəli şəxslərin iki min manatdan iki min beş yüz manatadək, hüquqi şəxslərin beş min manatdan səkkiz min manatadək məbləğdə cərimələnmələri üzərində dayanılıb.

İXM-dəki vacib yeniliklərdən biri də sənədin 388-ci madəsinə edilmiş dəyişiklikdir. Bu dəyişiklik media azadlığından və jurnalist hüququndan sui-istifadə ilə əlaqədardır. Belə ki, media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadəyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və ya informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə cərimə halı yaranacaqdır. Bu baxımdan fiziki şəxslər üçün iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər isə iki min manatdan üç min manatadək məbləğdə cərimələnəcəklər.

Son dəyişikliyə görə, həmçinin, İXM-nin 382–385-ci və 387-ci maddələr ləğv edilir.

25.04.2023