İkinci Səudiyyə Media Forumunda diqqətimi nə(lər) çəkdi?.. - Mətbuat Şurasının sədr müavininin yazısı

about1

Ərəb mediasında qadın faktoru: Teokratik və mühafizəkar ərəb ölkəsi kimi tanıdığım Səudiyyə Ərəbistanında son illər qadağaların yumşaldılması fonunda qadınların sürətlə fəallaşması, ictimailəşməsi və sosiallaşması Şərqdə gender inqilabı kimidir.

Ölkədə oxumuş və xüsusilə Qərbdə təhsil almış gənc qadınların sayının artması bu gün Səudiyyədəki inanılmaz dəyişiklərdə ən gözəçarpan amillərdəndir. Nazirlərdən biri çıxışında dedi ki, 4-5 il əvvələdək bizim qurumda 8 nəfər qadın vardısa, indi onların sayı 300 nəfərdir...

İkinci Səudiyyə Media Forumunun iştirakçılarının da yarısı qadınlar, tədbiri işıqlandıran jurnalistlərin böyük bir hissəsi gənc qızlar idi. Telekanalların reportaj hazırladığı, canlı bağlantıya çıxdığı məkanda bir neçə dəfə dövrə vurdum və mənə elə gəldi ki, Səudiyyədə də telejurnalistika bizdəki kimi “qadın peşəsı” olmağa başlayıb. Hətta panellərdən biri “Qadın liderliyi” adlanırdı.

Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman bin Əbdüləzizin media üzrə köməkçisi də qadındır. Nazir köməkçisini tərifləyib bütün audioriyaya təqdim edəndə çox peşəkar və operativ mütəxəssis olduğunu, dünyada baş verənlərdən o xanımın sayəsində ən geci 5 dəqiqə sonra xəbər tutduğunu dedi.

Açıqlıq və şəffaflıq: Qadınların hakimiyyət idarəetməsində irəli çəkilməsilə bağlı dediklərindən əlavə, şahzadənin cəmiyyətlə açıq ünsiyyətə maraq göstərməsinə dair mesajları da Səudiyyənin yeni dövr siyasətinin uğuruna dəlalət edən amil kimi forumda ən çox yadımda qalan nüanslardan idi. O, tənqiddən çəkinmədiklərini, sağlam tənqidin cəmiyyətdəki və ölkədəki zəif nöqtələri göstərdiyini dilə gətirərək onu da əlavə etdi ki, medianln tənqidi yanaşması həmin nöqtələri görməkdə və həll etmkdə onlara yardımçı olur. Yaxın Şərqin ən böyük, Asiya qitəsinin beşinci, dünyanın isə 12-ci ən böyük ölkəsi sayılan, monarxiya üsul-idarəçiliyinin hökm sürdüyü, son illərədək sərt, mühafizəkar qaydaların hakim olduğu Səudiyyə Ərəbistanı Krallığı kimi bir dövlətin kral ailəsi üzvünün belə bir mesaj səsləndirməsi, fikrimcə, o deməkdir ki, hakimiyyət mediaya yanaşma tərzini dəyişməklə həm də cəmiyyətlə münasibətinin forma və məzmununa yenidən baxır, bu baxış isə bütövlükdə ölkənin dünyaya açılımını təmin edir. Səudiyyədə media indiyədək çərçivələr daxilində, peşəkar məhdudiyyətlər içərisində fəaliyyət göstərən, xəbərlər verməklə kifayətlənən kütləvi informasiya vasitələrindən ibarət olub və jurnalistikanın digər janrları o qədər də inkişaf etməyib. Son 5 ildə isə ölkədə kompleks şəkildə həyata keçirilən yeni strategiyanın reallaşdırılması jurnalistikanın da böyük sürətlə müasirləşməsi və qərbləşməsi ilə müşayiət olunur. Forumun yekununda ölkənin məxsusi fərqlənən jurnalistlərinin və araşdırmaçılarının təltif olunması mərasimində mükafatlandırılan peşəkarlar müxtəlif janrlarda qazandıqları uğurlara görə seçilmişdilər. Və onlardan bir neçə nəfəri qadın idi.

Varlığa nə darlıq: Hamı bilir, Səudiyyə Ərəbistanı zəngin dövlətdir. Bu maddi fərahlıq ölkə mediasının texnoloji imkanlarının genişliyində, rəqəmsallaşma sürətində, ən son model avadanlıqdan istifadə olunmasında da özünü göstərir. Texnologiya sənayesinin inkişafı və yenilikləri forumun təşkilinin hər detalında görünürdü. Səudiyyə Ərəbistanı dövləti rəqəmsal dünyanın bütün trendləri ilə ayaqlaşır. Bu yenilikləri media sahəsində fəal şəkildə tətbiq etməyin müasir, praktiki yollarını tapmaq üçün tədbirə də Qərbdən xeyli peşəkar ekspert dəvət olunmuşdu.

Forumun mövzularından biri də süni intellektin mediaya tətbiqi ilə bağlı idi. Media sahəsində, xüsusilə audivizual kontent yaradıcığında çox əhəmiyətli töhfələri olan süni zəka hətta bəzi janrlarda “robot jurnalistikası”nın inkişafına təkan verə bilər. Səudiyyə Ərəbistanı Yayım İdarəsinin baş direktoru Mohammad Əl-Harti dövlətin bu sahədəki yanaşmasından danışarkən dedi ki, jurnalistlər texnologiyaların inkişaf tempinə və yeniliklərə uyğunlaşmalıdırlar.

Media adamı: Diqqətimi çəkən məqamlarından biri də forum iştirakçılarından bəzilərinin təqdimatı zamanı işlədilən “media person” ifadəsi oldu. Uzun-uzadı vəzifə, fəxri ad və sairə yox, bir kəlmə ilə “media adamı”. Bu ifadə xüsusilə medianın bir neçə sahəsində çalışmış, nüfuzlu, tanınmış, sözünün çəkisi olan, fikir söyləməyə haqqı çatan insanlarla bağlı işlədilir. Yəni hansısa media strukturunun rəhbəri olmayan “iti qələmli” köşə yazarı da “media adamı”dır və o, cəmiyyət üçün tutduğu vəzifə ilə yox, sözü, fəaliyyəti, yazıb-yaratdığı ilə faydalıdır. “Media adamı” həm yazardır, həm analitikdir, həm ekspertdir, həm tənqidçidir, həm də cəmiyyətdə fikir lideridir.

...30 ölkədən 1500 nəfərin iştirakı, 50-dən çox aktual mövzunun müzakirəsi ilə keçirilən İkinci Səudiyyə Media Forumu göstərdi ki, ərəb mediası “qapalı dairə” deyil, dünya mediasının bir hissəsidir. Forumdakı müzakirələrdən bir də bu qənaət hasil oldu ki, bu gün bütün dünyanı düşündürən məsələlər - feyk xəbərlərin yaratdığı çətinliklər, sosial medianın ənənəvi mediaya basqısı və bundan doğan problemlər, sosial şəbəkələrin cəmiyyətin fikrinin yönləndirilməsindəki rolu, robot jurnalistikasının inkişafı və digər istiqamətlər hər bir dövlətin ciddi yanaşmalar ortaya qoymasını zərurətə çevirib.

Mənbə: "525-ci qəzet"

24.02.2023