Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

about1

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını açan MŞ sədri Rəşad Məcid gündəlikdə dayanan məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

***

İclasda əvvəlcə Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı xarici təşkilatlara, jurnalist və hüquq-müdafiə assosiasiyalarına məktubu, həmçinin, həmin məktuba cavab olaraq Şuranın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciət müzakirə olunub (müzakirənin geniş məzmunu bu linkdə https://presscouncil.az/az/news/663 ).

MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun sözügedən müraciətinin rus və ingilis dillərində olmaqla, dünyanın bir çox aparıcı qurumlarına və onların rəhbər şəxslərinə göndərildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Şuranın sənədində RJİ-nin “Sputnik Azərbaycan”la əlaqədar durumu söz azadlığının pozulması kimi təqdim etməsinin yolverilməzliyi əsaslandırılıb.

***

İclasda müzakirəyə çıxarılmış ikinci məsələ Mətbuat Şurasının milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı gördüyü işlər olub. Sədr Rəşad Məcid bildirib ki, Şura “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Prezident Sərəncamını və Nazirlər Kabinetinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 aprel tarixli 567 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Sərəncamını əsas götürərək iki təşəbbüs irəli sürüb.

Bunlardan birincisi elekton və çap formatında “150 illik Azərbaycan mətbuatı” biblioqrafik məlumat kitabının nəşridir. Kitabda Azərbaycanda 150 il müddətində işıq üzü görmüş qəzet və jurnalların ilk sayları, ideya istiqamətləri, ölçü və tirajları, loqoları, redaksiyaların tərkibi, ünvanları, eləcə də onlar haqqında digər yığcam məlumatların toplanılması, çapı və PDF formatda hazırlanması nəzərdə tutulur. Bunun ücün tərkibi mütəxəssislərdən ibarət İşçi qrupu yaradılacaq. Nəşrin yüksək səviyyədə çapı həyata keçiriləcək.

Mətbuat Şurasının ikinci təşəbbüsü isə “Əkinçi”nin 50 illiyinə həsr edilmiş kitabın nəşridir. R.Məcid bildirib ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Rəyasət Heyəti 1925-ci il martın 16-da “İlk türk qəzetinin 50 illiyi haqqında” qərar  çıxarıb. Həmin ilin sentyabrında isə Azərbaycan Xalq Komissarları Şurası da yubileyin keçirilməsi ilə bağlı xüsusi qərar verib, yubiley komissiyası yaradıb. Komissiyaya türk mətbuatının tarixinin öyrənilməsi və Bakıda sərgi təşkili üçün Moskva, Sankt-Peterburq və Tiflis arxivlərində saxlanılan qəzetlərin nüsxələrini toplamaq tapşırılıb. Komissiya üzvləri həmin şəhərlərdə axtarışlar aparıb, Azərbaycan mətbuatının tarixi üçün bu gün də əhəmiyyətini itirməyən sənədlər toplayıblar. MŞ sədri sadalanan təşəbbüslərin həyata keçirilməsi üçün müvafiq müraciətin edildiyini və müsbət cavabın alındığını da diqqətə çatdırıb və tez bir zamanda işlərin görülməsinə başlanılacağını vurğulayıb.

***

İclasda Şuranın İdarə Heyətinin ötən iclasdan indiyədək gördüyü işlərə dair məlumatı dinlənilib. Sədr R.Məcid bildirib ki, MŞ hesabat müddətində 4 toplantı təşkil edib. Şuranın Sosial Media ilə Əlaqələr Komissiyası “Reklam haqqında” qanuna dəyişikliyə dair şərhini yayımlayıb, həmçinin, Gəncədə yeniyetmənin ölüm hadisəsi ətrafında müşahidə edilən informasiya manipulyasiyasına reaksiya verib, tövsiyələrini çatdırıb.

Mayın 30-da Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” keçirildi. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü ilə keçirilmiş toplantının təşkilatçılarından biri də Mətbuat Şurası olub.

Azərbaycan Mətbuat Şurasının “Veysəloğlu” Şirkətlər Qrupu və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə media subyektləri (qəzet, jurnal, informasiya agentliyi, internet resursları, televiziya və radio) arasında elan olunmuş “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb. Şuranın “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə müsabiqəsi üzrə qaliblərin adları isə tezliklə açıqlanacaq.

R.Məcid məlumatında həmçinin bildirib ki, Şuranın İdarə Heyətinin üzvləri ölkəmizdə və xaricdə düzənlənmiş toplantılarda iştirak edərək fəallıq göstəriblər. Bununla yanaşı, Mətbuat Şurasının təmsilçiləri Baş Prokurorluğun “Konstitusiya və suverenlik İli” çərçivəsində respublikamızın müxtəlif bölgələrində keçirilmiş tədbirlərə qatılıblar.

İclasda MŞ-nin Katibliyi tərəfindən Şuraya daxil olmuş şikayətlərlə bağlı məlumat verilib. Bildirilib ki, Katiblik ötən müddətdə quruma ünvanlanmış 4 şikayət əsasında tərəflərlə əlaqə saxlayıb, yaranmış narazılıqların həllinə, anlaşmanın əldə edilməsinə nail olub.

***

İclasda məlumat verilib ki, iyulun 18-də MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin 65 yaşı tamam olur. Bildirilib ki, A.Quliyev həm jurnalist, həm də ictimai xadim kimi ölkəmizin ictimai həyatının zənginləşməsinə mühüm töhfələr verib. Onun müstəqil medianın formalaşmasında əməyi böyükdür. Qurucusu olduğu “Bakı xəbər” qəzeti də müstəqil medianın ön sıralarında yer alan peşəkar yaradıcılıq nümunəsidir. Belə bir nümunənin meydanda olması, rəqabətə davamlılığı A.Quliyevin jurnalistikaya hədsiz bağlılığının, təşəbbüskarlığının, yüksək təşkilatçılığının və prinsipiallığının nəticəsidir. R.Məcid bütün bunların əsas götürülərək, A.Quliyevin MŞ-nin diplomuna layiq görüldüyünü bildirib və diplom plaketini yubilyara təqdim edib. A.Quliyev xoş sözlərə və fəaliyyətinə verilən yüksək dəyərə görə həmkarlarına təşəkkürünü bildirib.

14.07.2025